Свобода людям, независимость нациям!

Markesin “Patriarx”ı və ya Öcalandan da böyük?..

Doğrusu, lap əvvəldən də təxmin edirdik ki, Bakıda erməni sepratçılarına qarşı qurulan məhkəmə, xüsusən də hökmlər elan olunmağa başlayanda müəyyən səs-küyə səbəb olacaq: özü də məsələ təkcə Vardanyanın böyük pullarında və əlaqələrində də deyil, mühakimə olunan digər ermənilər də çox təəssüf ki, heç də arxasız-kimsəsiz deyil, bunların ən böyük arxası-dayağı elə böyrümüzdəki Moskva, Kremldir.

Hətta mənə elə gəlir, Rusiya kəşfiyyatı, necə deyərlər, izləri itirmək üçün bunu başqa ölkələrin və təşkilatların da əlilə edə bilər və edirlər.

Belədəsə, ermənilərin özlərinin də şəbəkəsi çox böyükdür. Bakı ilə İrəvan arasında gedən yaxınlaşma heç də hamısının ürəyincə deyil, heç də hamısı Paşinyanı sevmir: adam yüz illərlə qurulmuş-formalaşmış, min ünvana bağlı olan erməni kilsəsinin da “quyruğunu tapdayıb”, ən əsası isə, bir neçə aydan sonra Ermənistanda seçki olacaq və Kreml aranı qarışdırmaqçün min cür oyun çıxaracaq, tanımadığımız - görmədiyimiz adamlar peyda olacaqlar erməni siyasətində.

Bunlar bizimçün “sürpriz” olmamalıdır. Əlbəttə, guya ortada ən əsas problem separatçılar üçün qurulan məhkəmədir. Olsun! Bilirsiniz, bunları düşünəndə yadıma nə düşdü? PKK lideri Öcalan! Türkiyəyə buna görə azmı təzyiqlər oldu? Yox, təzyiqlər hələ də davam edir. O səbəbdən təmkinimizi itirməyək. Hətta Avropanın müxətlif hökumətləri, təşkilatları (əsasən də solçular!) bu gün də Öcalan mövzusu ətrafında spekulyasiyalarını qurmaqda davam edirlər. Bakıda mühakimə olunan erməni sepraratçıları ilə bağlı da belə olacaq. Ona görə də təmkinli və ən əsası da tədbirlı olmalı, qardaş Türkiyədən nümunə götürməli və lazım gələndə onun kimi hərəkət erməliyik.

Əsas bir məsələni biməliyik. Real təhlükə birinci növbədə Rusiyadan gələ bilər. Doğrusu, Avropaya-filana, hətta Fransaya görə çox narahat deyilik: müxtəlif qurumlar-təsisatlar “bəyanat”lar verə, nə bilim, erməni seprataçılarının hətta azad olunmasını “təlab edə” bilərlər. Amma inanmıram, proses bundan artığına getsin.

Düzdür, indi ABŞ-la Avropa arasında ciddi soyuqluq yaşanır, amma hələ vəziyyət belədir ki, Avropa Rusiyadan daha çox distansiya saxlamağa cəhd edir, nəinki ABŞ. Vaşinqtona gələndə, bu ölkəylə Bakı və İrəvan arasında indi heç vaxt olmayan anlaşma yaranıb və bundan heç olmasa, 3 illiyə faydalanmağa cəhd etməliyik; qarşıda üç ilimiz var!

Həm də siyasətin də ətaləti olur. ABŞ-ın Cənubi Qafqazdakı “rişələri”, necə deyər, dərinə getsə, sonrakı hakimiyyətlər də bununla hesablaşmalı olacaq, dəyişməyə çalışmayacaq. Amma olacaqmı? Realdırmı?

Tramp cənablarının Sülh Şurası təşəbbüsünə perpektivlı təşəbbüs kimi baxmaq lazım deyil, məncə, Trampdan sonra heç kimə lazım olmayacaq və onda da Şuraya o, başşçılıq etmək fikrinə düşsə, ən yaxşı halda, Valday klubu kimi şey olacaq (dünyada nə qədər klublar var!). Ona görə də çalışaq ki, üç ildə heç olmasa, Zəngəzur məsələsini həll edək...

Bir daha deyirik ki, “külək” hələ Şimaldan gələ bilər. Hətta bir dəfə Öcalan haqqında oxumuşdum ki, adam hələ sovet vaxtı KQB tərəfindən “verbovka” olunubmuş. Elə sonrakı dövrlərdə də ona daha çöx dəstək verən, oxuduqlarıma-eşitdiklərimə görə, Rusiya və bir də Yunanıstan olmuşdu: güman, onu Afinaya bağlayan Türkiyəyə qarşı nifrət - ədavət, Rusiyayla birləşdirənsə, keçmiş solçuluq olubdur.

Tək Öcalan deyildi, keçmiş kürd liderlərinin çoxu Kremllə, KQB-lə bağlı olmuşdu: vaxtilə İraqdakı liderlərin də “SSRİ-nin kadrları” olduğu, hətta Moskvada xüsusi təhsil aldıqları yazılırdı.

Bir səbəbi də bu idi ki, “soyuq müharibə” vaxtı Türkiyə daha çox Qərbə, əsasən də ABŞ-a bağlı ölkə, NATO üzvü idi və onda ən azı bizim bildiyimizə görə, Ankaranın keçmiş müttəfiqləri indiki kimi gizli-aşkar kürd sepratçılarına dəstək vermirdi. İndi rollar dəyişib, hətta Moskva da bəzən Ankaranı daha çox “nəzərə almağa” çalışır (məcburdur!), nəinki Vaşinqton, yaxud da Avropa dövlətləri...

Hamımız bir az mürəkkəbliyə də alışmalıyıq, indi hər şey daha mürəkkəb olub, əvvəlki vaxtlardan fərqli, heç də hər şey bəsit deyildir, “çoxvektorluluq” xüsusən də siyasətdə zərurətə çevrilibdir.

Görün, nələr baş verir? Bilinmir bunlar necə qurtaracaq! Bir tərəfdən hamı BMT-ni pisləyir, amma etiraf da etmirlər ki, təşkilatı iflic edən də elə beş daimi üzv, əsasən də ABŞ-la Rusiyadır! Primitiv səslənməsin, böyük “oyun” gedir və biz də bunun içində öz “oyunumuzu” qurmalıyıq, başqa çıxış yolu yox. Tramp indi deyir ki, guya onun Şurası BMT-yə də nəzarət edəcək. Maraqlıdır, vur-tut, 20 üzvü olan təşkilat 200 üzvü olan bir təşkilata necə nəzarət edəcək?..

Öcalandan söz düşmüş, burada yadıma rəhmətlik Bülənt Ecevit düşdü. Doğrusu, Azərbaycan konteksində adam haqqında heç nə bilmirəm, halbuki çoxumuz, az-çox, bilirik ki, vaxtında Türkeşdən tutmuş Turqut Özala və Süleyman Dəmirələdək çox siyasətçilər Azərbaycanı diqqətdə saxlamağa çalışmışdı.

Təkrar deyirəm ki, bu konteksdə Ecevitlə bağlı konkret nəsə bilmirəm, amma Atatürkdən sonra ən çox rəğbət bəslədiyim Türkiyə siyasətçisidir.

Adam həqiqətən də çox iş görüb ölkəsi üçün. Bir dəfə oxumuşdum ki, daha çox qərbçi və solçu olan bu adam hakimiyyətdə olanda ən böyük türk millətçisinə çevrilirmiş!..

Bunu hamımızın bildiyi standart millətçilik anlayışından daha geniş götürərdim. Bilirsiniz, istər solçu ol, istər də sağçı, fərqi yoxdur, bütün siyasətçilər müəyyən mənada millətçi də olur, ona görə ki, öz millətini sevməyən nəinki qeyri-millətləri, heç bəşəriyyəti–insanlığı da sevməz.
Məni inandıra bilməzlər ki, məsələn, Bəşər Əsəddə (eləcə otuz il hakimiyyətdə olan atası Hafizdə! Olsaydı qəbrini dağıdardılarmı?) kiməsə qarşı zərrə qədər sevgi var. Heyvanlarda da yaxınlarına sevgi olur və bunda da, olsa-olsa, yalnız bioloji yaxınlarına “sevgi” tapılar.

Eceviti həm də ona görə xatırladım ki, tam ali təhisli olmadığından prezident olmadı. Ona qanunda dəyişiklik etməyi təklif etdilər, fəqət, razılıq vermədi. Bəli, siyasətdə belə böyük kişilər olub! Üstəlik, adama neçə dəfə siyasətlə məşğul olmaq, ümumiyyətlə, yasaq edilmişdi, amma nə oldu? Bir neçə dəfə hətta hökumət başçısı oldu....

Bir dəfə Eduard Şevarnadze ilə müsahibəni dinləyirdim. O da əsasən sovet siyasətçisidi, gəl, devrildiyinə, hətta inqilabla devrildiyinə görə kiməsə nifrət etmir, “Bizim inqilabımız ən gözəl inqilab idi!” deyirdi.

Bilirsiniz, hamımız ən əvvəl insanıq. Amma təəssüf ki, bəzi siyasətçilərdəki görməmişliyə, tamaha baxanda hətta buna da şübhə etməyə başlayırsan.

Düşünürəm, sizi inandırmağa ehtiyac yox ki, erməni Koçaryanlara, Sarqsyanlara faşistdən də pis baxırıq, bunlar insanlıq siyahısından çıxarılası məxluqlardır. Güman, kimsə buna etiraz etməz. Amma Paşinyan “məxməri inqilab”ına başlayanda mənə nə maraqlı göründü?

Sarqsyan Paşinyanla görüşəndən, xüsusən də anasının məsləhətindən sonra müqavimət göstərmədi, bir “xurcunlu jurnmalistin” tələbilə sakitcə hakimiyyətdən getdi.

Bu, birincisi, mənə Markesin “Patriarx...” ını xatırlatdı: yadınızdamı, əsərdə diktator anasını çox sevirdi. İkincisi, gördüm ki, hətta bu faşistin də ürəyinin gizlinlərində kiçicik də olsa, hansısa hislər qalıb.

Əlbəttə, bu adam da indi min cür oyundan çıxır, “suyu bulandıranlar”dandır, amma hər halda, vaxtilə millətinə savaş açmağa cəsarət etmədi, yaxud da anasının sözündən çıxa bilmədi. Amma baxın, qonşu İrandakı hakim “ruhani elitası” bunu anlamır...

Mənə elə gəlir ki, Ermənistanın özündə də təhlükəni daha çox Koçaryandan gözləmək lazımdır. Bəlkə yanılıram, amma bu adam daha böyük faşistdir və həm də oradakı keçmiş kriminal siyasi düşərgədən Kremlə ən yaxınıdır, hətta Putinin özü ilə sıx münasibətləri olan kəsdir. Vacib deyil ki, onun özünün hansısa şəxsi siyasi planları olsun, əsas odur, ölkəni ən çox qızışdıranlardan, qarışdıranlardandır – bəlkə də yanılıram, amma yenə də deyirəm ki, keçmiş erməni xuntasının ən fəalı, hətta təhlükəlisi də bu adamdır...

Нет комментариев