Свобода людям, независимость нациям!

Rusiyasız Qafqaz nə vaxt mümkün olacaq?..

Keçmiş “hərəkatçılar” təsdiqləyərlər. Onda çox məşhur şüar vardı: “Türkün türkdən savayı dostu yox!”

Adam “köhnə saman içi eşələmək” istəmir, amma elələri vardı ki, ATƏT nədir, az qala, BMT də lazım deyil deyir və ərz edirdilər ki, yalnız türk dünyası ilə birləşməliyik. Başa düşmək olmurdu ki, hanı bu “türk dünyası”, axı onda hələ hər şey yenicə start götürürdü, qardaş Türkiyədən qeyri türk dövləti yox idi, indiki Türküstandakı sovet-türk respublikaları da yenicə müstəqilləşirdilər, özü də hələ formal olaraq...

Məsələnin başqa tərəfinə gələndə, nisbətən ağıllı insanlar deyirdi ki, qardaşlar, axı niyə özümüzü məhdudlaşdırmalıyıq? Bəli, türk dünyası bizimçün ən əzəl ünvandır, demək olar, “ana bətni”dir, amma ən azı müsəlman dünyası da var. Onlar da bizimdir. Görün, dünyada nə qədər müsəlman, nə qədər islam dövləti var, onlandan niyə imtina etməliyik?

Üstəgəl, Planetin başqa onlarla mütərəqqi və qabaqcıl ölkələri, milyonlarla insanları var. Onlar da bizim kimi insandır, bizimkidirlər! Həm də bir düşünün: bizim günümüzdə olan “bizimkilər”dən nə öyrənə bilərik, nə götürə bilərik axı? Sonradan bəli, bu “nəsnələr” məlum oldu: saqqız, üzərrik və s. Amma buradan nələr getdi? Gəlin bu haqda susaq...

Həm də siyasətin onda çoxumuzun hələ bilmədiyi qanunları varmış. Sən demə, ən ali qanun bu imiş ki, siyasət adamları da, dövlətlər də çalışmalıdırlar ki, dostları çox, düşmənlərisə az olsun! Belədəsə, hamını özünə düşmən etməklə hara getmək olar? Siyasətçilər tam marginallaşar, ölkələrsə “vururlub” kənara atılarlar.

Amma sadə həqiqətlər bir az kec çatdı bizə. İnsanlarımız əvvəlcə islamdan-müsəlmançılıqdan başladılar. Bizim Bakıxanov, Axundzadə kimi Avropa elmli adamlarımız əsərlərinin çoxunu fars dilində yazmışdı və bunu türkə həqarətə görə etməmişdilər, onlar bütün islam dünyasını özlərinki bilir, bu müstəviyə çıxmaq istəyirdilər.

Sonra millətçilik islam–Şərq dünyasına da çatdı və türküçülük dövrü başladı. Və bundan sonra bizim tarixdə “sovet pauzası” yarandı. Sovet rədd olandan sonra təkrar başladıq bütün mərhələləri təzədən keçməyə.

Amma dayana bilmədik: əvvəl islam, daha sonra türkçülük, sonra da azərbaycançılıq və nəhayət ki, bundan sonra da “regionçuluq” gəldi!..

Sonuncu–“regionçuluq” balalarımıza qoyub gedəcəyimiz ən böyük bəlalardandır: bəli, indi də dildə hamımız islamdan, türkdən, hətta azərbaycançılıqdan danışır, ürəkdəsə bəzilərimiz regionçuluq hislərilə alovlanıb yanırıq. Fərqinə də varmırıq ki, 21-ci əsrdə bu, qəbiləçilik kimi utanc gətirən məsələdir...

Əlbəttə, zaman məsələsidir, həllini tapacaq. Bilirsiniz, minimal şəkildə “regionçuluq” hər yerdə var, çünki hamımız Dünyaya göz açıb müəyyən insanları daha əvvəl görürük və bu, bir az yaxınlıq hissi yaradır.

Ən demokratik ölkələrdə də dövlət və yaxud da hökumət başçıları ətraflarını məhz belələrindən formalaşdırmağa çalışırlar. Əlbəttə, orada “yaxınlar” yalnız yerlilərdən ibarət olmur...

Həm də biri var türk, biri də var Azərbaycan türkləri və burada yaşayan digər qardaş xalqlar. Biz indi bu yeni formatda millət olmağa iddialıyıq, yəni kobud desək, bu müasir Azərbaycan adlı dövlətin də Dünyadakı tək özünün “milləti” formalaşmalıdır.

Çətin prosesdir: həm də biri var təbəə, biri də var ki, vətəndaş, bunları tamam fərqli şəkildə idarə etmək lazım gəlir.

Tamam yəqinləşdirə də bilmirsən ki, bu, da “aralıq mərhələ” (məsələn, keçmiş “ümmətçilik” kimi!) olacaq, yoxsa daimi bir “sosial format!”? Zaman göstərəcək. İslamı da nəzərdən kənar qoymaq olmaz, bu da bizi millət kimi “sementləyən” mühüm amillərdəndir.

Keçək ölkədən kənara. Ötən həftənin əsas hadisəsi Vensin bizim bölgəyə səfəridi. O dəfə də yazdıq ki, səfərin böyük qüsuru Gürcüstanın diqqətdən qıraqda qalması oldu.

ABŞ və Avropayla Gürcüstan arasında soyuqluq yaşanır, amma kökündə nə dayanır, problemi çözməkçün şans qalmayıbdırmı?

Problem gürcü hakimiyyətidirsə, bəzi avropalı siyasətçilər özləri də deyirdilər ki, “Gürcü arzusu”nu seçkini udduqlarına görə ittiham edə bilmərik! Həm də hələ kimsə ölkədə seçkilərin qeyri-demokratik keçdiyini, böyük pozuntlarla müşayiət olunduğunu təsdiqləyən fakt qoya bilməyib ortaya. Gücüstanda növbəti “qızılgül inqilabı” da alınmadı və gürcü müxalifəti bəlkə də daha haqlıdır, amma daha güclü deyil – təəsüf, acı reallıqdır. Əlbəttə, biz də bu qonşu, kiçicik ölkənin siyasi həyatının bütün detallarını bilmirik, amma çox çək-çevir edirik, fəqət, Saakaşviliyə qarşı böyük kindən və bir də məşhur “agentlər” haqqındakı qanundan savayı detal tapa bilmirik...

Avroplılar gürcü hakimiyyətini Rusiyaya “işləməkdə”, onun lideri İvanişvilini Kremlin “agenti” olmaqda itiham edir. Bəlkə də bu adamla Kreml arasında hansısasa “sıcaq münasibət” var, amma Tiflis Moskva istiqamətində hələ ciddi addım atmayıb və etiraf etmək lazımdır ki, onlar da hələ Vaşinqtonla, Brüssellə münasibətlərin düzələcəyinə ümid edirlər.

Problem demokratiyadırsa, etiraf edək ki, digər iki Cənubi Qafqaz ölkəsi də, hətta cənab

Tramp özü də heç də “demokratiya etalonu” deyil...

Hazırda Qafqazda ciddi proses gedir və bölgə Rusiyadan uzaqlaşır: ümid edək ki, Ermənistandakı iyun seçkisi bunu dayandırmayacaq.

Belə vəziyyətdə Gürcüstanı kənar tutmaq olarmı? Hər şeydən bezən gürcü hakimiyyəti birdən elə həqəqətən Moskvayla ciddi münasibət yaratmağa qərar verməzmi və əvvəlki İrəvandan sonra indi Tiflis durub Moskva üçün bölgədə növbəti “rıçaq” rolunu oynamazmı? Həm də bir daha nəzərə alaq ki, hazırda Dünyada daha çox geosiyasi və geoiqtisadi məqamlar və meyarlar önə çəkilir. Düşünürük, Tiflisə də bu prizmadan yanaşmaq lazımdır.

Belədəsə, Vaşinqton Bakını da özünün strateji dostu elan edir. Çox yaxşı! Düzdür, şəxsən planetin sıravi “qaradərili, köhnəmüsəlman demokratı” kimi mənimçün məsələdə qaranlıq məqam çoxdur, çünki indi “ABŞ-ın strateji dostu” olmaq tamam aydın da deyil. Ona görə ki, şəxsən cənab Trampın sayəsində ABŞ-ın strategiyası çox dəyişib, lap Kremlin “strategiya”sına bənzəyir! Biz nə etməliyik, “öhdəliyimiz” nədir? Qrenlandiyaya gedib eskimoslarla vuruşmalıyıq, yoxsa onun dolaşıq, ziddiyyətli, anlaşılmaz “Yaxın Şərq siyasəti”ndə dəstəkçi olmalıyıq? Dediyim budur ki, əvvəllər ABŞ ən azı daha anlaşıqlı idi...

Yenə də olsun! Ən azı əbədi yolçuluq olmur, yollar birləşdiyi kimi ayrıla da bilir! Əsas odur, Tramp Qafqazda da nəsə etmək istəyir və biz bunu qiymətləndiririk. Ona görə də “irad” hələ qonşu Gürcüstanla bağlıdı və o da daha çox ona görə ki, bölgədə Rusiyayçün potensial tutacaq –“rıçaq” saxlamağa gərək yox...

Нет комментариев