Общественно-политическая интернет газета
Bir neçə il bundan əvvəlin söhbətidir. Rayonlarda sahibkarlığı, insanların orada qalıb yaşamasını stimullaşdırmaq üçün ilk dəfə differensial vergi söhbətini atmışdılar ortaya. Əslində çox düzgün yanaşma idi, nəinki sosial-iqtisadi mövzuda yazan həmkarlar, hətta siyasi yazarlar da çox yazdı bu haqda, çünki bir daha deyirik ki, düzgün siyasət idi.
Doğrusu, məsələnin yekununu izləmədik, yəqin tətbiq etdilər. Bizimsə bildiyimiz bu, oldu ki, hətta bundan sonra da rayonlardan Bakıya axın azalmadı və o, indi də davam edir. Dürüst ədədləri güman, məmurlarımız bilir, amma Bakıda əhali indi 2-3 milyondan az olmaz, bəlkə də çox olar.
Deyim ki, bu, heç də Azərbaycan fenomeni deyil. Ən azı bütün post-sovet məkanında beləydi: ölkələrin əsas iqtisadi potensialı mərkəzlərdə cəmləşmişdi.
Hazırda bizdə vəziyyət azacıq da olsa yaxşılaşıb, rayonlarda da nəsə var, amma əvvəl hətta həyat da demək olar ki, Bakıdaydı: rayonların çoxu az qala, “ölü zona”ya çevrilmişdilər...
Bizim bu mövzuya qayıtmağımıza səbəbsə başqa şey oldu. Deputatlarımız kommunal xərcləri də differensiallaşdırmağa çağırırlar. Bu da çox düzgün qərardır: rayonlardakı kommunal xərclər oradakı əhalinin, necə deyər, cibinə, imkanına adekvat olmalıdır. Həm də belə differensiallaşma rayonlarda hətta turizmin inkişafına da təkan verə bilər: yerlərdə qiymətlər aşağı düşər, daxili turizm bir az intensivləşər, adamlar Bakıdan kənara çıxmaqçün bir imkan qazanarlar.
Amma differensial kommunal xərclər məsələsində diqqətimizi daha bir detal da cəlb etdi. Bir nəfər məsələyə aydınlıq gətirməyə çalışanda az qala, Bakı əhalisi üçün “bəxtəvərlik” oxudu, dedi ki, rayon əhalisi Bakı əhli deyil ki, zavodda işləyib yaxşıca maaş alsın və baha kommunal xərclərini ödəyə bilsin! Bəli, səhv etmirəmsə, təxminən belə deyildi...
Amma biz şəhər əhalisinə də “bəxtəvərlik” oxumazdıq. Düzdür, hər şey dəyişir, o cümlədən əməyin strukturu. Amma hanı bizim zavodlarımız? Niyə onları görmürük?
Demirəm, bəlkə də lap 18-ci əsrdəki kimi “manufaktura” tipli kiçik fabrik-zavodlar var, amma hamımız zavod və ya fabrik deyəndə, ümumiyyətlə, sənaye söyləyəndə ağlımıza uzağı tikinti sektoru, nə bilim, neft-qaz sənayesi gəlir! Deyirlər ki, guya Sumqayıtda hansısa metallurgiya, kimya müəssisələri fəaliyyət göstərir. Olsun! Buna da yalnız şad olardıq. Amma böyük zavodlar, fabriklər kimi anlayışlar da elə Sovetlə birgə getdi...
Ona görə də Bakı əhlinə də “bəxtəvərlik” oxumayaq. Onların da “bəxtəvər” olmasının yeganə səbəbi budur ki, bura, istər-istəməz, paytaxtdır, hamı daha çox burada yerləşməyə çalışır.
Belədəsə, xüsusi diqqət çəkəcək şey yoxdur. Hər şey bir yana, səfirliklər, beynəlxalq təşkilatlar, hətta firmalar da ilk növbədə burada yerləşməyə cəhd edirlər, təəccüblü bir şey yoxdur.
Amma artıq 35 il keçib. Ölkənin “sənayə xəritəsi”nə bənzər bir şey cızılmalı idi. Demirik olmayıb, yox, əgər birtəhər, sürünə-sürünə olsa da bugünə gəlib çıxmışıqsa, deməli nəsə edilib və indi də edilir.
Amma elə məsələlər var ki, inanın Allaha, adam baş çıxara bilmir! Bütün dünyada əyalətin, bizim dildə desək, rayonların birinci funksiyası-missiyası şəhərləri, əsasən də paytaxt əhalisini ərzaqla təmin etməkdir. Deyilənə görə, Bakınım yaxın ətrafında da kənd təsərrüfatı subyektləri, nə bilim, “parniklər” –filanlar fəaliyyətdədir. Amma yenə də Bakını da, digər şəhər tipli rayonlıarmızı da ərzaqla kəndlər və kənd təsərrüfatı ilə məşğul olan rayonlar təmin edir. Əgər belədirsə, niyə fermerlərimiz daim mallarını qəpik-quruşa satdıqlarını iddia edirlər? Axı bütün məhsullara yerlərdəki qiymətlərlə şəhərlərdəki qiymətlər arasında fantastik fərq var!
Özü də bütün il boyu! Necə olur ki, kənd təsərrüfatından şəhərdəki möhtəkirlər qazana bilir, amma yazıq kənd adamları-fermerlər yox? Doğrudanmı, hökumət heç cür bu “problemin” həllini tapa bilmir?
Bəzən adamın ağlına müəyyən şübhələr də gəlir. Düşünürsən ki, bəlkə hər il “bankrot” olduqlarını deyən fermerlər bunu sadəcə, vergidən-filandan yayınmaq üçün deyir?
Necə olurdu ki, hətta Sovetin vaxtında kənd təsərrüfatı rayon əhlini dolandıra bilirdi, indisə bunu edə bilmir? Axı onda rayon əhalisinin sosial göstəriciləri bəzi məqamlarda şəhər əhalisindən də daha üstün idi!
Qərəz, neçə illərdir, deputatlarımız, iqtisadçılarımız vurub-bölürlər, toplayıb-çıxırlar, differensiallayıb-inteqrallayırlar, amma ölkənin ən əsas problemlərinin həllini tapa bilmirlər! Niyə belə olur? Səbəbi nədir bunun? İnanın, şəhərdə böyük supermarketlər böyür- böyürədir, amma gəl, bunun qiymətlərə zərrə qədər də təsiri yoxdur!
Hətta “tolkuçkalar”da adam istəyir ki, bir azca dolaşıb daha ucuz-münasib yer tapsın. Amma satıcılar heç biliriniz, gülə-gülə nə deyir? Qayıdırlar ki, filan mağaza da bizimkidir, yəni “şəbəkə”dən kənar bir şey yoxdur. Bəlkə ən böyük problem budur? Bəlkə nə şəhər əhalisinin, nə də yazıq rayon camaatının, necə deyər, yediyi üzünə ona görə çıxmır ki, hər şey beş-on məmurun qurduğu şəbəkənin içindədir? Bəlkə ən böyük problem ondadır ki, əhalinin özü də “differensiallaşdırılıbdır”?..
Burada bir gülməli detal düşür yadıma. Neçə ilin söhbətidir. O vaxt hələ telekanallarda siyasi debatlar olurdu. Bir dəfə bir deputatla müxalifətçinin mübahisəsini göstərirdilər. Az danışdılar, çox danışdılar, nəhayət, müxalifətçi bilirsinizmi, deputata nə dedi? “Ayə, nə vaxt bu on milyon zəncini də adam saymağa başlayacaqsınız?”. Odur ki, soruşuruq: Bəlkə problem bundadır? Bəlkə insanlarımız “sortlaşdırıldığından”, differensiallaşdırıldığından heç nə alınmır? Hamı işləyir, çalışır-vuruşur, axırda qazanansa yenə beş-üç məmur olur...
19 Май 2026
10 Май 2026
01 Май 2026
28 Апрель 2026
10 Апрель 2026
01 Апрель 2026
24 Март 2026
19 Март 2026
КомментарииОставить комментарий