Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merz Putinin aqressiv xarici siyasətinin Ukrayna ilə bitməyəcəyini deyib. Bu barədə o, dünən Ukrayna ilə bağlı müzakirələrin növbəti raundu zamanı söyləyib.
“Ukrayna məğlub olarsa, Putin dayanmayacaq. Putin Avropada sərhədlərin əsaslı şəkildə dəyişdirilməsində və Sovet İttifaqının keçmiş sərhədləri daxilində bərpasında maraqlıdır. Vaxtilə bu imperiyanın tərkibində olmuş ölkələr üçün, hərbi təcavüz də daxil olmaqla, böyük təhlükə var”, - kansler xəbərdarlıq edib. Eyni zamanda o, Ukrayna ətrafındakı vəziyyəti 1938-ci illə, 2-ci Dünya müharibəsinə gətirən hadisələrlə müqayisə edib.
Hərçənd ötən həftə Rusiya prezidenti və onun sözçüsü Dmitri Peskov belə bir planın varlığını təkzib ediblər. İnandırıcı görünmək üçün onu da qeyd ediblər ki, SSRİ-nin bərpası artıq mümkün deyil və guya bu cür söhbətlər hələ üstəlik, MDB-ni “aşağılamaq” cəhdidir. İndi kimə inanaq?
Əlbəttə, “şər deməsən xeyir gəlməz”. Ən yaxşı məsləhətçi isə zənnimizcə, yaxın 100-105 ilin tarixi və onun təcrübəsidir...
Aydındır ki, I Pyotr sevdalısı Putinin ürəyinin dərinliyində bu xüsusda hansısa niyyəti qalırsa belə, bunu açıq şəkildə, özü də Ukraynaya qarşı işğalçı müharibə gedə-gedə və kimisə “ürküdərək” bəyan edəsi deyil. Əks halda, ən azı, Kremlin guya Ukraynaya sırf rusdilli əhalinin “pozulan hüquqlarını” qorumaq üçün girdiyi haqda nağıl bir daha puç olacaq. Onsuz da reallığı bilən bilir.
Unutmayaq, Rusiya beynəlxalq sənədlərdə öz prezidentinin imzasını yeri gələndə asanca ciddiyə almayan bir dövlət. 1994-cü il Budapeşt sənədi ilə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zəmanət vermiş ölkələrdən biri məhz şimal qonşumuz idi. Əgər Moskva dünyanın düz vaxtında öz yazılı vədinə əməl eləməyibsə, Krımı (2014), ardınca Ukraynanın digər torpaqlarını işğal edibsə, Ukrayna üçün kapitulyasiya sənədinin imzalanması ilə beynəlxalq hüququn rəsmən ayaqaltı olacağı halda nə baxır?
“Sülh naminə” Ukraynanı öz ərazisi Donbasdan çıxmağa vadar eləməyin adı məhz budur – BMT Nizamnaməsinin, pis-yaxşı oturuşmuş 80 illik beynəlxalq hüquq sisteminin dəfn edilməsi! O halda Putin niyə də dayansın və yaxud şirniklənməsin? ABŞ zəmanət verə bilərmi ki, bir müddət sonra özünə gəlib toparlanan Rusiya bu dəfə Dnestryanı bölgə daxil, Moldovanı “udmağa” cəhd etməyəcək? Daha sonra Qazaxıstanın şimal bölgələrinin üzərinə getməyəcək? Axı Moskva SSRİ-ni hansısa şəkildə heç vaxt bərpa etməyəcəyi barədə heç kimə zəmanət verməyib. Quru söz, bəyanat ayrı...
Doğru, Rusiyanın postsovet ölkələri ilə bir sıra ikitərəfli müqavilələri, başqa yazılıq anlaşmaları var. Onlardan biri də İlham Əliyev və Vladimir Putinin imzaladığı Moskva Bəyannaməsidir (22.02.2022). Ancaq biz həmin sənədin necə işlədiyini, lap dəqiqi, necə işləmədiyini rus “sülhməramlı” kontingentin Qarabağda çıxardığı hoqqalardan əyani gördük.
Odur ki, nə alman kanslerin xəbərdarlığını qəribçiliyə salmağa, nə də Putinin vədinə arxayın olub rahat yatmağa gərək var. Bu, “Rusiyanın sərhədləri olmur”, “Rusiyanın yeganə etibarlı müttəfiqi onun ordusudur” deyən Putin. Qısası, “qızıl orta” məsələsi.
O səbəbə işimizi bütün hallarda möhkəm və etibarlı tutmalı, dost-müttəfiqlərin sayını artırmalı, özəlliklə strateji müttəfiqlərimiz – qardaş Türkiyə və nüvə dövləti Pakistanla bütün sferalar üzrə, ələlxüsus hərbi sahədə əlaqələrimizi durmadan dərinləşdirməliyilk. Ki, Azərbaycan qarşı bəd niyyətdə olanlar həmin niyyətləri həyata keçirməzdən qabaq iki dəfə düşünsünlər, gələcəkləri varsa, görəcəkləri də olacağını yaxşıca fərq eləsinlər, qarşılarında kimləri görəcəklərinə bəri başdan əmin olsunlar...
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
13 May 2026
09 May 2026
06 May 2026
05 May 2026
03 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ