Onlayn ictimai-siyasi qəzet
Ermənistanın yeni parlamenti öz işinə başlayıb. Konkret olaraq Azərbaycanın ondan tək gözləntisi təzə tərkibin sülh müqaviləsinə əngəl yaratmamasıdır. Acaq ilk iclas göstərdi ki, radikal düşərgəni təmsil edən fraksiyalar barışıq prosesini sabotaj eləmək üçün hər şeyə gedəcəklər. Bu da “isti” sübutlar.
Biri odur ki, radikal müxalifətin təmsilçiləri elə birinci iclasdaca spikerliyə əsas namizəd Ruben Rubinyanın Türkiyədə təhsil alması məsələsini qaldırıblar. Hakim partiyadan olan deputat Vilen Qabrielyanın buna reaksiyası isə ironik olub: “Ümid edirəm, müxalifət mənə yaxınlaşıb niyə Bakıda doğulduğumu soruşmayacaq”.
Qabrielyan ardınca zaldakı deputatların təxminən 25-30%-nin Türkiyəyə səfər etdiyinə əminliyini bildirib. Özü isə Antalyada olduğunu etiraf edib. “Mən, həmçinin, digər ölkələrdə türklər və azərbaycanlılarla ünsiyyətdə olmuşam”, - deyə vurğulayıb. Daha sonra o, Rubinyanın Türkiyə kəşfiyyat zabitləri ilə əlaqə saxlamadığını söyləyib və mövzunun müzakirədən çıxarılmasını istəyib. Eyni zamanda, müxalifəti “qiyamət gündəliyindən” imtinaya çağırıb, çünki onun fikrincə, bu, cəmiyyət tərəfindən qəbul edilmir və müxalif fraksiyalarda deputat itkisinə gətirə bilər...
Təəssüf ki, parlamentdə “Türk casusları” axtaranlar təkcə revanşist zümrə yox, həm də cəmiyyətin çox bir mühüm hissəsidir.
Zavallı toplum, başına gələn bunca bəla-faciələrdən sonra da öz xeyri ilə şərini ayırd edə bilmir. Hələ də anlamayıb ki, onun düşməni Türk deyil. Azərbaycan, Türkiyə deyil, olmayıb. Ta Osmanlı dönəmindən. Bu düşməni onlar özləri uydurub, özləri yaradıb, sonra dərsliklərə salaraq nəsildən-nəslə ötürüblər. Düşmən statusuna da ən çox özləri uyğun gəlir – öz əməlləri, nankorluqları və satqınlıqları səbəbilə.
Xüsusən də Qarabağ münaqişəsinin tarixi göstərdi ki, erməni xalqının gerçək düşmənləri ondan alət kimi, öz maraqları naminə başqa xalqlara qarşı istifadə edən xarici güclərdir. Xalqların barışığına imkan verməyən Rusiya və ona bağlı proksi-qüvvələrdir. Qlobal erməni lobbisidir, Fransadır.
Keçmiş münaqişə həm də bir şeyi isbatladı: Ermənistan adlı simvolik dövlətin varlığına ən etibarlı zəmanəti yalnız Türkiyə və Azərbaycan verə bilər. Rusiya, Fransa, ABŞ və ya Avropa Birliyi yox. Çünki əsas qonşuları ilə daima düşmən münasibətlərdə olub inkişaf eləmək, rifaha qovuşmaq mümkün deyil. Necə ki, 30-35 ildə mümkün olmadı...
![]()
Həqiqət belədir ki, Türk erməniyə düşmən kəsilsəydi, ilk olaraq məhz Bakı və Ankara İrəvana barışıq əli uzatmaz, sülh anlaşmaları və iqtisadi-ticari əlaqələrin qurulmasını təklif eləməzdi. Tək şərt məlum: Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddələr, istinadlar çıxarılmalıdır.
Bu şərt təmin edilmədikcə Ermənistanın böyük məkrli dövlətlərin ayaqları altında “ot olmaq” ehtimalı qalacaq. Nikol Paşinyanın bütün səylərinə rəğmən, İrəvan Bakı və Ankaranın atdığı “xilas kəməri”ndən faydalana bilməyəcək. Zaman isə elə çox qalmayıb. Bəlkə də bu il axırıncı fürsət olacaq...
Belə bir gözlənti həm də Rusiyanın neçə aydır Ermənistan məhsullarına tətbiq elədiyi qadağaların yaratdığı acı nəticələrdən doğur. Yeri gəlmişkən, Paşinyan dünən müəyyən mənada haqlı idi deyəndə ki, Moskvanın Rusiyanın Ermənistan mallarının idxalına qadağaları erməni istehsalçıları üçün yeni imkanlar açır. Sitat: “Çoxları Avrasiya İqtisadi İttifaqı və Rusiya bazarındakı vəziyyəti böhran hesab edir, mən isə bunu fürsət sayıram. Bu, böhran deyil, fürsətdir, özümüz üçün açdığımız pəncərədir”.
Baş nazirə görə, alternativsiz dövr bitib, hər yerdə və daim alternativ olmalıdır. “Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Xalqımız bilməlidir ki, onun seçim etmək imkanı var”, - o əlavə edib.
Başları “daşdan-daşa dəyəndən” sonra deyəsən ayılmağa, ağıllanmağa başlayıblar. Yumurtaların hamısınə eyni səbətə yığmağın nə qədər riskli olduğunu anlayıblar...
Rusiyanın ən çox qorxduğu da ona alternativ(lər)in tapılmasıdır. Çünki alternativ varsa, monopoliya, inhisar yoxdur. Vassallıq münasibətləri heç yoxdur. Əvəzində qarşılıq hörmətə əsaslanan ikitərəfli, bərabərhüquqlu münasibətlər var. Azərbaycan və Türkiyə alternativ qismində Ermənistana bunu təklif edib və edir. Tək şərti məlum.
Yoxsa ki, hələ də öz aralarında, parlamentdə, hökumətdə Türkiyə və Azərbaycana işləyən “casuslar” axtarmaq, daha betəri, “Türk” sözünü təhqir qismində işlətmək... Bu şeytan yolu deyəsən keçilib axı. Özü də dəfələrlə. Eşşək də palçığa batdığı yoldan bir daha keçmir.
Z. SƏFƏROĞLU
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ