Onlayn ictimai-siyasi qəzet
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai İran televiziyasına müsahibəsində ABŞ prezidenti Donald Trampın İranla bağlı bəyanatlarını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Rzainin sözlərinə görə, ABŞ tərəfi İranla müharibəni bir neçə gün ərzində başa çatdıracağını, həmçinin İranda və regionda bütün neft və qaz üzərində nəzarəti ələ keçirəcəyini düşünürdü.
İranlı rəsmi bildirib ki, hazırda təxminən 1 200 neft tankeri faktiki olaraq istifadəyə yararsız vəziyyətə düşüb və dünya tanker donanmasının 15 faizindən çoxu kommersiya fəaliyyətindən çıxarılıb. Onun sözlərinə görə, tanker daşımalarının qiyməti də artıb.
Rzai Trampın İrana hücum etmək qərarının dünyada nüvə silahına sahib olmaq istəyini gücləndirdiyini iddia edib.
“Xüsusilə insanlar gördülər ki, MAQATE-yə və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə üzvlük ABŞ-ın hücumunun qarşısını almadı”, - deyə o bildirib.
İran rəsmisi qeyd edib ki, Tramp “nüvə təhlükəsizliyi yaratmaq əvəzinə nüvə təhlükəsizliyini daha da zəiflədib”.
Onun sözlərinə görə, İran nüvə normalarına riayət baxımından “ən uzağa gedən yeganə ölkədir”.
Rzai ABŞ-ın İrana hərbi hücumundan sonra dünyanın nüvə silahına sahib olmağın yüzlərlə F-35 qırıcısına malik olmaqdan daha effektiv olduğu qənaətinə gəldiyini iddia edib.
“F-35 qırıcıları İranda öz qüdrətini itirib, ərəb ölkələri isə artıq Amerika silahlarına etibar etmir”, – İran rəsmisi deyib.
O, ABŞ əhalisinin İranla müharibəyə qarşı olduğunu və Amerika xalqının hərbi rəhbərliyi və ABŞ hökumətini dəstəkləmədiyini bildirib. Rzainin sözlərinə görə, İranda isə xalq və hökumət silahlı qüvvələrin arxasında vahid cəbhə kimi dayanır.
İranlı rəsmi ABŞ-ın hərbi zərbələrə ümidini tamamilə itirdiyini və indi iqtisadi blokadanın hərbi səyləri dəstəkləyə biləcəyini düşündüyünü iddia edib.
Rzai İsrailin baş naziri Benyamin Netanyahunun Trampa İranın altı ay, hətta iki-üç ay ərzində iqtisadi blokadada qalacağı təqdirdə təslim olacağını vəd etdiyini bildirib.
“Dünya başa düşdü ki, Trampın öyünməsi boş sözlərdir. Tramp tək qalıb və NATO ilə müttəfiqlərindən asılı vəziyyətə düşüb”, – deyə o vurğulayıb.
Rzai İranın illər ərzində sanksiyalardan yan keçməyi və neft satışını davam etdirməyi öyrəndiyini də bildirib.
İran rəsmisi qonşu ölkələrə ABŞ-ın rəhbərlik etdiyi iqtisadi müharibəyə qoşulmamaq barədə xəbərdarlıq edib.
“Əks halda onları düşmən hesab edəcəyik”, – Rzai deyib.
O, İranın müharibəni genişləndirmək niyyətində olmadığını, lakin ölkəni əhatə edən dövlətlərin ABŞ-la iqtisadi müharibədə əməkdaşlıq edəcəyi təqdirdə onların maraqlarına zərbə vuracaqlarını bildirib.
Rzainin sözlərinə görə, İranın qonşu ölkələri ABŞ-ın iqtisadi müharibəsinə qoşularsa, “Fars körfəzindən və Hörmüz boğazından bir damla belə neft çıxmayacaq”.
İran rəsmisi əlavə edib ki, Tehran Fars körfəzindən neft ixracı üçün istifadə olunan digər marşrutlara da zərbələr endirə bilər.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ