Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyanın yaxın 5 il üçün açıqladığı proqram ən çox yerli radikal revanşistlərə və separatçı ünsürlərə od qoyub. Təəssüblü deyil. Ona görə ki, sənəddə keçmiş “Dağlıq Qarabağ” məsələsinə ilk dəfə yer ayrılmayıb və ümumiyyətlə, Azərbaycanla konflikt səhifəsi qapanmış elan edilib – 29.7 min kv km-lik “Real Ermənistan” və ya “Dördüncü Respublika” naminə.
Proqramda ermənilərin Qarabağa geri dönüşü haqda da heç nə, heç bir öhdəlik yoxdur. Çünki Paşinyan daha öncə onların Ermənistan cəmiyyətə inteqrasiya olunmalı olduğunu söyləyib.
Gözlənildiyi kimi, buna müqavimət göstərən tək qüvvə revanş müxalifətdir – azərbaycanlılarla ermənilər arasında sülhə, barışığa qarşı çıxanlar. Onlar nəyin bahasına olur-olsun, uydurma mövzunu gündəmdə saxlamağa çalışırlar. Səbəb bəsit: çünki siyasi varlıqları müstəsna olaraq “miatsum” xülyasına bağlıdır. Bir də unudulmaqdan qorxurlar.
Amma və lakin kim unutsa da, Azərbaycan məhkəmələri onları yaddan çıxaran deyil. Türmələrimiz həmişə onlar üçün darıxacaq. Ta ki, axırıncı şərəfsiz də öz haqlı cəzasına çatana qədər...
“Bu gün artsax” Azərbaycanın işğalı altındadır”.
Bu sayıqlamamın müəllifi Ermənistan parlamentin keçmiş vitse-spikeri, Xocalı hərbi canisi Serj Sərkisyanın sədri olduğu Respublikaçılar Partiyasının fəal üzvü Eduard Şarmazanovdur.
Səbrimizi basıb davamını da oxuyaq ki, qonşu cəmiyyətdəki bütün avazlardan hali olaq. Sitat: “Bizim vəzifəmiz bunu hər yerdə açıq şəkildə bəyan etmək olmalıdır ki, ‘Vətəndaş müqaviləsi’ndən (hakim partiya – Z.S.) olan heç kəsin ağlına ayrı şey gəlməsin. “Artsax” Azərbaycanın işğalı altındadır. Necə ki, Kiprin şimal hissəsini Türkiyə işğal edib”...
Bu başdan qrıjaya hələ də çatmayıb ki, bir dövlət öz ərazisini işğal eləməz, azad edər. Görəsən bunlar nə yeyir, nə içirlər, hansı əsrdə ilişib qalıblar, beyinlərindəki “boz maddə” doğrudanmı tamamən yox olub gedib? Ağızlarından çıxanı qulaqları eşidirmi?!
Sonra da çərənləyirlər ki, bizi niyə “müharibə partiyası” adlandırırlar? Zavallı, qonşu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisini özününkü sayan, konstitusiyada da bunun qalmasına çalışan bir qüvvə necə “sülh partiyası” sayıla bilər?..
Yenə Şarmazanov ermənilərin Qarabağa qayıdışından dəm vursaydı, bəlkə də üstündən keçmək olardı. Deyərdik, eybi yox, doğulduğun yerdə yaşamaq hər halda təməl insan haqlarındandır – hərçənd, mənfur qəbilə o haqqı da çoxdan itirib.
Amma bu yaramazlar nədənsə eyni haqqı Qərbi Azərbaycandan zorla qovduqları soydaşlarımıza tanımaq istəmirlər. Üstəlik, biz qayıdışı Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa hörmət əsasında görürüksə, şarmazanovlar erməni əhali üçün torpaqlarımızda xüsusi status və beynəlxalq zəmanət tələb edirlər!
Yəni, dövlət içində dövlət. Bunu da qulaqlarının dibini görəndə görərlər. Azərbaycan 103 il qabaq (1923) Qarabağda Moskvanın məkri ilə elədiyi səhvi bir də təkrarlamayacaq. Bunu palaz qulaqlarınızda sırğa edin! Öz altımıza təzədən “saatlı bomba”mı qoyacağıq?..
Bir detalı da qeyd edək ki, bu şarlatan Şarmazanov hazırda “Ermənistan” adlanan qədim Türk yurdunda doğulmuş yunan mənşəli revanşistdir. Təpədən-dırnağa türkofob, ermənidən çox ermənidir. Bu üzdən onun Bakı ilə yanaşı, Şimali Kiprə və Türkiyəyə də dil uzatması ikiqat diqqətçəkicidir.
Ancaq bunlar hamısı əbəs səylərdir. “Qatar” çoxdan gedib. Geridönməz şəkildə. Elə yunan Kipri üçün də. İndi nə qədər istəyirsiniz, mifik “artsax” üçün, Şimali Kipr üçün yas saxlayın, timsah göz yaşları tökün. Xeyri olmayacaq...
Əgər Eduard Şarmazanov üzvü olduğu partiyanın sədri, Xocalı cəlladı Sərkisyan, həmçinin, onun cinayət ortağı Robert Köçəryan zamanında Bakımın son dərəcə güzəştli sülh təklifinə razı olsaydılar, Qarabağda erməni əhali indi də yaşayırdı. Çox istədilər, azdan da oldular. Özü yıxılan ağlamaz. Ondansa, gedin hazırkı durumun əsas baiskarlarının – keçmiş xuntaçı prezidentlərin yaxasından yapışın.
Əslində, bu qəbil erməni siyasi avantüristlərin cavabı 7 İyun seçkilərində verilib. Konkret olaraq, Şarmazanovun təmsil olunduğu Respublikaçılar Partiyası 4 faizlik baryeri keçə bilməyəcəyini anlayıb seçkilərə qatılmayıb. 5 il öncəki parlament seçkilərində də ən aşağı nəticə göstərib. Seçicilər əksəriyyəti o vaxt da, son səsvermədə də “Qarabağ Azərbaycandır” deyən Paşinyanın partiyasını qalib edib.
Odur ki, “it hürər karvan keçər”...
Zahid SƏFƏROĞLU
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ