İnsanlara hürriyət, millətlərə istiqlal!

Qılıncdan raketlərə: müharibələrin taleyini dəyişən texnologiya - Savaşları kim qazanır?

Tarix göstərir ki, müharibələrin taleyini çox vaxt cəsarət deyil, texnologiya müəyyən edir

“Müharibə daim dəyişir, çünki onu aparan vasitələr dəyişir." Hərbi nəzəriyyəçi Carl von Clausewitz

Tarix bəzən imperiyaların taleyini bir döyüşdə, bəzən bir qərarda həll edir. Bəzən isə hər şey bir texnologiyadan başlayır. 1453-cü ildə Konstantinopolun fəthi bunun klassik nümunəsidir. Osmanlı sultanı II Mehmed şəhəri yalnız böyük ordu ilə deyil, həm də yeni silah texnologiyası ilə aldı. Bu texnologiyanın müəllifi macar mühəndisi Urban idi.

Urban əvvəlcə öz layihəsini Bizans imperatoruna təqdim etmişdi. O, şəhərin müdafiəsi üçün nəhəng toplar hazırlamağı təklif edirdi. Lakin zəifləmiş Bizans imperiyası bu layihəni maliyyələşdirə bilmədi. Urban daha sonra Osmanlı sarayına müraciət etdi. Sultan Mehmed bu təklifi qəbul etdi və mühəndisə nəhəng toplar hazırlamaq üçün bütün imkanları verdi. Bu toplar Konstantinopolun məşhur qala divarlarını dağıtdı.

Tarixdə nadir hallarda belə ironiyalar olur: Bizansın rədd etdiyi texnologiya Bizans imperiyasının sonunu gətirdi.

Bir qərar və minillik imperiya tarixdən silindi. Aradan altmış il keçəndən sonra eyni dərs Yaxın Şərqin başqa bir meydanında təkrarlandı. 1514-cü ildə baş verən Çaldıran döyüşü regionun siyasi tarixini dəyişdirdi. Osmanlı sultanı I Səlim ordusunu yeni hərbi texnologiya ilə silahlandırmışdı. Onun ordusunda sahə topları və tüfənglə silahlanmış piyadalar vardı. Səfəvi hökmdarı Şah İsmayıl isə əsasən Qızılbaş süvarilərinə güvənirdi. Qızılbaş döyüşçüləri cəsarəti, sürəti və fədakarlığı ilə tanınırdı. Lakin cəsarət hər zaman texnologiyanı məğlub edə bilmir.

Osmanlı ordusunda on minlərlə əsgər, yüzlərlə top və çoxsaylı odlu silah vardı. Səfəvi ordusu isə əsasən süvari qüvvələrdən ibarət idi və artilleriya demək olar ki yox idi. Çaldıran düzündə nəticə çox ağır oldu: süvari hücumları topların və tüfənglərin qarşısında dayana bilmədi. Cəsarət texnologiyanın qarşısında aciz qaldı. Bu döyüş yalnız bir məğlubiyyət deyildi. O, Yaxın Şərqin güc balansını dəyişdirdi.
Tarix bu dərsi yalnız Çaldıranda verməyib.

1939-cu ildə Almaniyanın Polşaya hücumu zamanı bəzən Polşa süvari bölmələri alman tankları ilə qarşılaşırdı. Təsəvvür edə bilirsizmi? Vətənpərvər süvarilər əllərində qılınc tankların qarşısını almağa, Polşanı faşist Almaniyasından müdafiə etməyə çalışırdılar. Tarixin bu epizodu bir simvola çevrilib. Çünki sual çox sadədir: süvari tank qarşısında nə edə bilərdi?

Əlbəttə, qılınc və nizə ilə zirehli maşınları dayandırmaq mümkün deyildi. Texnologiya fərqi o qədər böyük idi ki, döyüşün nəticəsi əvvəlcədən məlum idi.

Bu həqiqəti xalq yaddaşı da çox əvvəl fərq etmişdi. Türk dünyasının məşhur qəhrəmanlıq dastanı Koroğluda bunun simvolik bir epizodu var. Dastanın müxtəlif variantlarında belə nəql edilir: qoç Koroğlu ömrü boyu öz düşmənlərini qolunun gücü və Misri qılıncı ilə məğlub edirdi. O, igidliyin və üzbəüz döyüşün simvolu idi. Bir gün artıq yaşa dolmuş Koroğlu bir hadisənin şahidi olur. Kolun dalında gizlənmiş bir namərd tüfənglə at belində gedən bir mərdi vurur. Mərd adam güllə yarasından bir anın içində ölür. Bu mənzərəni görən Koroğlu qılıncını yerə atır və belə deyir: “Koroğlu zamanəsi bitdi. Bundan sonra namərdlərin dövranı başladı.”

Bu epizod sadəcə bir dastan səhnəsi deyil. O, texnologiyanın döyüş qaydalarını kardinal şəkildə dəyişdirdiyini çox sadə və təsirli şəkildə izah edir. Texnoloji üstünlük bəzən yalnız orduların deyil, bütün sivilizasiyaların taleyini dəyişdirir. Avropalıların odlu silahları və dəniz texnologiyası Amerika və Avstraliya qitələrində yerli xalqların taleyini dramatik şəkildə dəyişdirdi. On milyonlarla aborigen insan təpədən dırnağa qədər top-tüfənglə silahlanmış avropalıların güdazına getdi.

Müasir dövrdə isə müharibələrin taleyi artıq toplar və tanklarla yox, raket texnologiyası ilə müəyyənləşir. İran son onilliklərdə raket proqramını sürətlə inkişaf etdirib. Bu proqramın bir hissəsi Şimali Koreyada hazırlanmış modellərə əsaslanır. İrandan Avropaya məsafə isə cəmi 4-5 min kilometrdir. Şimali Koreya raketləri isə 10-15 min kilometrdəki hədəfləri vura bilir. Bu isə o deməkdir ki, belə texnologiyalar geniş yayılsa, yəni İran bu texnologiyanı əldə etsə, Avropanın böyük hissəsi də potensial hədəfə çevrilə bilər. Məhz buna görə Qərb uzun illər İranın həm nüvə proqramından, həm də uzaqmənzilli raket texnologiyalarından narahat olub.

Konstantinopolun divarları toplar qarşısında dayana bilmədi.

Çaldıranda süvarilər artilleriya qarşısında dayana bilmədi.

XX əsrdə polyak atlılar tankların qarşısında dayana bilmədi.

XXI əsrdə isə müharibələrin taleyi raketlər, pilotsuz aparatları və yüksək texnologiyalı silah sistemləri ilə müəyyənləşir.

Tarix dəyişir. Silahlar dəyişir. İmperiyalar dəyişir. Dəyişməyən isə yalnız bir həqiqətdir: müharibələri çox vaxt ən cəsur ordular yox, ən üstün texnologiyalar qazanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 May 2026

21 May 2026

19 May 2026

18 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

07 May 2026

05 May 2026

04 May 2026

27 Aprel 2026

20 Aprel 2026

16 Aprel 2026

15 Aprel 2026

14 Aprel 2026

13 Aprel 2026

10 Aprel 2026

09 Aprel 2026

08 Aprel 2026

07 Aprel 2026

04 Aprel 2026

03 Aprel 2026

02 Aprel 2026

01 Aprel 2026

31 Mart 2026

30 Mart 2026

29 Mart 2026