İnsanlara hürriyət, millətlərə istiqlal!

“SSRİ” yazılan köynəkdə Trampla görüşə – Alyaskada Putinə bircə bu ümidi vermək olmaz!

Bu gün dünyanın nəzər-diqqəti sövq-təbii Alyaskaya, Tramp-Putin görüşünə yönələcək. Əsas səbəb bəlli: mövzu Ukrayna olsa da, bir çox regional məsələlər, o sırada Güney Qafqazdakı durum, ümumən qlobal geosiyasi arxitektura Ukrayna ilə bağlı anlaşmadan əhəmiyyətli şəkildə təsirlənəcək.

Ancaq nəticə nə olur-olsun, danışıqlarda Putinə əsla onun imperiya iştahını hər hansı şəkildə gücləndirəcək ümid, vəd vermək olmaz. Çünki altını mütləq digər ölkələr və xalqlar, özəlliklə postsovet dövlətləri, həmçinin enində-sonunda ABŞ-ın özü çəkəcək.

Bəs pozitiv nəticəyə necə nail olmalı? Bu artıq Amerika diplomatiyasının vəzifəsi...

Gözləntilər fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun Alyaskaya üstündə “SSRİ” yazılan köynəkdə varid olması diqqət çəkib. Kələntərov-Lavrov indi nə demək istəyir bununla dünyaya? Ukrayna ilə bağlı Kremlin işğalçı və avantürist siyasəti davam edəcək, ardınca “SSRİ-2” planı işə düşəcək?

Təbii ki, bizi ən çox Tramp-Putin görüşünün Güney Qafqaza hansısa təsiri, proyeksiyası maraqlandırır. Hər kəsə öz köynəyi yaxındır. Ağ Evdə 8 avqustda imzalanan Əliyev-Tramp-Paşinyan Birgə Bəyannaməsindən sonra məntiqlə Ağ Ev rəhbəri Alyaskada bu anlaşmalara xələl gətirəcək addıma getməyəcək. Ancaq Rusiya tərəfinin nə qədər hiyləgər, məkrli olduğu da gərək yaddan çıxmasın...

Bütün hallarda Cənubi Qafqazda şovinist Rusiyanın təsirini neytrallaşdırmağın ən səmərəli və tək yolu region ölkələri, özəlliklə Azərbaycan və Ermənistan arasında vaxt itirmədən qarşılıqlı etimad mühitinin yaradılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin və səfirliklərin açılması, nəhayət, nə qədər fantastik görünsə də, Avropa Birliyinə bənzər Qafqaz Evi qurulmasıdır. Söhbət həm də Türkiyə-Ermənistan əlaqələrindən gedir.

Çətindir, amma ayrı yol yox. Putin Rusiyasının mümkün ekspansiyasından qorunmağın ən etibarlı üsulu ona qarşı vahid mövqedən və ortaq strategiyadan çıxış eləməkdir. Əks halda o ayrı ayrılıqda hər birimizə, xüsusən də hərbi bazasının olduğu Ermənistana ciddi xətər yetirə, heç ABŞ, Avropa da özünü çatdıra bilməz. Bu xüsusda ötən əsrin 20-ci illərinin acı təcrübəsini də yada salmaq pis olmaz...

Yaxşı ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan da anlamağa başlayıb. Düzdür, Nikol etimad tədbirlərindən danışarkən bildirib ki, bir gündə, hətta bir həftədə, ay və ya ildə bütün vəziyyəti dəyişmək mümkün deyil. “Lakin çox vacib və aydın bir fakt var: biz hər ikimiz – yəni Prezident İlham Əliyev və mən bu vəziyyəti dəyişmək istəyirik. Ölkələrimiz arasındakı münasibətlərin məzmununu dəyişmək niyyətindəyik”, – Paşinyan vurğulayıb.

Onu da deyib ki, ilkin sülh sazişi ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasını nəzərdə tutur: “Bu, orta və uzunmüddətli məqsəddir və biz onun reallaşmasına fokuslanacağıq”...

Əlbəttə, Paşinyan və komandası hələ erməni xalqı demək deyil. Ancaq onun əlində siyasi hakimiyyət, ictimai rəyi məqbul səmtə yönəltmək üçün güclü, unikal resurslar və rıçaqlar var. Yəqin ki, onların hamısından istifadə edəcək.

Bunu hər şeydən öncə Ağ Evdəki anlaşmalardan sonra Moskvanın İrəvana artan təhdidi və hədələri diktə edirik. Güman ki, Bakı və Ankara da “eyni qayıqda” olmağımızı və şimaldan eyni təhdidlərlə üzləşdiyimizi əsas götürüb bu tarixi missiyada Paşinyana gərəkən köməyi əsirgəməyəcək. Zira, masaya Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik, barışıq və rifah kimi son dərəcə prioritet məsələlər qoyulub.

Rusiyaya bir daha xalqları toqquşdurmaq şansı və “lüksü” vermək olmaz!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

31 Iyul 2026

29 Iyul 2026

25 Iyul 2026

21 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026