Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi təxminən 4 aydır gəmidə qalıb. Ekipaj üzvləri 7 aydan artıqdır əməkhaqqı ala bilmir. Üstəlik, onların Azərbaycana qayıtması da mümkün deyil.
Bu barədə Türkiyənin "ADLER" şirkətinə məxsus “CONSUL” gəmisinin kapitanı Səbuhi Salahov Musavat.com-un redaksiyasına müraciətində bildirib.
Kapitanın sözlərinə görə, gəmi Rusiyadan Moldovaya kömür daşımaq üçün yola çıxıb. Lakin Qara və Azov dənizlərində gəmilərə hücumlar və təhlükəsizlik vəziyyəti səbəbindən marşrut bağlanıb. Nəticədə gəmi Rostovda, Don çayında lövbərdə qalıb.
“Demək olar ki, 4 aya yaxındır ki, Rusiyanın Rostov şəhərində gəmi ilə gəldik bura, yük götürdük. Biz buradan Moldova limanına qayıtmalı idik. Qara dənizdə, Azov dənizində vurulan gəmilərə görə yolları bağladılar. Biz də 4 aydan artıqdır qalmışıq burada”, – deyə S.Salahov bildirib.
Kapitanın sözlərinə görə, ekipajın şirkətdən 7 aydan çox əməkhaqqı alacağı var və ümumi məbləğ 100 min ABŞ dollarını keçir: “Bizim firmada 7 aydan çox olan maaşlarımız var. 100 min dollar məbləğini keçir. Firma nə maaşımızı verir, nə yola salır, nə Azərbaycana gələ bilirik. Vəziyyət çox acınacaqlıdır. Demək olar ki, günü-gündən də pisə doğru gedir”.
S.Salahov şirkətlə əlaqə saxlamaqda da çətinlik çəkdiklərini deyib. Onun sözlərinə görə, rəhbərliyə müxtəlif kanallarla müraciət etsələr də, cavab ala bilmirlər:
“Firma hamını bloklayıb. Kimə zəng eləyirik “WhatsApp”da baxmırlar, hamını atırlar bloka”.
Kapitan bildirib ki, hazırda gəmidə 12 ekipaj üzvü var. Onlardan 11-i Azərbaycan, biri isə Rusiya vətəndaşıdır. Kapitanın sözlərinə görə, özəl şirkət olan "ADLER"in İstanbulda ofisi var. Sahibləri Türkiyə və Azərbaycan vətəndaşlarıdır.
S.Salahov ekipajın ərzaq və gündəlik ehtiyaclarla bağlı da çətinlik yaşadığını deyib:
“Dörd aydır burada lövbərdə dayanmışıq. Demək olar ki, yemək-içmək də yoxdur. Pulsuz burada qalmışıq. Pul göndərmədikləri üçün evimizə də heç nə yollaya bilmirik”.
Kapitanın sözlərinə görə, dənizçilərin şirkətdən tələbi yalnız əməkhaqlarının ödənilməsi və onların Azərbaycana qaytarılmasıdır:
“Pulumuzu versinlər ki, Azərbaycana qayıda bilək”.
S.Salahov bildirib ki, ekipaj üzvləri gəmini tərk edib Azərbaycana qayıtmaq imkanını da müzakirə ediblər. Lakin bu halda şirkətdən əməkhaqlarını almaq imkanlarının daha da çətinləşəcəyindən ehtiyat edirlər.
Kapitan Səbuhi Salahov Musavat.com-a müraciətində aidiyyəti qurumlardan və şirkət rəhbərliyindən ekipajın vəziyyətinə müdaxilə edilməsini və Azərbaycana qaytarılmalarına köməklik göstərilməsini istəyib.
Şahanə Rəhimli
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ