Onlayn ictimai-siyasi qəzet
2022-ci ildə başlayan genişmiqyaslı işğaldan bu yana Rusiya Ukraynaya qarşı misli görünməmiş sayda hava hücumu həyata keçirib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat telegram kanalına açıqlamasında deyib.
![]()
Onun sözlərinə görə, Rusiya indiyədək Ukrayna ərazisinə 13 min raket, 88 min pilotsuz uçuş aparatı və 120 mindən çox idarəolunan aviabomba (KAB) buraxıb.
“Bu rəqəmlərə baxanda Ukraynaya nə qədər sursat atıldığını təsəvvür etmək çətindir. Müharibənin ilk ilində bombalardan bu qədər istifadə olunmurdu. Amma bu gün təkcə KAB-ların sayı 120 mini keçib. Üstəlik, 13 min raket və 88 min pilotsuz aparat buraxılıb”, - deyə İqnat bildirib.
O, həmçinin Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin məhv etdiyi Rusiya raketlərinin statistikasını açıqlayıb.
İqnatın sözlərinə görə, indiyədək 86 ədəd “Kinjal” hipersəs raketi, 700-dən çox “Kalibr” qanadlı raketi, 2500 ədəd “X-101” tipli və analoji raket, eləcə də 260 “İskəndər-K” raketi zərərsizləşdirilib. Bundan başqa, Rusiya tərəfindən Ukrayna ərazisinə çoxsaylı “S-300” zenit raketləri də buraxılıb.
O qeyd edib ki, Ukraynaya qarşı xeyli sayda ballistik raket tətbiq olunub və hazırda onların bir hissəsi “Patriot” hava hücumundan müdafiə sistemi vasitəsilə ələ keçirilə bilir.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkə ərazisinin böyük hissəsinin Rusiya raketlərini vura biləcək hava hücumundan müdafiə sistemləri ilə təmin olunmadığını etiraf edib. Onun sözlərinə görə, Ukrayna ərazisinin təxminən 80 faizində belə sistemlər yoxdur. Prezident həmin sistemlərin konkret harada yerləşdirildiyini açıqlamayıb.
Zelenski əlavə edib ki, əvvəlki çıxışlarında səsləndirdiyi PUA və HHM ilə bağlı fikirlər tərəfdaşları tənqid etmək məqsədi daşımayıb, sadəcə real vəziyyətə diqqət çəkmək üçün səsləndirilib. O bildirib ki, Kiyev hava hücumundan müdafiəni gücləndirmək üçün imkanlar axtarmaqda davam edir.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynadakı müharibədə hələ bütün məqsədlərinə nail olmadığını və buna görə “irəliləməyə davam edəcəyini” deyib.
Onun sözlərinə görə, Ukraynanın bir hissəsinin ələ keçirilməsi “ölkənin şərqində yaşayan insanların təhlükəsizliyinin təmin olunması” məqsədi daşıyır.
Peskov eyni zamanda bildirib ki, Rusiya qarşıya qoyduğu hədəflərə “siyasi-diplomatik vasitələrlə” nail olacağına ümid edir.
İqbal RZAYEV,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ