İnsanlara hürriyət, millətlərə istiqlal!

200 mindən çox insan evini itirdi

Yəməndə hökumət qüvvələri ilə husilər arasında davam edən qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı 200 mini keçib.

Musavat.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, böhran son həftələrdə sürətlə dərinləşib. Sentyabrın ortalarında ölkədə məcburi köçkünlərin sayı 76 min olduğu halda, ayın sonunda bu rəqəm 145 minə yüksəlib. Hazırda isə 201 min 217 nəfərin evlərini tərk etdiyi bildirilir.

IOM açıqlamasında qeyd olunub ki, məcburi köçkünlərin sayı hər gün artır və bununla yanaşı humanitar ehtiyaclar da genişlənir. Təşkilat yardım üçün lazım olan maliyyə resurslarının isə sürətlə tükəndiyini vurğulayıb.

IOM-un baş direktoru Emi Pope bildirib ki, insanlar həyatlarını xilas etmək üçün evlərini tərk etsələr də, sığınmaq üçün təhlükəsiz yer tapa bilmirlər.

“Bu gün onların sığınacağa, ərzağa və təhlükəsizliyə ehtiyacı var. Komandalarımız ərazidə fəaliyyət göstərir, lakin bunun üçün lazımi maliyyə yoxdur. Donorları dərhal hərəkətə keçməyə çağırıram”, - deyə Pope bildirib.

O, Yəmənin unudulmuş böhrana çevrilməməli olduğunu vurğulayıb və gecikən hər günün insan həyatı bahasına başa gələ biləcəyini qeyd edib.

Məlumata görə, son günlər Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında döyüşlər xüsusilə Taiz və Babül-Məndəb boğazı ətrafında intensivləşib.

Hökumət qüvvələri husilərin irəliləyişinin qarşısını almaq məqsədilə “Yəmən Şəfəqi” adlı əməliyyata başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının isə əməliyyata havadan dəstək verdiyi bildirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR