İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını təhqir edən plakat efirə getdi – Makron Fransa televiziyasına qəzəbləndi

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makron haqqında təhqiramiz ifadənin ölkənin aparıcı televiziya kanallarından birində nümayiş etdirilməsinə sərt reaksiya verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qalmaqal “France 2” telekanalının oktyabrın 6-da məktəblilərin etiraz aksiyalarını işıqlandırması zamanı baş verib.

Gündüz xəbərlərinin yayımı zamanı nümayişçilərdən birinin əlindəki plakat bir neçə saniyə efirdə görünüb. Plakatda Makronun həyat yoldaşı Bricitə qarşı kobud ifadə yer alıb. Yazıda həmçinin gələcək Fransa prezidentinin gənclik illərində Bricitin onun müəllimi olmasına eyham vurulub.

“Le Parisien”in məlumatına görə, Makron təkcə həmin görüntünün efirə verilməsindən deyil, telekanal rəhbərliyinin hadisədən sonra açıq şəkildə üzr istəməməsindən də narazı qalıb.

Hadisə “France 2”nin redaksiya nəzarəti ilə bağlı tənqidlərə səbəb olub.

“France Télévisions”un milli xəbərlər redaksiyasının rəhbəri Jülyen Düperre bildirib ki, telekanal nümayiş iştirakçılarının əllərində tutduqları plakatların məzmununa görə məsuliyyət daşımır.

Bununla belə, o etiraf edib ki, redaksiya efirə verilən görüntülərə, xüsusilə də təhqiramiz ifadələrin yer aldığı kadrlara nəzarət etməlidir.

Qalmaqaldan sonra “France Télévisions”un informasiya xidməti bütün redaksiyalara bu məsuliyyəti xatırladıb.

Qeyd edək ki, Fransada məktəblilərin etiraz aksiyaları sentyabrın sonlarından davam edir. Nümayişçilər təhsil müəssisələrinin maliyyələşdirilməsinin artırılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını və təhsil sistemində bərabərliyin təmin edilməsini tələb edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR