İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu meyvə ölkəyə yüz milyonlarla dollar gətirir – Fermerlər nəyi bilməlidir?

Son illərdə Azərbaycana yüz milyonlarla dollar gəlir gətirən əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur.

Musavat.com xəbər verir ki, ölkədə xurma bağlarından ildə 220 min tondan artıq məhsul toplanaraq daxili və xarici bazarlarda satılır.

Xurma Azərbaycan üçün strateji ixrac məhsulu sayılır – hər il Azərbaycandan xaricə 130–140 milyon dollarlıq xurma ixrac edilir. 2022–2025-ci illərdə xurma ixracı Azərbaycana yarım milyard dollar gəlir gətirib. Təkcə 2025-ci ildə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 144,2 milyon dollar olan 187,5 min ton xurma ixrac edib.

Xurma Azərbaycanın əksər ərazilərində yetişdirilir. Aqrar Sığorta Fondunun məlumatına görə, ölkə üzrə xurma bağlarının sahəsi 16 min hektara yaxın, bu sahədə əsas bölgələrdən biri isə Mərkəzi Aran regionudur. Mərkəzi Aran bölgəsində 5 600 hektara yaxın xurma bağı var. Bu, bütün ölkə üzrə əkinlərin 35 faizii deməkdir. Təkcə Ağdaş rayonunda xurma bağlarının sahəsi 2 200 hektardan artıqdır.

Xurma bağlarının məhsuldarlığı rayonlardan və bağa qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 5–28 ton arasında ola bilir.

dd4bff3b-00a5-34f5-8607-ad700ff1c033_1200.jpg (90 KB)

Daxili bazardakı tələbat və ixrac imkanları sayəsində xurma bağları fermerlərin rifahında böyük rol oynayır, bu sahədən gələn gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Amma baş verə biləcək müxtəlif hallar, o cümlədən təbiət hadisələri xurma bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirsiz qalmasına səbəb ola bilər. Digər kənd təsərrüfatı bitkilərində olduğu kimi, təsərrüfatları belə hallardan Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.

Hesablamalara görə, məsələn, Mərkəzi Aran regionuna daxil olan Ağdaş rayonunda 1 hektar xurma bağının əsas risklərdən sığortalanması fermerə cəmi 65 manata başa gəlir. Bu hesablamada hektardan 100 sentner – 10 ton xurma məhsulu, xurmanın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 60 qəpik olması əsas götürülüb.

Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 10 000 kq × 0,60 manat = 6 000 manat təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 130 manatdır. Aqrar sığorta haqqının 50 faizini dövlət ödədiyinə görə fermerin ödədiyi məbləğ cəmi 65 manat olur.

Başqa sözlə, fermer 6 000 manatlıq xurma məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 65 manat ödəyir. Bu məbləğ xurma bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Belə ki, 1 hektar məhsuldar xurma bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 2 000–2 500 manat təşkil edir. 65 manatlıq sığorta haqqı bu məbləğin cəmi 2,5–3 faizinə bərabərdir. Yən fermerin xurma bağının əsas risklərdən sığortalanmasına ödədiyi məbləğ onun illik qulluq xərclərindən təxminən 30–38 dəfə azdır.

ASF-dən verilən məlumata görə, Azərbaycanda aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatlar arasında Ağdaş rayonundan olan təsərrüfatlar da var. İndiyədək Ağdaş rayonunda ümumilikdə 545 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bundan 234 min manat kənd təsərrüfatı heyvanlarının sığortası, 311 min manat isə bitkiçilik sığortası üzrə həyata keçirilib və bu məbləğlər hər gün artmaqdadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR