İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit istəyənlərə yeni çətinlik – ŞƏRH


İstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub. Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirlərə nisbəti (BGN əmsalı) 70 faizdən artıq olmamalıdır.

Bu o deməkdir ki, istehlak krediti götürən şəxsə zamin duran şəxsin borcunun gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır. Sadə dillə desək, zaminin aylıq borc ödənişləri onun gəlirlərinin 70 faizini keçməməlidir.

Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, borc ödənişləri 700 manatdan artıq olmamalıdır. Belə olduğu təqdirdə, həmin şəxslər zamin qismində çıxış edə bilməyəcəklər. Bu tələb oktyabrın 10-dan sonra yaranmış kredit tələblərinə şamil ediləcək.

O halda kredit götürmək istəyənlərin zamin axtarışlarında çətinliyi yaranacaqmı?

Əkrəm Həsənov: "Bank Standard"ın bəzi borclularına güzəşt edilir"

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb. Hüquqşünasın sözlərinə görə yeni qayda zamin tapmaqda müəyyən çətinliklər yarada bilər: “Amma ümumilikdə, bunu düzgün qərar hesab edirəm. Çünki Azərbaycanda zaminlik institutu bəzi hallarda formal xarakter daşıyır. İnsanlar bəzən özlərinin və zamin durduqları şəxslərin real maliyyə imkanlarını nəzərə almadan bu öhdəliyi üzərlərinə götürürlər.

Əslində, banklar indiyə qədər də zamin kimi təqdim olunan şəxslərin maliyyə vəziyyətini araşdırırdılar. Şəxsin başqa kredit öhdəliklərinin olub-olmaması, kredit tarixçəsi və gəlirləri nəzərə alınırdı. Əgər onun kifayət qədər borcu var idisə və gəliri əlavə öhdəliyi qarşılamağa imkan vermirdisə, bank həmin şəxsi zamin kimi qəbul etməyə bilərdi. Yəni banklar bu məsələyə müəyyən qədər diqqət yetirirdilər.

Lakin görünür ki, bəzi hallarda zaminlik yenə də formal xarakter daşıyırdı. Məsələn, kifayət qədər gəliri olan bir şəxs bir neçə nəfərə zamin durur, amma sabah həmin şəxslər kreditlərini ödəyə bilməyəndə zaminin də bütün öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər maliyyə imkanının olmadığı ortaya çıxır".

Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bankın bu istiqamətdə daha sərt tələblər müəyyənləşdirməsi, əgər məqsəd zaminin real ödəmə qabiliyyətinin nəzərə alınmasını təmin etməkdirsə, müsbət addımdır: “Çünki zaminlik, sadəcə, sənədə imza atmaq deyil, hüquqi və maliyyə məsuliyyəti daşımaq deməkdir. Borcalan kreditini ödəyə bilmədikdə, müqavilənin şərtlərindən və qanunvericiliyin tələblərindən asılı olaraq, bu məsuliyyət zaminin də üzərinə düşə bilər. Buna görə də zaminin maliyyə vəziyyəti əvvəlcədən düzgün qiymətləndirilməlidir.

Bu yanaşma, eyni zamanda, problemli kreditlərin yaranma riskini azalda bilər. Bank kredit verərkən təkcə borcalanın deyil, zaminin də real maliyyə imkanlarını düzgün qiymətləndirməlidir. Əks halda, kreditin qaytarılması ilə bağlı problem yarandıqda, zaminin də başqa kreditlər üzrə öhdəliklərinin olduğu üzə çıxır və bank borcun geri qaytarılmasında çətinliklə üzləşir.

Məsələn, bir şəxsin aylıq 3 min manat əməkhaqqı və beş banka kredit borcu varsa, onun gəlirinin böyük hissəsi artıq mövcud öhdəliklərinin ödənilməsinə yönələ bilər. Belə bir şəxsin əlavə kreditə zamin durması risklidir. Çünki borcalan ödənişləri dayandırarsa, zaminin öz gəliri hesabına həmin öhdəliyi yerinə yetirməsi çətinləşə bilər. Əməkhaqqından tutulmaların məbləği isə qanunvericiliklə müəyyən edilən hədlər və konkret vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilir. Ona görə də hesab edirəm ki, zaminlik məsələsinə daha ciddi yanaşılması həm bankların, həm də vətəndaşların maraqlarına uyğundur. Bəli, yeni tələblər zamin tapmağı çətinləşdirə bilər. Ancaq əsas məqsəd formal zaminliyin qarşısını almaq, insanların ödəyə bilməyəcəkləri maliyyə öhdəliklərini üzərlərinə götürməsinin qarşısını almaq və gələcəkdə problemli kreditlərin sayını azaltmaq olmalıdır”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR