İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Azərbaycana qarşı kampaniya kimə sərf edir? - mühüm mesaj

Son günlər Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrində Azərbaycana qarşı aparılan kampaniyanın intensivləşməsi təsadüfi proses təsiri bağışlamır. Eyni mövzular ətrafında oxşar ittihamların səsləndirilməsi, Azərbaycan dövlətinin daxili siyasətinin hədəfə alınması və ayrı-ayrı siyasi fiqurların bu kampaniyaya qoşulması prosesin arxasında hansı qüvvələrin dayandığı barədə ciddi suallar yaradır.

Məsələnin ən narahatedici tərəfi isə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyə kölgə salmağa hesablanmış bu cür cəhdlərin qardaşlıq ritorikası altında təqdim edilməsidir. Hakim Yeni Azərbaycan Partiyasının məsələ ilə bağlı mövqeyi də göstərir ki, söhbət artıq adi fikir ayrılıqlarından deyil, Azərbaycanın suveren hüquqlarına və müstəqil siyasətinə münasibətdən gedir. Əgər ayrı-ayrı şəxslərin açıqlamaları ilə məhdudlaşmayan, koordinasiyalı xarakter daşıyan bir prosesdən söhbət gedirsə, onun mümkün təşkilatçıları, məqsədləri və siyasi sifarişçiləri də aydınlaşdırılmalıdır. Türkiyədəki müəyyən dairələrin Azərbaycanı öz daxili siyasi və ideoloji baxışlarına uyğunlaşdırmaq cəhdləri nə müttəfiqlik prinsipinə, nə də dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət anlayışına uyğundur.

Türkiyədə Azərbaycana qarşı bu kampaniyanın arxasında hansı maraqlar dayanır və prosesin xaricdən yönləndirildiyini göstərən əlamətlər varsa, onun məqsədi iki qardaş ölkə arasındakı strateji etimadı sarsıtmaqdırmı?

Rəşad Bayramov - "Laçın şəhəri günü” ədalətsizliyin sona çatmasının  simvoludur” |

Politoloq Rəşad Bayramov bu məsələləri Musavat.com-da belə şərh etdi: “Azərbaycan və Türkiyə arasındakı münasibətlərin möhkəmliyi ayrı-ayrı siyasi hadisələr və ya müəyyən qrupların çağırışları ilə ölçülə bilməz. Çünki iki ölkə arasında mövcud olan yaxınlıq ortaq etnik köklərdən, dildən və mədəniyyətdən qaynaqlanmaqla yanaşı, uzun illər ərzində formalaşmış siyasi müttəfiqliyə və qarşılıqlı maraqlara əsaslanır. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi tərəfdaşlıq və müdafiə sahəsində əməkdaşlıq bu əlaqələrin əsas istiqamətlərini təşkil edir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu hüquqi-siyasi baxımdan təsdiqləyən mühüm sənəddir”.


Politoloq onu da diqqətə çatdırdı ki, belə bir təmələ malik münasibətlərin İstanbul və Ankarada keçirilən bir neçə etiraz aksiyası nəticəsində sarsılması mümkün deyil:

“Müəyyən siyasi və dini çevrələrin səsləndirdiyi fikirlər nə Türkiyə cəmiyyətinin ümumi mövqeyi, nə də iki xalqın münasibətlərinə dair yekun qənaət kimi qəbul edilə bilər. Ayrı-ayrı şəxslərin və təşkilatların mövqeyini bütöv bir ölkənin münasibəti kimi təqdim etmək həm yanlış yanaşmadır, həm də ictimai rəyin təhrifinə gətirib çıxara bilər. Azərbaycan-Türkiyə münasibətlərinin keçdiyi tarixi yol da bu yaxınlığın müvəqqəti siyasi mübahisələrdən daha dərin köklərə malik olduğunu göstərir. Türkiyənin Qarabağ məsələsində Azərbaycana verdiyi siyasi dəstək, iki ölkənin təhlükəsizlik sahəsində əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı iqtisadi layihələrin genişlənməsi əməkdaşlığın konkret nəticələridir. Bu əlaqələr yalnız bəyanatlar və simvolik ifadələrlə deyil, praktik fəaliyyət və ortaq maraqlar əsasında inkişaf edib. Buna görə də ikitərəfli münasibətlərin gələcəyini ayrı-ayrı aksiyalarda səsləndirilən şüarlar əsasında qiymətləndirmək düzgün olmazdı.


İstanbulda Bakıya qarşı aksiyanın şifrələri – Sifarişçilər kimdir? —  TodayPress.tv

Bununla belə, baş verən hadisələrin ictimai müstəvidə yarada biləcəyi riskləri də nəzərdən qaçırmaq olmaz. Sərt ittihamlar, emosional çıxışlar və yoxlanılmamış məlumatların yayılması cəmiyyətlər arasında yanlış təsəvvürlərin formalaşmasına şərait yarada bilər. Xüsusilə dini məsələlərin dünyəvilik və xarici siyasət mövzuları ilə birləşdirilərək qarşıdurma vasitəsinə çevrilməsi müzakirələrin konstruktiv məcradan uzaqlaşması ilə nəticələnə bilər. Əsas təhlükə etirazların keçirilməsindən daha çox, onların iki qardaş xalq arasında süni qarşıdurma yaratmaq məqsədilə istifadə olunmasıdır. Bu baxımdan, ictimai müzakirələrdə faktlara əsaslanmaq, ayrı-ayrı qrupların mövqeyini bütöv cəmiyyətə şamil etməmək və emosional çağırışlara təmkinlə yanaşmaq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında hər hansı məsələyə dair fərqli fikirlərin səslənməsi mümkündür. Lakin fikir ayrılıqları qarşılıqlı hörmət və dialoq çərçivəsində həll edilməli, onların xalqlar arasında etimadı zəiflətməsinə imkan verilməməlidir. O baxımdan düşünürəm ki, ayrı-ayrı qrupların İstanbul və Ankaradakı aksiyaları iki ölkə arasındakı münasibətlərin ümumi mənzərəsini müəyyənləşdirən amil deyil. Azərbaycan-Türkiyə qardaşlığı tarixi yaddaş, siyasi iradə, qarşılıqlı dəstək və ortaq gələcək maraqları ilə möhkəmlənib. “Bir millət, iki dövlət” prinsipi də məhz bu çoxşaxəli bağlılığın ifadəsidir. Ayrı-ayrı hadisələrin yaratdığı gərginliyi böyütmək əvəzinə, mövcud etimadı qorumaq və əməkdaşlığı davam etdirmək hər iki cəmiyyətin maraqlarına uyğundur”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR