Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı ilin payız sessiyası 28 sentyabr-2 oktyabr tarixlərində Fransanın Strasburq şəhərində keçirilib. Azərbaycan nümayəndə heyəti AŞPA-nın işində iştirak etmədiyindən, payız sessiyasında ölkə ilə bağlı hər hansı yeni qərar və ya müzakirə gözlənilməyib.

Azərbaycanla bağlı əsas məsələ artıq iyun sessiyasında qəbul edilib. AŞ PA iyunun 24-də “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı 2663 saylı qətnaməni qəbul edib. Assambleya insan hüquqları, media və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı son dərəcə sərt ittihamlar irəli sürüb, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını tələb edib və Milli Məclisi AŞ PA ilə dialoqu bərpa etməyə çağırıb.
AŞPA-nın növbəti tamhüquqlu plenar sessiyası (2027-ci ilin qış sessiyası) ənənəvi olaraq yanvarda baş tutacaq. 24 yanvar 2024-cü ildə AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini (etimnaməsini) təsdiqləməkdən imtina edib. Amma bizi maraqlandıran tərəfi odur ki, Azərbaycan nə zaman AŞ PA-da iştirakını bərpa edəcək? Ümumiyyətlə, Azərbaycanın uzun illər bu strukturda çıxışının olmaması gözləniləndirmi? AŞ PA niyə mövqeyini yumşaltmır?

Nümayəndə heyətimizin üzvü olan deputat Könül Nurullayeva Musavat.com-a bildirib ki, Azərbaycanın iştirakının nə zaman bərpa olunacağı qarşı tərəfin ikili standartlar siyasətindən əl çəkməsindən asılıdır: “Rəsmi Bakı haqlı olaraq Avropa institutlarının Azərbaycana münasibətində mövcud olan ikili standartları qəbul etmir. Dövlət başçımızın da söylədiyi kimi, 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞ PA-da heç vaxt sanksiya altında olmayıb. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin səsvermə hüququndan məhrum edildik. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi”.
Deputat hesab edir ki, Azərbaycan hər zaman konfrontasiyadan uzaq olub: “Amma ədalətsizliyə, ikili standartlara da susmaq fikrimiz olmayıb və bundan sonra da olmayacaq. Beş il ərzində məhz ölkəmizə qarşı 13 qətnamənin qəbul edilməsi qərəzin ən bariz göstəricidir. Təbii ki, Azərbaycan normallaşmaya hazırdır. Amma prezident İlham Əliyevin də söylədiyi kimi, ilk addımı qarşı tərəf atmalıdır”.
Cavanşir Abbaslı
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ