İnsanlara hürriyət, millətlərə istiqlal!

30 iyun, yoxsa Valentin günü?

Milli Sevgililər Günü hələ də istənilən səviyyədə populyarlıq qazanmayıb - səbəbləri...

Artıq bir neçə ildir ki, Azərbaycanda 30 iyun tarixi Sevgililər Günü kimi qeyd olunur. Bu gün beynəlxalq miqyasda tanınan 14 fevral - Valentin günündən fərqli olaraq, milli-mənəvi dəyərlərimizə söykənən və Azərbaycan sevgisinin rəmzinə çevrilən xüsusi bir tarix hesab edilir.

30 iyunun Sevgililər Günü kimi qeyd olunması ilə bağlı hər hansı rəsmi qərar və ya dövlət sənədi mövcud olmasa da, son illərdə bu tarix cəmiyyətin müəyyən təbəqələri, xüsusilə də gənclər arasında maraq doğurmağa başlayıb. Bu günün seçilməsi isə təsadüfi deyil və olduqca təsirli  sevgi hekayəsinə əsaslanır.

Belə ki, 1990-cı il 20 Yanvar faciəsində şəhid olan İlham Allahverdiyevin həyat yoldaşı Fərizə Allahverdiyeva onun itkisinə tab gətirə bilməyərək intihar edib. Onların məhəbbət hekayəsi Azərbaycanda sədaqət və əbədi sevginin simvoluna çevrilib. Məhz İlham və Fərizənin toy günü olan 30 iyun tarixi 2003-cü ildən etibarən qeyri-rəsmi şəkildə Azərbaycanın Sevgililər Günü kimi yaddaşlarda yaşamağa başlayıb.

Lakin bir həqiqət də var ki, milli Sevgililər Günü kimi təqdim olunan 30 iyun tarixi hələ də 14 fevralda qeyd edilən Valentin gününün populyarlıq səviyyəsinə çata bilməyib. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da 14 fevral daha geniş qeyd olunur, ticarət şəbəkələri və sosial media kampaniyaları bu günün tanınmasına ciddi təsir göstərir.

Bəs səbəb nədir? Niyə Azərbaycanın öz sevgi simvoluna çevrilən 30 iyun tarixi gənclər arasında geniş populyarlıq qazana bilmir? Milli Sevgililər Gününün kölgədə qalmasına təsir edən amillər hansıdır?

Dünyanı sarsıdan olaydan sonra Azərbaycan da təlaşda – "Hazır olmalıyıq" -  Globalinfo.az

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov  “Yeni Müsavat”a danışıb. Ekspertin fikrincə, həm 14 fevral, həm də 30 iyun tarixinin bayram kimi qeyd olunması daha doğru yanaşmadır: “Elə bayramlar var ki, onlar artıq müəyyən bir xalqın və ya ölkənin sərhədlərini aşaraq ümumbəşəri xarakter qazanıblar. Belə bayramlar dünyanın hər yerində millətindən, dinindən, dilindən, irqindən və rəngindən asılı olmayaraq insanlar tərəfindən böyük coşğu ilə qeyd olunur. Məhz 14 fevral - Sevgililər Günü də zamanla öz tarixi köklərindən daha geniş bir məna qazanaraq qlobal bir sevgi bayramına çevrilib. İnsanlar, xüsusilə də gənclər və yeniyetmələr həmin günü öz hisslərini daha açıq şəkildə ifadə etmək, sevdikləri insanlara sevgilərini çəkinmədən və qorxmadan bildirmək üçün bir fürsət kimi dəyərləndirirlər. Bu da istər-istəməz hər yeni nəsildə maraq doğuran və davamlı şəkildə yaşadılan bir ənənəyə çevrilib.

Bu baxımdan Azərbaycanda da uzun illərdir mübahisələr səngimir. Tez-tez belə bir sual ortaya çıxır ki, 14 fevralın Azərbaycan insanına nə dərəcədə aidiyyəti var? Azərbaycan cəmiyyəti öz tarixində və mədəni yaddaşında xüsusi yer tutan başqa bayramları, o cümlədən sevgi ilə bağlı milli dəyərlərə əsaslanan günləri qeyd etməlidirmi? Xüsusilə də 30 iyun - məlum hadisələr fonunda əfsanələşmiş məhəbbət dastanı ilə bağlı formalaşan sevgi gününü bayram etməlidir, yoxsa bütün dünyada olduğu kimi 14 fevral Valentin və ya Sevgililər Gününü qeyd etməlidir?

Bu mübahisələr hələ də davam edir. Hər il 14 fevral ərəfəsində, eləcə də 30 iyun yaxınlaşdıqca Azərbaycan cəmiyyətində, təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar arasında da ictimai debatlar yenidən qızışır. Hər dəfə eyni fikirlər səslənir, eyni arqumentlər irəli sürülür, lakin ortada qəti bir nəticə görünmür. Maraqlıdır ki, bütün bu müzakirələrə baxmayaraq, azərbaycanlılar həm 14 fevralı qeyd edirlər, həm də cəmiyyətin fəal hissəsi 30 iyunu xüsusi sevgi günü kimi qeyd etməyə davam edir.

Mənim fikrimcə, hər iki günün bayram kimi qeyd olunması daha doğru yanaşmadır. Ümumiyyətlə, nə qədər çox insanları bir araya gətirən, onları müsbət emosiyalar ətrafında birləşdirən bayram olsa, bu, həm vətəndaşlarımız, həm gənclər, həm də yeniyetmələr üçün bir o qədər əhəmiyyətli hadisəyə çevrilər. Axı sevgidən gözəl nə ola bilər? Hətta mən düşünürəm ki, sevgi ilə bağlı yalnız bu iki gün deyil, il ərzində hər ay müəyyən bir gün seçilə bilər. İnsanlar həmin günlərdə yalnız qadın və kişi arasındakı sevgini deyil, ata-anaya, övlada, yaşlılara, dostlara, vətənə, xalqa, ümumiyyətlə insana olan sevgilərini də ifadə edə bilərlər. Çünki bu gün bizdə ən çox çatışmayan məhz budur.

Biz elə bir dövrdə yaşayırıq ki, insanların sevgiyə və müsbət emosiyalara ehtiyacı əvvəlki dövrlərlə müqayisədə daha çoxdur. Dünyada baş verən müharibələr, pandemiyalar, xəstəliklər, epidemiyalar, hər gün rast gəldiyimiz təbii fəlakətlər, texnogen qəzalar və digər kataklizmlər insanların psixologiyasına ciddi təsir göstərir. Bütün bunlar insanların əsəblərini gərir, onları yorur və aqressiyanı artırır. Belə bir zamanda insanların həm sevgiyə, həm də bayramlara ehtiyacı var ki, cəmiyyətdə yaranan psixoloji gərginlik müəyyən qədər yumşalsın.

Azərbaycan insanı tarixən bayramı sevən, toya meylli, qonaqpərvər xalqlardan biri olub. Biz süfrəmizin ən gözəl nemətlərini məhz bayram günlərində, toy məclislərində və qonaq qəbul edərkən təqdim edirik. Eyni zamanda insanlar təkcə sevgi və məhəbbət günlərində deyil, onlar üçün əziz olan hər hansı bir dini və ya dünyəvi bayramda bir-birini yad etməyi, bir-birinə hörmət göstərməyi, sülh və xoşbəxtlik arzulamağı xoşlayırlar. Bu baxımdan həm  Sevgililər Gününün, həm də milli Sevgililər Gününün ayrıca qeyd olunması vacibdir. Buna görə kimlərisə qınamaq, onlara qarşı psixoloji təzyiq göstərmək doğru deyil. İnsanların necə yaşamasını diktə etmək mümkün olmadığı kimi, qanun çərçivəsində yaşadıqları halda hansı bayramı necə qeyd etmələrinə də müdaxilə etmək olmaz".

Aydın Xan Əbilov vurğulayıb ki, xüsusilə də gənclərə və yeniyetmələrə “bunu etməyin” demək əks nəticə verir: “Təcrübə göstərir ki, qadağalar və təzyiqlər çox vaxt onları həmin tədbirləri daha təmtəraqlı şəkildə keçirməyə sövq edir. Hətta bəzən elə formatlar seçirlər ki, yaşlı nəslin bundan xəbəri belə olmur. Məhz buna görə də mən hər iki sevgililər gününün qeyd olunmasının tərəfdarıyam. Gənclər həm özlərinə daha yaxın olan 14 fevralı, həm də 30 iyunu qeyd etməklə sevgiyə olan ehtiramlarını, insanlara, milli dəyərlərə və mənəvi irsə olan hörmətlərini nümayiş etdirmiş olarlar.

Dünyada bunun çoxsaylı nümunələri var. Hindistanda, bir sıra Asiya ölkələrində, eləcə də Avropanın müxtəlif dövlətlərində həm milli sevgi günləri, həm də 14 fevral beynəlxalq Sevgililər Günü qeyd olunur. Heç kim də mübahisə etmir ki, niyə biri qeyd edilir, digəri edilmir və ya niyə biri daha təmtəraqlı, digəri isə daha sadə keçirilir. İnsanlar necə istəyirlərsə, bayramlarını da elə qeyd edirlər. Xüsusilə də söhbət gənclərdən və yeniyetmələrdən gedirsə, onlara yol göstərərkən, məsləhət verərkən bunu nəzərə almaq lazımdır. Çünki onlar çox vaxt bir fikri açıq şəkildə ifadə edirlər: “Bizimlə işiniz olmasın, biz özümüz yaxşı bilirik hansı sevgi gününü necə və hansı formada qeyd etməliyik”.

Hazırladı: Xalidə Gəray

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR