Onlayn ictimai-siyasi qəzet
Hazır cavablar uşaqların düşünmə, araşdırma və müstəqil qərarvermə qabiliyyətini zəiflədə bilər - valideynlər və məktəblər nə etməlidir?
Dündən yeni dərs ilinin başlanması ilə məktəblilərin, tələbələrin də gərgin marafonu başladı. Dərslər, ev tapşırıqları, misallar-məsələlər, kurs işi, tezislər, diplom işi. Artıq müasir nəslin bir nömrəli köməkçisi süni intellektdir. Hələ əlində onun ödənişli versiyası - pullu ChatGPT varsa, bütün bu tapşırıqlar çox asan başa gəlir. Bəs süni intellekt kimin işinə necə yarayır? Bunun ziyanı faydasından daha çoxdurmu?
Süni intellekt son illərdə həyatımızın ən sürətlə dəyişən texnologiyalarından birinə çevrilib. Bir neçə saniyəyə mətn yazmaq, sualı cavablandırmaq, tərcümə etmək, şəkil yaratmaq, dərsi izah etmək, hətta insanla söhbət etmək mümkündür. Xüsusilə uşaqlar və gənclər üçün süni intellekt artıq sadəcə texnologiya deyil, gündəlik həyatın bir hissəsidir. Lakin burada yeni və ciddi bir problem ortaya çıxır: uşaq və yeniyetmənin süni intellektdən istifadə etməsi ilə ona psixoloji və intellektual baxımdan həddindən artıq bağlanması arasında sərhəd haradadır?
Məsələ yalnız uşağın ChatGPT və ya digər süni intellekt alətlərindən çox istifadə etməsində deyil. Əsas təhlükə ondan ibarətdir ki, uşaq müəyyən müddətdən sonra düşünmək, araşdırmaq, yazmaq, qərar vermək və hətta emosional problemlərini həll etmək üçün öz bacarığından daha çox süni intellektə güvənməyə başlaya bilər.
Uşaq deyir: “Mənim yerimə düşün, mənim yerimə hesabla, mənim yerimə yaz!”
Süni intellektin uşaqlar üçün ən böyük üstünlüklərindən biri həm də ən böyük riskə çevrilə bilər: hər şeyə hazır cavab verməsi. Məsələn, şagird inşa yazmalıdır. Əvvəllər mövzu haqqında düşünür, məlumat toplayır, plan qurur, cümlələri özü formalaşdırırdı. İndi isə bir neçə saniyə ərzində hazır mətn əldə edə bilər. Eyni hal tarix, ədəbiyyat, biologiya, xarici dil və digər fənlər üçün də keçərlidir.
Nəticədə uşaq tapşırığı yerinə yetirmiş kimi görünür, amma əslində tapşırığın tələb etdiyi düşünmə prosesini keçməyib. Daha təhlükəlisi isə budur ki, bu davranış təkrarlana-təkrarlana vərdişə çevrilə bilər. Uşaq hər dəfə çətin sualla qarşılaşanda özü düşünmək əvəzinə süni intellektə müraciət edir. Zaman keçdikcə “Mən bunu özüm bacara bilərəmmi?” sualının yerini “Bunu süni intellektə necə yazdırım?” düşüncəsi tutur. Bu isə artıq texnologiyadan sadə istifadə deyil, texnologiyaya intellektual asılılığın formalaşması deməkdir.
Süni intellekt uşağın dostuna çevrilir - necə?
Psixoloqlar müəyyən ediblər ki, problemin başqa bir tərəfi isə süni intellektin uşaqlar və yeniyetmələr üçün “danışan dost” funksiyası qazanmasıdır. Yeniyetmə dostu ilə mübahisə edir, ailəsində problem yaşayır, özünü tənha hiss edir və ya hər hansı qərar qarşısında qalır. Ətrafındakı insanlarla danışmaq əvəzinə bütün bunları süni intellektə danışmağa başlayır.
Süni intellekt isə onu dinləyir, cavab verir, suallarına münasibət bildirir. Bu ünsiyyətin ən böyük fərqi odur ki, qarşı tərəf yorulmur, mübahisə etmir, “İndi vaxtım yoxdur” demir. Bu rahatlıq uşağı real insan münasibətlərindən uzaqlaşdıra bilər. Əgər yeniyetmə özünü yalnız süni intellektlə danışarkən rahat hiss etməyə başlayırsa, burada artıq ciddi sual yaranır: uşaq texnologiyadan istifadə edir, yoxsa texnologiya uşağın sosial və emosional ehtiyaclarını əvəz etməyə başlayır?
Süni intellektin yazdıqları Quran ayəsi deyil
Süni intellektdən alınan cavabların hamısı avtomatik olaraq doğru deyil. Sistem yanlış məlumat verə, mövcud olmayan mənbələr göstərə və ya inandırıcı formada səhv nəticə çıxara bilər. Buna görə uşağın ən vacib bacarıqlarından biri süni intellektin verdiyi məlumatı yoxlamaq olmalıdır. Lakin hazır cavaba öyrəşmiş uşaq bunu etməyəndə problem yaranır. O, cavabın düzgünlüyünü araşdırmır, mənbəyə baxmır, başqa fikir axtarmır. “Süni intellekt belə dedi” ifadəsi onun üçün kifayət edir. Belə vəziyyətdə texnologiyanın yaratdığı rahatlıq tənqidi düşüncənin inkişafının qarşısını ala bilər. Halbuki məktəbin əsas məqsədi uşağa yalnız məlumat vermək deyil, ona düşünməyi öyrətməkdir.
Yaradıcılıq da təhlükə altındadır. Uşağın inkişafında səhv etmək çox vacibdir. Çünki insan məhz səhv edərək yeni üsullar tapır, fikrini dəyişir, yenidən cəhd edir. Süni intellekt isə uşağın qarşısındakı bir çox “çətinliyi” aradan qaldırır. Mətn hazırdır, fikir hazırdır, təqdimat hazırlanıb, şəkil yaradılıb, hətta proqram kodu belə yazılıb. Belə olduqda uşaq nəticə əldə edir, amma nəticəyə aparan yaradıcılıq prosesindən məhrum qalır. Bu səbəbdən süni intellektin uşağın əvəzedicisi yox, köməkçisi olması əsas prinsipə çevrilməlidir.
Məsələn, uşağa “Mənim üçün inşa yaz” demək əvəzinə, “Bu mövzu ilə bağlı mənə üç fərqli fikir ver, sonra özüm yazım” demək daha faydalıdır. Bu zaman süni intellekt düşüncəni əvəz etmir, düşüncəni stimullaşdırır.
Valideyn nəyi, nə qədər yoxlamalıdır?
Burada ən asan, amma ən səmərəsiz yanaşma süni intellekti tamamilə qadağan etməkdir. Çünki uşağı texnologiyadan tam uzaqlaşdırmaq real görünmür. Üstəlik, süni intellekt gələcəyin təhsil və əmək bazarında mühüm vasitələrindən birinə çevrilir. Uşağın bu texnologiyanı düzgün istifadə etməyi öyrənməsi də vacibdir. Valideynin vəzifəsi “Aİ-dən istifadə etmə” deməkdən daha çox, “Aİ-dən necə istifadə etməlisən?” sualına cavab verməkdir.
Uşaq bilməlidir ki:
Süni intellektin verdiyi hər məlumat doğru olmaya bilər;
Hazır cavabı olduğu kimi köçürmək öyrənmək demək deyil;
Şəxsi və həssas məlumatları süni intellekt sistemlərinə yazmaq olmaz;
İnsanlarla ünsiyyəti süni intellektlə əvəz etmək düzgün deyil;
Çətin tapşırığı tamamilə AI-a həvalə etmək əvəzinə, ondan izah və istiqamət almaq daha faydalıdır;
Ən vacibi isə özünün düşünmə, yazma, araşdırma və qərarvermə qabiliyyətini qorumaqdır.
Məktəblər bunun qarşısını necə alacaq?
Məktəblərin qarşısında da yeni vəzifə dayanır. Artıq şagirdin süni intellektdən istifadə edib-etmədiyini müəyyənləşdirmək əvvəlki qədər asan deyil. Buna görə təhsildə yalnız “Aİ-dən istifadə etmək qadağandır” yanaşması uzunmüddətli həll ola bilməz. Şagirdə süni intellektlə işləmək mədəniyyəti öyrədilməlidir. Məsələn, müəllim şagirddən yalnız hazır esse tələb etmək əvəzinə, onun mövzuya dair şəxsi mövqeyini, istifadə etdiyi mənbələri və həmin mövqeyə necə gəldiyini də soruşa bilər. Beləliklə, qiymətləndirilən yalnız son nəticə deyil, düşünmə prosesi olur.
Bəs həqiqətən “asılılıq” varmı? Burada terminə də diqqətlə yanaşmaq lazımdır. Süni intellektdən çox istifadə edən hər uşaq və ya gənc avtomatik olaraq “asılı” sayılmır. Problem o zaman ciddiləşir ki, AI-dan istifadə gündəlik fəaliyyətə mane olur, uşaq özünün bacara biləcəyi işləri belə müstəqil görməkdən imtina edir, real insanlarla ünsiyyət azalır, texnologiyaya müraciət etmədən qərar vermək çətinləşir və istifadəni azaltmaq istəyəndə ciddi narahatlıq yaranır. Yəni əsas məsələ neçə saat istifadə etməsi deyil, süni intellektin uşağın həyatında hansı funksiyanı tutmasıdır.
Süni intellektlə böyüyən nəsil əvvəlki nəsillərdən fərqli olacaq. Onlar məlumatı daha sürətli əldə edəcək, texnoloji imkanları daha yaxşı biləcək və bir çox işləri daha asan görə biləcəklər. Amma qarşıda mühüm seçim dayanır: uşaqlar süni intellektdən daha ağıllı olmaq üçün istifadə edəcəklər, yoxsa düşünmək məcburiyyətindən xilas olmaq üçün? Əsl təhlükə süni intellektin uşağın həyatına daxil olması deyil. Əsl təhlükə uşağın öz beyninin funksiyalarını tədricən texnologiyaya təhvil verməsidir.
Bu səbəbdən gələcəyin təhsilində əsas məqsəd uşaqları süni intellektdən qorumaq yox, onları süni intellekt qarşısında müstəqil düşünə bilən insan kimi saxlamaq olmalıdır. Çünki süni intellekt nə qədər güclənirsə-güclənsin, uşağın özünün düşünməsi, sual verməsi, şübhələnməsi, səhv etməsi, araşdırması və nəticəyə öz zəhməti ilə gəlməsi hələ də əvəzolunmazdır. Əks halda, texnologiya uşağın əlində alət olmaqdan çıxıb, uşağın düşüncəsinin “əvəzedicisi”nə çevrilə bilər.
Sevinc
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ