Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyəti Güney Azərbaycan Milli Hərəkatının dörd tanınmış siması – Abbas Lisani, Əli Xeyirçu, Yusif Kari və Behzad Deşti barəsində ağır həbs qərarı çıxarıb.
Musavat.com xəbər verir ki, məlumata görə, Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsi hakim Məhəmmədrza Amuzadın sədrliyi ilə keçirilən prosesdə dörd milli fəala ümumilikdə 40 il azadlıqdan məhrumetmə cəzası verib. Qərar elektron məhkəmə sisteminə daxil edilib və vəkillərə təqdim olunub.
Məhkəmənin hökmünə əsasən, dörd fəalın hər biri “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə əlbir olmaq və razılaşmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.
Bundan əlavə, Güney Azərbaycan milli hərəkatının tanınmış simalarından olan Abbas Lisaninin “ölkə daxilində türk separatçı qrup yaratmaq və ona rəhbərlik etmək” ittihamı ilə daha 10 il həbs cəzası aldığı bildirilir. Onun mobil telefonunun müsadirəsinə də qərar verilib. Beləliklə, Abbas Lisani barəsində çıxarılan ümumi cəza 15 ilə çatıb.
Yusif Kari və Behzad Deşti isə “türk separatçı təşkilatına üzv olmaq” ittihamı ilə əlavə 5 il həbs cəzası alıblar. Nəticədə onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Əli Xeyirçuya isə 5 il həbs cəzası verilib.
Zorakılıq əməli göstərilməyib
Məhkəmənin əsaslandırıcı hissəsində təhlükəsizlik orqanlarının hazırladığı hesabatlara, texniki materiallara, istintaq zamanı alınmış ifadələrə və iş materiallarında yer alan digər sənədlərə istinad olunduğu bildirilib.
Lakin hökmün mətnində təqsirləndirilən şəxslərin hansı konkret zorakılıq əməlini törətdiyi, yaxud ölkənin təhlükəsizliyinə hansı real zərəri vurduğu barədə faktların göstərilmədiyi diqqət çəkir.
Qərarın İran Cinayət Məcəlləsinin 498, 499 və 610-cu maddələrinə əsaslandığı qeyd olunur. Həmin maddələr “milli təhlükəsizlik” anlayışı çərçivəsində geniş şərh oluna bildiyindən, hüquq müdafiəçiləri onların milli fəallara qarşı tez-tez tətbiq edildiyini bildirirlər.
Məhkəməni boykot etmişdilər
Məlumata görə, Abbas Lisani və Yusif Kari 30 may 2026-cı ildə Evin həbsxanasından məhkəməyə gətirilmələrinə baxmayaraq, prosesi ədalətli hesab etmədiklərini bildirərək iclasda iştirakdan imtina ediblər. Onlar qapalı keçirilən məhkəmə prosesini “şou məhkəməsi” adlandırıblar.
Əli Xeyirçu da məhkəməyə yazılı müdafiə təqdim etsə də, iclasda iştirak etməyib.
Məhkəmə isə təqsirləndirilən şəxslərin iştirak etməməsini hökm çıxarmaq üçün maneə saymayıb və təhlükəsizlik qurumlarının təqdim etdiyi materiallar əsasında qərar qəbul edib.
Abbas Lisani və Yusif Kari barəsində hökm qiyabi qaydada çıxarıldığından, onlara qərarın rəsmi təqdim edilməsindən sonra 20 gün ərzində eyni məhkəməyə etiraz etmək hüququ verilib. Behzad Deşti və Əli Xeyirçu isə Tehran Vilayət Apellyasiya Məhkəməsinə şikayət verə biləcəklər.
Son illərdə Güney Azərbaycanda ana dilində təhsil, türk kimliyinin müdafiəsi və milli hüquqlarla bağlı fəaliyyət göstərən fəalların “milli təhlükəsizliyə qarşı fəaliyyət” və “separatçılıq” ittihamları ilə mühakimə olunması beynəlxalq hüquq müdafiə təşkilatlarının da diqqət mərkəzində olan məsələlərdən biridir.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ