Onlayn ictimai-siyasi qəzet
27 avqust 1941-ci ildə İkinci Dünya müharibəsinin ən faciəli dəniz əməliyyatlarından biri – Tallin keçidi başladı.
Musavat.com xəbər verir ki, minlərlə insanın həyatına başa gələn əməliyyat nəticəsində SSRİ Baltik donanmasının əsas qüvvələrini məhv olmaqdan xilas edə bildi.
Müharibənin başlanğıcında Tallin SSRİ Baltik donanmasının əsas bazası idi. Alman qoşunlarının sürətli irəliləyişindən sonra şəhər mühasirəyə düşdü və burada yerləşən sovet qüvvələrinin əsas hissə ilə əlaqəsi kəsildi.
Tallindən Leninqrad istiqamətində təxliyə qərarı verildi. Donanma Finlandiya körfəzindən keçərək Kronştadta çatmalı idi. Marşrut son dərəcə təhlükəli idi: körfəzdə 2 mindən çox dəniz minası yerləşdirilmişdi, sahillərdə düşmən artilleriyası mövqe tutmuşdu, havadan isə alman aviasiyası gəmilərə zərbələr endirirdi.
Donanma ilə birlikdə hərbçilər, mülki əhali və Estoniya SSR rəhbərliyinin nümayəndələri də təxliyə edilirdi. Gəmilərdə on minlərlə insan var idi.
Tallin keçidindən sağ çıxanlar arasında sonradan məşhur opera müğənnisinə çevrilən Georg Ots da olub. Onun olduğu nəqliyyat gəmisi alman bombardmançıları tərəfindən vurularaq batırılıb. Otsu yaxınlıqdan keçən mina təmizləyən gəmi xilas edib.
Tallindən ümumilikdə 225 gəmi və müxtəlif təyinatlı üzən vasitə yola çıxmışdı. Onlardan 163-ü Kronştadta çata bildi, 62-si isə keçid zamanı məhv oldu.
Tallin keçidi böyük insan itkisinə baxmayaraq, Baltik donanmasının əsas döyüş qüvvələrinin məhv edilməsinin qarşısını aldı. Xilas edilən qüvvələr daha sonra Leninqradın müdafiəsində iştirak etdi.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ