İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbola "A"dan başlamalı...

Milli komandanın baş məşqçisi Ayxan Abbasov  heyətə oyunçunu necə seçsin, kimə desin ki, filan yerli oyunçunu heyətə sal, bir baxaq görək nəyə yarayır?

Neçə gündür klublarla bağlı qızğın müzakirələr gedir. “Qarabağ”ın avrokuboklardan kənarda qalması, “Sabah”ın isə ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasındakı rəqibləri dartışılır. Daha doğrusu, xüsusilə “Qarabağ”a tənqidlərini deyib bitirdilər, “Sabah” isə hələ qarşıdakı oyunlarda çox, lap çox diqqət mərkəzində olacaq.

Püşk atılandan bəri klubun çox güclü rəqiblərlə qarşılaşmalarda neçə qol buraxa biləcəyi və liqa mərhələsində mümkün neçə xal toplayacağı haqda fantastik proqnozlar var. Məsələn, ilk oyunda “Mançester Yunayted”lə səfərdə və ya noyabrda “Barselona” ilə öz meydanında neçə top buraxa biləcəyi barədə proqnozlar səslənir. Bunlara xüsusi əhəmiyyət vermək lazım deyil. Şəxsən mənə görə, hətta “Barselona” olsa belə, “Sabah”ın çox böyük hesabla uduzacağını proqnozlaşdırmaq olmaz. Bəli, bu, ilk beynəlxalq təcrübədir və etiraf etmək lazımdır ki, bu püşkə qədər (“Hapoel” istisna) masazırlıların rəqib sarıdan bəxti gətirmişdi. İndi də çox çətin olacaq, amma yəqin ki, Dabrauskasın xüsusi planları var.

5 gün, 4 ölkə: Abbasov futbolu kənardan yox, içəridən izləyir! - Bizim şərh…

Klublar haqda son ayların müzakirələri milli komandanı “yaddan çıxarıb”. Halbuki milli komandanın 2026/27 mövsümündə əsas rəsmi oyunları yaxınlaşır. Maraqlananlar üçün deyim ki, UEFA Millətlər Liqasında Azərbaycan D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq. Oyunlar sentyabr, oktyabr və noyabr aylarında olacaq. Bu yarışa qədər isə millimiz Tacikistanla yoldaşlıq görüşü keçirəcək. Millətlər Liqasında ən aşağı liqada mübarizə aparan Azərbaycan millisi 3 komanda arasında 1-ci yeri tutarsa, yuxarı liqaya qalxmaq şansı qazanacaq. D liqasından da aşağı düşərsə, düzü, nə olacaq, onu bilmirəm. Hansı hərf gələcək, hansı milli rəqib olacaq, onu AFFA bilər...

Bu, həmin AFFA-dır ki, ötən ilin fevralında İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinə qərar verdi. Bu qərarın nəticəsidir ki, “Qarabağ” və “Sabah” komandalarının hər birində 22 futbolçudan 16-sı legionerdir. “Neftçi”də 21 futbolçudan, “Turan Tovuz”da isə 18 futbolçudan 13-ü əcnəbidir. “Araz-Naxçıvan”ın 21 futbolçusundan 12-si legionerdir. “Qəbələ”nin 22 futbolçusundan, “Şamaxı” və “Şəfa”nın 23 futbolçusundan 10-u, “Zirə” və “Sumqayıt”ın 18 futbolçusundan 9-u, “İmişli”nin 21 futbolçusundan və “Kəpəz”in 24 futbolçusundan 8-i Azərbaycan vətəndaşı deyil.

Picture backgroundLegioner limitinin ləğvi klublara daha geniş transfer imkanları versə də, Azərbaycanda onsuz da sıxıntılı vəziyyətdə olan milli komandaya əlavə problemlər yaradıb. Bu qərardan sonra klublarda əcnəbi futbolçuların sayının sürətlə artması çempionat oyunlarına, bəlkə də, əlavə intriqa qatdı, amma yerli oyunçuların əsas heyətdə özünə yer tapmasını çətinləşdirdi. Bu da həm gənc futbolçuların inkişafı, həm də milli komandanın oyunçu bazasının formalaşması baxımından ciddi problemdir.

Maraqlıdır ki, Azərbaycanın qonşu futbol ölkələrində vəziyyət eyni deyil. Gürcüstan klublarında da legionerlərin sayına sərt qadağa yoxdur. 2026-cı il üzrə liqada 260 futbolçu arasında 89 əcnəbi oyunçu var ki, bu da təxminən 34 faiz təşkil edir. “Zirə”nin Konfrans Liqasının seçmə mərhələsində Kutaisi “Dinamo”su ilə qarşılaşmalarını yada salaq. Meydandakı heyətdə ən azı yarıyadək gürcü soyadları var idi.Yeri gəlmişkən, Gürcüstanın heç bir klubu bu mövsüm Çempionlar Liqasının və ya Avropa Liqasının liqa mərhələsinə çıxa bilmədi. Yalnız Gürcüstan çempionu “İberia 1999” Konfrans Liqasında mübarizə aparacaq.

Ermənistanda isə 2026/27 mövsümündə klubların mövsümlük ərizəsində maksimum 15 legionerə icazə verilməsi barədə qayda qəbul edilmişdi. Lakin bu limit məhkəməyə şikayət olunub və bir neçə gün əvvəl məhkəmə qərarın icrasını müvəqqəti dayandırıb. Bu mövsüm Ermənistanın 4 klubundan yalnız biri – “Ararat-Armenia” – Avropa Liqasının liqa mərhələsinə yüksəlib.

Bu üç ölkənin klublarının reytinqinə görə Azərbaycan onları qabaqlayır. Amma milli komandalarının reytinqini müqayisə etsək, əlbəttə ki, Gürcüstan çox irəlidədir. FIFA-nın son reytinq cədvəlinə görə Gürcüstan 72, Ermənistan 107, Azərbaycan isə 127-ci yerdədir. Yəni gürcülər Azərbaycanı 54 pillə, ermənilər isə 19 pillə qabaqlayır.

Futbol indi elə bir biznesdir ki, onun qarşısını almaq həm çətindir, həm də sərfəli deyil. Ona görə legioner limitinin ləğvinin “pul qazanmaq” tərəfi də var. Buna görə də buna qarşı mübarizə aparmaq, yerli futbolçuların hüquqlarını müdafiə etmək yel dəyirmanı ilə savaşmaq kimidir, yəni mənasız işdir. Amma AFFA bu limiti ləğv edirsə, buna paralel “Bəs, indi Azərbaycan futbolçusunun inkişafını necə təmin edək” sualına hazır cavabı, yəni planı da olmalı idi. Bəlkə də var, biz – ictimaiyyət bilmir. Əgər (hazır)cavab yalnız “keyfiyyətli yerli futbolçu özü legionerlə rəqabət aparıb əsas heyətə düşməlidir” olacaqsa, bu, problemin bütün tərəflərini həll etmir. Çünki gənc futbolçunun inkişafı üçün ilk növbədə ona oynamaq imkanı lazımdır.

Picture backgroundYaxşı, milli komandanın baş məşqçisi Ayxan Abbasov heyətə  oyunçunu necə seçsin? Kimə desin ki, filan yerli oyunçunu heyətə sal, bir baxaq görək nəyə yarayır?Yəqin ki, həm də bu səbəbdən Ayxan Abbasov qarşıdan gələn Millətlər Liqası üçün millinin futbolçularının və namizədlərin hazırlıq durumu ilə yaxından tanış olmaq məqsədilə Türkiyənin 1-ci Liqasındakı “Bursaspor”a transfer olmuş Toral Bayramovu izləmək üçün qardaş ölkəyə gedibmiş...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR