Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Moskvaya gözlənilməz səfəri zamanı ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli sammitin keçirilməsini təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Nəşrin məlumatına görə, Con Retkliffin Moskvaya bu səfəri Donald Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsindən çıxış yolu tapmaq istiqamətindəki diplomatik səylərində onun şəxsi iştirakı ilə reallaşan ilk belə təşəbbüsdür.
Səfər çərçivəsində MKİ rəhbəri Rusiya xüsusi xidmət orqanlarının başçıları – Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov ilə görüşüb. Müzakirələrin əsas məqsədlərindən biri Rusiya kəşfiyyat rəhbərlərinin Putini ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə sülh danışıqlarına qayıtmağa inandıra biləcəyini dəqiqləşdirmək olub.
"The New York Times" nəşrinin verdiyi məlumata görə, ABŞ kəşfiyyatının rəhbəri Aleksandr Bortnikova cəbhədəki mövcud vəziyyətlə bağlı "qaranlıq və bədbin bir qiymətləndirmə" təqdim edib və Rusiyanı mövqeləri daha da pisləşmədən sülh sazişi bağlamağa çağırıb. "Axios" xəbər verir ki, Retkliff aparılan müzakirələrdən sonra Bortnikovun konstruktiv rol oynaya biləcəyi və dayandırılmış diplomatik kontaktların bərpa olunmasına kömək edə biləcəyi qənaətinə gəlib.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ