Onlayn ictimai-siyasi qəzet
Fransada 1982-ci ildə sürücülük imtahanından keçə bilməyən sahibinin samanlıqda saxladığı Renault 5 tam 43 il sonra üzə çıxarılıb. Cəmi 12 kilometr yol qət edən avtomobil hərracda ilkin təxmin edilən qiymətindən dəfələrlə baha satılıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Bourgogne bölgəsindəki bir kənddə tapılan avtomobil Aguttes hərrac evinin Parisdə keçirdiyi açıq satışa çıxarılıb. Avtomobilin 5-10 min avro arasında qiymətə satılacağı gözlənilsə də, hərracın sonunda məbləğ 64 453 avroya yüksəlib.
Avtomobilin ilk sahibi 1982-ci ilin oktyabrında 1108 kubsantimetr mühərrikli, 4 pilləli sürət qutusu olan 5 qapılı Renault 5 sifariş edib. Avtomobil sahibinə çatdırıldıqdan sonra isə sürücülük vəsiqəsi imtahanından keçə bilmədiyi üçün samanlığa yerləşdirilib.
Renault 5 həmin vaxtdan etibarən heç istifadə olunmadan eyni yerdə qalıb. Onun odometrində cəmi 12 kilometr göstərilir.
Avtomobilin orijinallığını artıran digər məqam isə 1982-ci ildə Chalon-sur-Saone şəhərindəki diler tərəfindən verilmiş satış sənədlərinin və sifariş formasının qorunub saxlanılmasıdır.
1972-1984-cü illər arasında istehsal olunan Renault 5 modelindən 5 milyondan çox avtomobil satılıb. Lakin 43 il ərzində demək olar ki, toxunulmadan saxlanılan bu nümunə nadir kolleksiya avtomobili kimi hərrac iştirakçılarının böyük marağına səbəb olub.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ