İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən ölkələrə SEÇİM tələbi – Azərbaycan da RİSK qrupunda?

ABŞ-la Çin arasında süni intellekt texnologiyalarının inkişafı sahəsində rəqabət getdikcə daha açıq və sərt xarakter almağa başlayır. Bu yaxınlara qədər ölkələr bazarlar, investisiyalar, enerji resursları və nəqliyyat marşrutları uğrunda mübarizə aparırdılar.

Musavat.com xəbər verir ki, bu gün bu siyahıya hesablama gücü, yarımkeçiricilər, məlumat mərkəzləri, vacib minerallar, məlumatlar və mütəxəssislər əlavə edilir. Bu təchizat zəncirinin hətta bir hissəsinə nəzarət edən bir ölkə illər ərzində iqtisadi və siyasi üstünlük qazanır.

Bunun nəticəsi olaraq ABŞ-Çin arasında süni intellekt üzərində qarşıdurma tədricən yalnız texnoloji rəqabət olmaqdan çıxır. Faktiki olaraq meydana texnologiyaların necə inkişaf etməsi, təchizat zəncirlərinin necə qorunması və qlobal süni intellekt bazarının qaydalarının necə formalaşdırılması barədə öz anlayışını təklif edən iki beynəlxalq mərkəz çıxır.

Ci56x6CZZG60KCGrO1LA7FW13r9sfWLct0unPTkn_1200.jpg (108 KB)

Ötən ilin dekabrında ABŞ-ın təşəbbüsü ilə süni intellekt sahəsində ölkələrarası əməkdaşlığı nəzərdə tutan Pax Silica alyansının əsası qoyulub. Rəsmi açıqlamalarda qeyd olunur ki, Pax Silica süni intellektin yeni iqtisadiyyat üçün etibarlı təchizat zəncirlərinin formalaşdırılmasına yönəlmiş beynəlxalq texnoloji əməkdaşlıq təşəbbüsüdür. Təşəbbüs kritik əhəmiyyət daşıyan minerallar, yarımkeçiricilər, məlumat emalı mərkəzləri, enerji infrastrukturu, yüksək texnoloji istehsal, elmi tədqiqatlar və kadr hazırlığı kimi istiqamətləri əhatə edir. Lakin bu izahata baxmayaraq, təşəbbüsün arxasında yalnız süni intellekt texnologiyalarının inkişafı deyil, həmin texnologiyaların istehsalında istifadə olunan xammala nəzarətin təmin olunması istəyi də dayanır. Dünyanın ən yüksək inkişaf etmiş ölkələri də daxil olmaqla, 35 dövlət artıq təşəbbüsə qoşulub.

ABŞ-ın planları, əlbəttə, Çin tərəfindən qeydə alınıb və Pekin də öz əks addımlarını atmağa başlayıb. İyul ayında Şanxayda BMT himayəsi altında süni intellekt və təhlükəsizliyə həsr olunmuş beynəlxalq konfransdan sonra Çinin dövlət rəhbəri Si Cinpin Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının (WAICO) yaradıldığını elan etdi. 29 dövlət onun yaradıcısı kimi ilk sənədi imzalayıb. Təşkilat Şanxayda yerləşəcək. Çin onu süni intellektin inkişafı, tətbiqi və idarə olunması sahəsində əməkdaşlıq üçün beynəlxalq platforma kimi təqdim edir. Lakin Pekinin də məqsədinin yalnız bu olmadığı hər kəsə aydındır. Bu günlərdə Reuters ABŞ-ın Pax Silica-ya qoşulan ölkələri Çinin partonajlığı ilə yaradılan süni intellekt proqramlarında iştirakdan çəkinməyə çağıracağına dair məlumat yayıb. Bildirilir ki, məktub alyansın 35 üzvünün hamısına göndəriləcək və onlardan Çinlə süni intellekt texnologiyaları sahəsində layihələrin dayandırılması istəniləcək.

Hələlik hər iki rəqibin alyansına qoşulan tək ölkə Qazaxıstandır. Bu ilin iyununda Qazaxıstan region ölkələri arasında “Pax Silica” beynəlxalq təşəbbüsünə rəsmi şəkildə qoşulan ilk dövlət olub. Rəsmi Astana elan edib ki, Qazaxıstan üçün bu təşəbbüsdə iştirak investisiyaların cəlb edilməsi, texnoloji tərəfdaşlığın genişləndirilməsi, yüksək texnoloji istehsalın inkişafı və ölkənin qlobal təchizat zəncirlərində rolunun möhkəmləndirilməsi baxımından yeni imkanlar açır.

PaxSilica-photo.jpeg.jpg (300 KB)

İyulda isə Qazaxıstanın adı Çinin təşəbbüskarı olduğu WAICO-nun təsisçiləri sırasında yer aldı. Yuxarıda da qeyd etdik ki, ABŞ təşəbbüsü yalnız süni intellekti deyil, həmçinin yarımkeçiriciləri, vacib mineralları, enerjini, qabaqcıl istehsalatı, logistikanı və süni intellekt inkişafı üçün zəruri olan infrastrukturu da əhatə edir. Pax Silica texnologiya sənayesi üçün vacib olan təchizat zəncirlərini təmin etməyi hədəfləyir. Bu, çox vacib məqamdır, çünki müasir süni intellekt modeli istifadəçinin ekranından başlamır. Onun arxasında nəhəng hesablama mərkəzləri, elektrik enerjisi, avadanlıqlar, mikroçiplər, soyutma sistemləri, telekommunikasiya və xammal dayanır.

Qazaxıstan Mərkəzi Asiyada mühüm strateji ərazidə yerləşdiyinə və nadir mineralların ciddi ehtiyatlarına malik ölkə olduğunu görə həm ABŞ, həm də Çin onu öz yanında görmək istəyir.

Amerika və Çin təşəbbüsləri hələ də formalaşma prosesindədir. Pax Silica genişlənir və tədricən daha konkret məzmun qazanır, WAICO isə hələ də öz institusional çərçivəsini qurur. Bu baxımdan, bir çox mütəxəssislər Qazaxıstanın konkret addım atmaq üçün vaxtı olduğu qənaətindədirlər. Onların fikrincə, Qazaxıstan öz infrastrukturu, insan kapitalı və resurslarını sürətlə inkişaf etdirməklə seçimdən yayınmaq imkanı qazana bilər. Bu halda hər iki ölkə ilə əməkdaşlığı davam etdirə biləcək. Lakin belə inkişafa nail olunmazsa, tərəflərdən birini seçmək məcburiyyətində qala bilər ki, bu da faktiki olaraq müstəqilliyin məhdudlaşması demək olacaq. Çünki ölkə yalnız bir mərkəzin texnologiyalarından asılı olacaq.

Həm ABŞ, həm Çin süni intellekt texnologiyalarını inkişaf etdirmək istəyən Azərbaycanı öz alyansında görmək istəyir. Bu, açıq dillə ifadə olunmasa da, hər iki ölkədən məhz bu sahədə əməkdaşlıq üçün Bakıya yönəlik təşəbbüslər sürətlə artır. Azərbaycan hökuməti iqtisadi və sosial inkişafın rəqəmsal transformasiyasına böyük əhəmiyyət verir. Ötən il Prezident İlham Əliyev “Süni intellekt Strategiyası” və “Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası” sənədlərini təsdiqləyib.

8F6hgUDZk7UIo0iMcikXW5vvY4jfmQdeUxqUEgs0_1200.jpg (257 KB)

Bu proses Pekin və Vaşinqtonun diqqətindən yayınmayıb. İyul ayında Çinin Azərbaycandakı səfiri Lu Mey “İnnovativ inkişaf və hamı üçün fayda: 2026-cı il Süni İntellekt üzrə Ümumdünya Konfransı qlobal süni intellekt idarəetməsində yeni fəsil açır” adlı məqalə ilə çıxış edib. O, məqalədə Azərbaycanın Çinin süni intellekt təşəbbüslərini fəal şəkildə dəstəklədiyini, Pekinin təşəbbüsü ilə yaradılmış süni intellekt potensialının gücləndirilməsi üzrə beynəlxalq əməkdaşlıq üzrə Dostlar Qrupunda iştirak etdiyini, müvafiq təlim və mübadilə fəaliyyətlərinə qatılmaq üçün nümayəndələrini dəfələrlə Çinə göndədiyini qeyd edib: “Çin və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlıq bir-birini tamamlayan üstünlüklərlə xarakterizə olunur və geniş perspektivlər təklif edir. Çinin Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüşündə qeyd etdiyi kimi, iki ölkə inkişaf və dirçəliş yolunda yoldaşdır. Çin süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, süni intellektin inkişafı sahəsindəki təcrübəsini bölüşməyə və birlikdə irəliləmək üçün Azərbaycanla işləməyə hazırdır”.

Avqustun 14-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Çin dövlət şirkəti CITIC Group nümayəndələri ilə görüş keçirilib. Nazirliyin yaydığı açıqlamadan aydın olur ki, Azərbaycan hökuməti Bakıda mərhələli şəkildə süni intellekt hesablama Platformasının yaradılmasını, layihənin ilkin gücünün 1 GVt-a qədər olmasını planlaşdırır. CITIC Group-un laihəyə potensial tərəfdaş kimi cəlb olunması, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərində iştirakı nəzərdən keçirilir.

Bu il fevralın 10-da vitse-prezident J.D.Vensin Bakıya səfəri zamanı o və Prezident İlham Əliyev tərəfindən Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb.

Xartiyada Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur sahəsində əməkdaşlıq da nəzərdə tutulub. Fevral ayında Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüşdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib. Açıqlamaya görə, görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Mart ayında Azərbaycanın “Azerconnect Group” şirkəti ilə Amerikanın qlobal texnologiya nəhəngi olan “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Aprel ayında iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkətinin rəhbərliyi ilə Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini müzakirə etdiyini açıqlayıb.

MİKAİL SON.jpg (161 KB)

İyunun əvvəlində Bakıda Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib. Dialoqun yekunlarına həsr olunmuş brifinqdə M.Cabbarov bildirib ki, Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ABŞ şirkətləri ilə əməkdaşlığı genişləndirməyi hədəfləyir. Onun sözlərinə görə, Prezident İlham Əliyev fevral ayında “Oracle Corporation” şirkətinin baş direktoru ilə görüş keçirib və həmin müzakirələr nəticəsində süni intellekt və digər texnoloji istiqamətlər üzrə birgə imkanları əks etdirən anlaşma memorandumunun hazırlanması prosesi başlayıb.

Nazir qeyd edib ki, SOCAR ABŞ-ın bu sahədə fəaliyyət göstərən digər bir korporasiyası ilə də tərəfdaşlıq sazişi imzalayıb və əməkdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır: “Bu, təkcə konkret layihələr deyil. Buraya tənzimləyici mühitdən tutmuş texnologiyaların tətbiq sahələrinə qədər geniş spektr daxildir”.

2f84cdaa-92ee-3b39-95ed-e2114bccbe89_1200.jpg (199 KB)

Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan texnoloji inkişafın sürətlə getdiyi bir dövrdə ABŞ-ın aparıcı texnologiya şirkətləri və “hyperscaler” platformaları ilə əməkdaşlıq edərək ölkədə innovasiya ekosistemi formalaşdırmaq niyyətindədir.

O əlavə edib ki, hazırda Azərbaycanın dövlət qurumları və özəl sektoru ABŞ-ın iri texnologiya və bulud xidmətləri şirkətləri ilə danışıqlar aparır və layihələrin detalları yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlanacaq: “Bizim əsas məqsədimiz yeni texnologiyaların qabaqcıl istifadəçilərindən birinə çevrilmək, iqtisadi və sosial inkişaf naminə bu texnologiyalara çıxış əldə etməkdir”.

Beləliklə, Azərbaycan hələlik hər iki mərkəzlə öz çıxarları baxımından əməkdaşlıq etməyə, lakin heç birinin çətiri altına girməməyə üstünlük verir. İndiyədək digər bütün sahələrdə Bakı belə siyasət yürütməklə öhdəliklər yaradan birliklərdən kənarda qalmağı bacarıb. Süni intellekt sahəsində də buna nail olmaq üçün bütün addımların atılacağını indidən söyləmək olar.

Dünya SAKİT,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR