Onlayn ictimai-siyasi qəzet
İran sərhədləri yaxınlığında yenidən ABŞ-nin hərbi aktivliyi müşahidə olunur.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, uçuş məlumatlarına əsasən, ABŞ hərbi dəniz qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsi İran sərhədinə yaxın ərazidə – strateji əhəmiyyətə malik Hörmüz boğazı üzərində yenidən müşahidə olunub.
Məlumata görə, təyyarə Bəhreyndən yerli vaxtla saat 18-də havaya qalxıb və 4 saatdan çox Hörmüz boğazı ətrafında dövrə vuraraq kəşfiyyat xarakterli uçuş həyata keçirib. Hərbi müşahidəçilər bildirirlər ki, bu tip uçuşlar adətən ya bölgədə artan gərginlik fonunda qüvvə nümayişi, ya da mümkün əməliyyat hazırlıqlarının tərkib hissəsi kimi qiymətləndirilir.
Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin “boğaz nöqtəsi” sayılır. Qlobal neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu dar keçiddən həyata keçirilir. ABŞ-ın bölgədə hərbi aktivliyinin artması isə beynəlxalq bazarlarda və siyasi dairələrdə narahatlıq yaradır.
ABŞ prezidenti Donald Tramp İrana qarşı “məhdud hücum” variantını nəzərdən keçirdiyini istisna etməyib. Bu açıqlama onsuz da həssas olan bölgədə gərginliyi daha da artırıbı.
Rəsmi Tehran isə sərt mövqe nümayiş etdirir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, ABŞ tərəfindən həyata keçiriləcək hətta “məhdud zərbə” belə İran tərəfindən açıq təcavüz aktı kimi qiymətləndiriləcək və cavabsız qalmayacaq.
Sual açıq qalır: ABŞ-ın kəşfiyyat uçuşları sadəcə monitorinq xarakteri daşıyır, yoxsa bölgədə yeni hərbi ssenarinin anonsudur?
Yaxın Şərq yenidən böyük toqquşmanın astanasındadırmı? Hörmüz üzərində dövrə vuran hərbi təyyarə regionun onsuz da kövrək balansını bir qədər də sarsıdır. Gözlər indi həm Vaşinqtona, həm də Tehrana dikilib.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ