Onlayn ictimai-siyasi qəzet
“Hazırda işsizəm. Teatr mövsümü başlasa da, heç bir teatrdan mənə müqavilə bağlamaq təklifi gəlməyib. Bütün günümü evdə keçirirəm. Yaşıma görə heç yerdə işə götürmürlər. Aktyorun teatrsız qalması balığın susuz qalması deməkdir”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
82 yaşlı sənətkar işsiz qalmağın onun üçün asan olmadığını bildirib:
“Nə deyəsən, başqa çarə yoxdur. Qanun belə deyir. Çox vaxt evdə oluram. Hərdənbir çölə çıxıram. Yeni Yasamalda maşın və insan əlindən ayaq qoymağa yer yoxdur, hara gedim? Axşamlar xəbərləri izləyirəm. Krossvord həll edib vaxtımı keçirirəm”.
Xalq artisti yaşının sənət fəaliyyətinə maneə kimi qəbul edilməsindən də gileylənib. O bildirib ki, 82 yaşında olmasına baxmayaraq, özünü hələ də gənc hiss edir:
“Mən yaşıma görə özümü yaxşı hiss edirəm. Amma kənardakılar yaşı əsas götürüb deyirlər ki, bunun ömrü qurtarıb. Mənim kimi çox adam var. Ətrafa baxıb təsəlli tapıram”.
Qeyd edək ki, Valeh Kərimov Azərbaycan teatr və kino sənətinin tanınmış simalarındandır. O, müxtəlif illərdə çoxsaylı yaddaqalan obrazlar yaradıb. Aktyor xüsusilə “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşında silinməz iz qoyub.
Şahanə Rəhimli
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ