Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə davam edən gərginlik fonunda dünyanın diqqəti yenidən Hörmüz boğazına yönəlib. Qlobal enerji bazarının ən mühüm arteriyalarından biri hesab olunan bu strateji su yolunda mümkün məhdudiyyətlər neft və qaz bazarlarında ciddi dəyişikliklər yaratmadadır. Lakin prosesin Azərbaycan üçün mənzərəsi digər neft və qaz ixrac edən ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Çünki Azərbaycanın neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Aralıq dənizinə çıxışı təmin olunur, təbii qaz isə Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr vasitəsilə Türkiyə və Avropa bazarlarına nəql edilir.
Bu mənada Hörmüz boğazında yaranan məhdudiyyət Azərbaycan üçün yalnız risklər mövzusunu deyil, həm də ölkənin alternativ və etibarlı enerji marşrutlarına malik olmasının strateji üstünlüyünü gündəmə gətirir. Qlobal bazarda müəyyən enerji resurslarının hərəkətinin çətinləşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna əlavə diqqət yarada bilər.
Hörmüz boğazında uzunmüddətli məhdudiyyətlər Azərbaycanın enerji ixracının strateji əhəmiyyətini daha da artıra bilərmi?
Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-da qeyd etdi ki, sentyabrın əvvəlindən Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlıdır: "İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bunu rəsmən elan edib, ABŞ isə boğaz ətrafında hərbi əməliyyatlarını davam etdirir. Lakin rəsmi bəyanatla sahədəki reallıq tam üst-üstə düşmür. ABŞ-nin energetika naziri Kris Rayt bildirmişdi ki, boğazdan tranzit hazırda gündə 9 milyon bareldən artıqdır. Bu münaqişədən əvvəlki səviyyənin təxminən üçdə ikisi qədərdir. Başqa sözlə, "bağlanma" elanı ilə faktiki axının tamamilə dayanması arasında fərq var. Vəziyyət qeyri-sabitdir, lakin tam kollaps deyil.
Bu fon Azərbaycanın enerji ixracını yenidən diqqət mərkəzinə gətirib. Səbəb sadədir. Ölkənin əsas ixrac marşrutları bu böhrandan struktur baxımından kənardadır.
Bununla belə, "kənarda qalmaq" o demək deyil ki, Azərbaycan böhrandan tamamilə təsirsiz qalır. Ölkə fiziki marşrut baxımından qorunsa da, qiymət baxımından qlobal bazarın bir hissəsidir. Gərginliyin pik nöqtəsində Brent markalı neftin qiyməti bir barel üçün 1,48 dollar artaraq 94,58 dollara çatmışdı, avqust ayında isə boğazın yenidən açılması ilə bağlı davam edən qeyri-müəyyənlik növbəti qiymət yüksəlişinə səbəb olub. Neft gəlirləri Brent qiymətinə bağlı olduğundan, Hörmüzdəki hər yeni gərginlik dalğası bilavasitə dövlət gəlirlərinə təsir edir.
Amma bu təsirin nə qədər davamlı olacağı sual altındadır. İndiki qiymət artımı qısamüddətli xarakter daşıyır, çünki İranın neft infrastrukturuna dəyən zərər boğazdan keçən faktiki daşımalara əhəmiyyətli təsir göstərmir. Bu qiymətləndirmə düzgündürsə, Azərbaycan büdcəsi üçün indiki əlavə gəlir konyuktur xarakterlidir və struktur planlaşdırmada ehtiyatla nəzərə alınmalıdır. Bu il gələn əlavə gəlir gələn il təkrarlanacağına zəmanət vermir".
Deputatın sözlərinə görə, marşrut tərəfində mənzərə fərqlidir və daha ehtiyatlı təhlil tələb edir: "Avropanın diqqətinin Xəzər-Cənub dəhlizinə yönəlməsi özlüyündə əlavə ixrac həcmi demək deyil. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi artıq layihə gücünə yaxın işləyir. Sərbəst tutum məhduddur. Deməli, Azərbaycanın bu böhrandan real, uzunmüddətli divident əldə etməsi üç konkret addımdan asılıdır. TAP xəttinin ötürücülük gücünün genişləndirilməsi, üçüncü tərəf mənbələrdən (məsələn, Türkmənistan və ya Qazaxıstan qazından) əlavə həcmlərin cəlb edilməsi və yeni uzunmüddətli təchizat müqavilələrinin bağlanması şərtdir. Bunların heç biri Hörmüz böhranının avtomatik nəticəsi deyil. Hər biri ayrıca kommersiya danışıqları və infrastruktur investisiyası tələb edir.
Nəticə etibarilə, Hörmüz böhranı Azərbaycana iki ayrı kanaldan təsir edir və bu iki kanalı qarışdırmaq analitik səhv olardı. Birincisi qiymət kanalıdır ki, birbaşadır, müsbətdir, amma müvəqqətidir və Azərbaycanın öz iradəsindən asılı olmayan bazar şərtlərinin nəticəsidir. İkincisi isə marşrut kanalıdır. Dolayıdır, potensial baxımından daha dəyərlidir, lakin mövcud infrastrukturun tutum məhdudiyyəti ilə şərtlənib".
N.Həmzəyev xüsusi olaraq vurğuladı ki, bugünkü yüksək neft qiymətlərindən gələn əlavə gəlir Bakının "Avropanın etibarlı enerji tərəfdaşı" statusunun avtomatik möhkəmlənməsi demək deyil: "Bu status yalnız infrastruktur genişlənməsi real addımlara çevrilərsə formalaşa bilər".
Cavanşir Abbaslı
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ