İnsanlara hürriyət, millətlərə istiqlal!

Atom bombalarından 81 il sonra tarixi dönüş – Yaponiya ilk dəfə bu qərarı verdi

Yaponiya İkinci Dünya müharibəsindən sonra təhlükəsizlik və kəşfiyyat sistemində ən ciddi dəyişikliklərdən birinə gedib.

Musavat.com xəbər verir ki, iyulun 31-də ölkədə Milli Kəşfiyyat Bürosu rəsmən fəaliyyətə başlayıb. Bu, İkinci Dünya müharibəsindən sonra Yaponiyada yaradılan ilk mərkəzləşdirilmiş kəşfiyyat strukturu kimi təqdim olunur.

Xatırladaq ki, Yaponiya 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombalarının atılmasından və İkinci Dünya müharibəsində məğlubiyyətindən sonra kapitulyasiya edib. Ardınca ölkənin imperiya ordusu və donanması ilə birlikdə onların hərbi-kəşfiyyat strukturları da ləğv edilib. Müharibədən sonrakı dövrdə müxtəlif dövlət qurumlarının tərkibində ayrıca kəşfiyyat bölmələri fəaliyyət göstərsə də, ölkənin bütün kəşfiyyat fəaliyyətini vahid mərkəzdən idarə edən struktur yaradılmamışdı.

İslahat çərçivəsində Nazirlər Kabinetinin mövcud Kəşfiyyat və Araşdırmalar İdarəsi əsaslı şəkildə yenidən təşkil edilir. Yeni sistemdə Milli Kəşfiyyat Şurası hökumətin kəşfiyyat məlumatlarının toplanması və təhlilini əlaqələndirən mərkəz rolunu oynayacaq, Milli Kəşfiyyat Bürosu isə əməliyyat istiqamətinə cavabdeh olacaq.

Lakin Tokio bununla kifayətlənmək niyyətində deyil. Növbəti mərhələdə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Böyük Britaniyanın MI6 qurumuna bənzər tamhüquqlu xarici kəşfiyyat xidmətinin yaradılması nəzərdə tutulur. Belə bir strukturun 2028-ci ilin əvvəlinədək formalaşdırılması gözlənilir.

Bununla yanaşı, ölkədə casusluğa qarşı qanunvericiliyin sərtləşdirilməsi də gündəmdədir.

İslahatların əsas geosiyasi səbəblərindən biri kimi Çinin artan hərbi və siyasi gücü göstərilir. Tokioda Pekindən qaynaqlanan təhlükələrin əvvəlkindən daha ciddi qiymətləndirildiyi və Yaponiyanın müstəqil kəşfiyyat imkanlarını gücləndirmək istədiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR