İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukrayna düyününü açmağa çalışır - Putin və Zelenski isə güzəştdən qaçır...

Rusiya-Ukrayna cəbhəsində hərbi qarşıdurma davam etdiyi halda diplomatiya kanallarında yeni hərəkətlilik müşahidə olunur. Birləşmiş Ştatlar müharibənin dayandırılması üçün daha əvvəl irəli sürülmüş variantları yenidən masaya gətirməklə Moskva və Kiyev arasında ortaq mövqe formalaşdırmağa çalışır. Donald Tramp administrasiyasının xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin ardıcıl olaraq Rusiya və Ukraynaya səfər etməsi də ABŞ-ın danışıqlar prosesini yenidən canlandırmaq niyyətinin göstəricidir.

Lakin diplomatik təmasların intensivləşməsi hələlik cəbhədəki reallığı dəyişməyib. Tərəflərin müharibənin gələcəyi ilə bağlı yanaşmaları, xüsusilə ərazilərin taleyi və Ukraynanın təhlükəsizliyinin necə təmin ediləcəyi məsələsində bir-birindən ciddi şəkildə fərqlənir. Vaşinqtonun yenilənmiş təkliflərinin bu fundamental ziddiyyətləri aradan qaldırıb-qaldırmayacağı isə açıq qalır. ABŞ nümayəndələri Moskva və Kiyevdəki görüşlərdən sonra müəyyən irəliləyişdən danışsalar da, konkret sülh razılaşmasının əldə edildiyinə dair məlumat yoxdur. Üçtərəfli danışıqların bərpası perspektivinin gündəmə gəlməsi müəyyən diplomatik ümidlər yaratsa da, müharibənin yaxın perspektivdə başa çatdırılması hələ real görünmür. Üstəlik, danışıqlarda iştirak edən tərəflərin qışa qədər yekun nəticəyə nail olmağın çətinliyini qəbul etməsi prosesin nə qədər mürəkkəb olduğunu göstərir.

İndi diqqətlər Vaşinqtonun növbəti addımlarına və Moskva ilə Kiyevin mümkün kompromis sərhədlərinə yönəlib. Tramp administrasiyası tərəfləri güzəştə məcbur edəcək təsir imkanlarını işə sala biləcəkmi? Rusiya ərazi və təhlükəsizlik tələblərində yumşalmaya gedəcəkmi? Ukrayna hansı şərtlər daxilində kompromisə razılaşa bilər?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-da Ağ Ev sahibinin sülh cəhdlərinin əbəs olmadığını söylədi: "Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-nin səylərini artırması gözlənilən idi. Çünki Birləşmiş Ştatlar İranla bağlı konflikti həll edə bilmədi. Hörmüz problemi Trampın reytinqinə ciddi zərbə vurur. Bu isə payızda keçiriləcək aralıq seçkilərində Respublikaçıların uduzması anlamına gəlir.

Ona görə də Tramp son ümidini Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəldib. Uitkoff-Kuşner cütlüyünün Moskva və Kiyevdə keçirdiyi görüşlərdən sonra verilən nikbin bəyanatlar daha çox diplomatik mahiyyət daşıyır. Çünki bu dəfəki açıqlamalar da əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Belə ki, bundan əvvəl də üçtərəfli görüş baş tutmuşdu. Ona görə də ən yaxşı halda bu görüş əvvələ qayıdış kimi düşünülə bilər.

Müharibənin həlli üçün isə daha ciddi addımlar atılmalıdır. Ən azı tərəflər öz mövqeyindən bir addım geri çəkilməyə və güzəştə getməyə hazır olduqlarını bəyan etməlidirlər. Təəssüf ki, bunu müşahidə etmədik".

Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR