Onlayn ictimai-siyasi qəzet
Ukrayna və xarici mediada ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün nəzərdə tutulan yeni sülh planının detalları yayılıb.
Musavat.com xəbər verir ki, yayılan məlumatlara əsasən, plan Ukraynanın ərazi, hərbi və siyasi gələcəyinə ciddi təsir göstərə biləcək şərtləri ehtiva edir.
1. Tam atəşkəs
Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması və tam atəşkəsin qüvvəyə minməsi nəzərdə tutulur.
2. Ukrayna ordusunun geri çəkilməsi
Ukrayna Silahlı Qüvvələrinin Donbasın müəyyən hissəsindən geri çəkilməsi təklif olunur. Rusiya qüvvələrinin də həmin zonaya daxil olmaması, tərəflər arasında BMT kontingentinin nəzarətində bufer zonasının yaradılması nəzərdə tutulur. Zaporojye vilayətinin bir hissəsində də oxşar mexanizmin tətbiqi və Ukrayna yurisdiksiyasının saxlanılması variantı göstərilir.
3. Seçkilər və referendum
Ukraynada referendum və seçkilərin keçirilməsi planın əsas siyasi bəndlərindən biri kimi təqdim olunur. Bundan sonra ölkədə Konstitusiya dəyişikliklərinin həyata keçirilməsi nəzərdə tutulur.
4. Ərazilərin hərbi yolla qaytarılmasından imtina
Yeni Ukrayna hakimiyyətinin Konstitusiyaya dəyişiklik edərək Rusiyanın nəzarətinə keçəcək ərazilərin güc yolu ilə geri qaytarılmasından imtinanı təsbit etməsi təklif olunur.
5. NATO-dan imtina
Ukraynanın bloklara qoşulmayan statusunun rəsmiləşdirilməsi, NATO-ya və digər hərbi ittifaqlara üzvlükdən imtina etməsi nəzərdə tutulur.
6. Ukrayna ordusuna məhdudiyyət
Planla bağlı yayılan məlumatlarda Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyət qoyulmasının da nəzərdə tutulduğu bildirilir. Eyni zamanda dil məsələsi üzrə müəyyən razılaşmalardan da bəhs olunur.
7. Yeni hakimiyyət Rusiya ilə sülh müqaviləsi imzalayacaq
Seçkilərdən sonra formalaşacaq yeni Ukrayna hakimiyyətinin Rusiya ilə tamhüquqlu sülh müqaviləsi imzalaması, daha sonra isə sənədin BMT-nin iştirakı ilə xüsusi prosedur çərçivəsində təsbit edilməsi nəzərdə tutulur.
Daha əvvəl də Ukraynaya ərazi güzəştləri, NATO üzvlüyündən imtina və ordunun sayının məhdudlaşdırılması kimi şərtləri ehtiva edən sülh variantları təqdim edilmişdi.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ