İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın iqtisadi damarlarını belə kəsəcək

ABŞ-İran qarşıdurmasında gərginlik daha bir kritik mərhələyə qədəm qoymaqdadır. Vaşinqtonun Tehran üzərində iqtisadi və strateji təzyiqləri artırmaq niyyəti artıq açıq şəkildə bəyan edilir. ABŞ-nin maliyyə naziri Skott Bessent “Newsmax”a açıqlamasında İrana qarşı indiyədək heç bir ölkəyə tətbiq edilməmiş miqyasda iqtisadi təcrid tədbirlərinin hazırlanacağını bildirib. Onun sözlərinə görə, yeni addımların gələn həftə elan edilməsi gözlənilir.

Bessentin açıqlamasında diqqətçəkən məqam isə iqtisadi təcridin Hörmüz boğazında davam edən blokada ilə paralel həyata keçiriləcəyinin bildirilməsidir. ABŞ rəsmisinin sözlərinə görə, məqsəd İran limanlarına hər hansı yükün daxil olmasının və ya oradan çıxmasının qarşısını almaqdır. Beləliklə, Vaşinqtonun planı yalnız maliyyə sanksiyaları ilə məhdudlaşmır, İranın xarici ticarət imkanlarını dəniz yoluyla da maksimum dərəcədə sıxışdırmağı hədəfləyir.

İqtisadi təcrid tədbirləri dedikdə nələr nəzərdə tutulur? Vaşinqtonun “misli görünməmiş” iqtisadi təcrid planı İranı geri addım atmağa məcbur edə biləcəkmi?

photo_313075.jpg (52 KB)

İqtisadçı Günay Hüseynova Musavat.com-a deyib ki, misli görünməmiş iqtisadi təcrid planının təfərrüatları növbəti günlərdə açıqlanacaq:

“Bessentin “misli görünməmiş” iqtisadi təcrid planı bu dəfə təkcə İrana deyil, onunla ticari tərəfdaşlıq edən ölkələrə də təsirsiz ötüşməyəcək. Məlumdur ki, əvvəlki sanksiyalar birbaşa İran iqtisadiyyatı və Hörmüz boğazını hədəf almışdı. “Misli görünməyən təcrid” isə Hörmüz boğazı ilə yanaşı, İranın bank əməliyyatlarına, nəqliyyat-logistika sahəsinə, ümumiyyətlə, enerji ixracatına yönələcək. Enerji ixracatına yönələcək təcrid sığorta şirkətləri, eləcə də tanker şirkətlərini əhatə edəcək. Məlumdur ki, ölkənin əsas gəlirləri neft və yerli istehsalın ixracatı hesabınadır. Daha əvvəlki sanksiyalar əsasən birbaşa ölkə daxili iqtisadiyyata təsir etdiyi üçün İran iqtisadiyyatı nisbətən özünü toparlaya bildi. İkinci məsələ - ticari tərəfdaşlara yönəlib. Ticari əməliyyatlar bank sistemi üzərindən aparıldığı üçün əsas hədəf bank hesabındakı vəsaitə yönələ bilər. Mövcud blokada neft ixracını kəskin azaldıb və iqtisadi itkilərin artmasına səbəb olub. Qısa müddətdə İran ya danışıqlara getməlidir, ya da misilsiz iqtisadi təcridin fəsadları ilə qarşılaşmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR