Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri ilə bağlı 800 milyard dollar dəyərində ikitərəfli müqavilə imzalayacaqlar.
Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın "The Telegraph" qəzeti mənbələrə istinadən yayıb. Qəzetin məlumatına görə, ABŞ prezidenti Donald Tramp gələcək müqavilənin bütün detallarını müzakirə edəcəkləri İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Vladimir Zelenski ilə görüşə bilər.
Plana əsasən, "on il ərzində" 800 milyard dollar cəlb etmək nəzərdə tutulur. Bunun Ukraynaya özəl şirkətlər də daxil olmaqla bir sıra investisiyaların cəlb edilməsinə kömək edəcəyi gözlənilir. Lakin qəzet Davos görüşü çərçivəsində Ukraynada yerləşdiriləcək "təhlükəsizlik qüvvələri"nin yaradılması ilə bağlı müqavilənin imzalanıb-imzalanmayacağı barədə məlumat verməyib.
Bundan əlavə, qəzetin mənbələri Zelenskinin ABŞ-da Ağ Ev rəhbəri ilə görüşməyə hazır olduğunu, lakin Avropa liderlərinin onu səfərdən çəkindirdiyini və görüşün Davosa təxirə salındığını bildiriblər. Onlar həmçinin Zelenskiyə ABŞ prezidenti ilə danışıqları tələsdirməməyi tövsiyə ediblər.
Dünya İqtisadi Forumu 19-23 yanvar tarixlərində "Dialoq Ruhu" mövzusunda keçiriləcək.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ