İnsanlara hürriyət, millətlərə istiqlal!

“Adamlara söz batmır” – Aqşin Yenisey Cəmil Həsənlini darmadağın etdi

Tanınmış yazıçı, şair və publisist Aqşin Yenisey Azərbaycanın elmi, ədəbi və siyasi düşüncə mühitini sərt tənqid edən yeni yazı qələmə alıb. Müəllif cəmiyyətin hazır qəliblər və doqmalar əsasında düşünməsini sxolastika adlandıraraq fərqli fikrə qarşı dözümsüzlüyün milli düşüncənin inkişafını əngəllədiyini bildirir.

Musavat.com Aqşin Yeniseyin müzakirələr yaradacaq həmin yazısını təqdim edir:

Azərbaycanın düşüncə mühiti sxolastik mühitdir. Alimlərimiz, yazıçı və şairlərimiz, siyasətçilərimiz, həkimlərimiz, müəllimlərimiz, din xadimlərimiz – bir sözlə, zehni əməklə məşğul olan hər kəs qartımış sxolastikdir. Cüzi və təsirsiz istisnalar var, əlbəttə.

Nədir sxolastika? Öz sözlərimlə desəm, dincə qoyulmuş beyinlə düşünmək, daha doğrusu, bizə qədər düşünülənləri əzbərləmək və zamanla bunların öz düşüncələrimiz olduğuna inanmaq. Düşünmə eyləmini şüuraltılaşdırmaq. Cəmi 27 il ömür yaşamış ingilis riyaziyyatçısı və filosofu Frenk Ramsey isə sxolastikanı düşüncənin tənbəlliyi və süstlüyü adlandırıb, onu fəlsəfə üçün təhlükə kimi görürdü. Ramseyə görə, nə vaxtsa bulanıq və qaranlıq olanı dəqiq bir əminlik kimi qətiləşdirib şübhəyə yer qoymamaqdır sxolastika.

Bizim düşüncə mühitimiz də eynən bu cümlənin üzərində qurulub: nə vaxtsa bulanıq və qaranlıq olanları dəqiq bir əminlik kimi doqmalaşdırıb şübhəyə yer qoymamaqla sxolastik, bərk bir ictimai fikir mühiti yaratmaq. Və bu bərk fikir mühitindən yeni fikir qitələri axtarmaq üçün yola çıxan milli Kolumbların gəmilərini sahildəcə daşa basıb batırmaq.

Ona görə yoxdur bizdə fikir Kolumbu, düşüncə Magellanı! Nitsşe necə deyirdi: “Mən fəlsəfəni çəkiclə yaradıram!” Çünki fikir mühiti bərk olanda qələm işə yaramır. Adamlara söz batmır.

Özünü anadangəlmə demokrat zənn edən və alim kimi heç vaxt haqqını danmayacağım görkəmli alimimiz Cəmil Həsənli məni danlayır ki, xalq, toplum, tarix haqqında ancaq müsbət şeylər yaz. Bu yanaşma antidemokratik və sxolastikdir.

Antidemokratik yanaşmadır ona görə ki, demokratiya təkcə gözəl və yaxşı olanın azadlığı deyil, eyni zamanda eybəcər və pis olanın da azadlığıdır. Hətta Platon və Jorj Batay kimi düşünsək, demokratiya daha çox çirkinin və eybəcərin azadlığıdır. Sxolastik yanaşmadır ona görə ki, mən xalq, toplum, tarix haqqında ancaq müsbət şeylər yazmağa başlasam, birincisi, Ramseyin təhlükə kimi gördüyü işi görəcəyəm, yəni cəmiyyətin başının altına yastıq qoyub düşüncə tənbəlliyi, fikir süstlüyü yaradacağam. İkincisi, özümə qədər xalqa, topluma yaltaqlanıb özünə sərvət, şöhrət qazanan adamların tutuquşuluğunu edəcəyəm ki, bu işin də Azərbaycanda möhtəşəm və bivec məktəbləri var. Sxolast olmaq həm də hansısa məktəbin davamçısı, boşboğazı olmaqdır. O məktəbin doqmalarından kənara çıxmamaqdır. Amma Cəmil bəyə xatırladım ki, məndən nəinki hansısa ictimai məktəbin boşboğazı çıxar, hətta məni də sizin kimi sxolasta çevirəcəyini hiss etdiyim üçün öz başımla qazandığım Bakı Dövlət Universitetinin magistraturasından imtina etmişəm.

Cəmil bəy (burada artıq ad şərtidir) kimi düşünənlər xalqı, daha doğrusu, kütləni tərifləməyə məhkumdurlar, çünki siyasi, inzibati güdümləri var. Onlar bir balaca fərqli düşünməyə cəhd edənlərin üstünə dərhal cummalıdırlar ki, kütləni öz tərəflərinə çəksinlər. Kütləyə göstərsinlər ki, baxın, sizin kimi düşünməyən, yuxunuza haram qatan hər kəsin ağzının payını verirəm, qədrimi bilin, arxamca gəlin. Bu, müxalifət düşərgəsinin Azərbaycandakı ən böyük səhvidir: az-çox oxumuş adamları proletariatın ayağının altına atmaq. Mən ona görə min il əvvəl yazmışdım ki, Azərbaycan demokratiyasından bolşevizm qoxusu gəlir. Özünə demokrat deyənlər demokratiya adı altında oxlokratiyanın hakimiyyətinə can atdıqlarının fərqində deyillər.

Nitsşeyə necə demək olardı ki, Sokratı rüsvay etmə? Sokratizmlə vidalaşmadan fəlsəfədə necə yeni yol açmaq olardı? Yaxud Karl Popperə necə demək olar ki, Platonu, Aristoteli yıxıb-sürümə? Özü də harada – “Açıq cəmiyyət və onun düşmənləri” kitabında. Popper nə üçün Platonu, Aristoteli yıxıb-sürüyür? Çünki bu iki yunanı Qərb sosiologiyasının hələ də Orta əsr düşüncəsində ilişib qalmasının günahkarları kimi görür. Eynən Nitsşenin İsanı Roma mədəniyyətini “yəhudi zir-zibiliylə” doldurmaqda günahlandırdığı kimi.

Ümumiyyətlə, hansı böyük yazıçı, şair öz cəmiyyətinin dostu olmuşdur? Bütün böyük yazıçılar, filosoflar öz cəmiyyətləri üçün keçmişlə vidalaşıb gələcəyə üz tutulan ayrılıq yeri olmadılarmı? Keçmişə, ölüyə mədhiyyə yağdırmağın Azərbaycanda çörək yeri olduğunu kim bilmir ki? Yerə soxum o yazıçını, filosofu, şairi ki, öz cəmiyyətini gələcəklə qorxudacaq və şəxsi mənafeyi naminə öz cəmiyyətinin keçmişinə mədhiyyələr yağdıracaq.

Sxolastik düşüncə Orta əsr düşüncəsidir. Umberto Eko Orta əsr alimləri haqqında yazır: onlar düşünürdülər ki, bizə qədər hər şey deyilib, bizə düşən deyilənləri təkrar etməkdir. Avropa nə vaxt yeni çağa qədəm qoydu? Bu Orta əsr tutuquşuluğundan əl çəkəndən sonra.

Bizim düşüncə mühitimiz də eynən bu düşüncədədir: bizə qədər hər şey deyilib, biz sadəcə, bizə qədər deyilən sözlərin “tozunu almalıyıq”. Bu əlüstü qeydlərimin sonunda demək istəyirəm ki, mənim sizin söz-söhbətlərinizin tozunu almaq fikrim yoxdur. Özünüzə xadimə tapın!

Aqşin Yenisey

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR