Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın bu həftə Çinə səfəri zamanı əsasən, 3 mövzunun müzakirəsini ehtimal etmək olar.
Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a, ABŞ liderinin qarşıdakı səfərini şərh edərkən bildirib. Analitik bu barədə şərhində qeyd edib ki, birinci mövzu iki ölkə arasında iqtisadi və ticarət əlaqələridir: “Tramp idxal-ixrac əməliyyatında balansın Çinin xeyrinə olmasından narazıdır və bu durumu dəyişməyə çalışır. Əgər Pekində bu mövzuda razılıq əldə edilməsə, Tramp Pekinə səfərdən sonra Çin məhsullarına rüsumları artıracaq. Bu Çinin maraqlarına cavab vermir. Çin ABŞ bazarını itirmək istəmir. Bu səbəbdən Çin lideri Si Cinpin ticarət əlaqələrində Donald Trampla razılıq əldə etməyə çalışacaq. Trampın daha bir istəyi Çinin ABŞ-nin kənd təsərrüfatı məhsularını almasıdır. İkinci məsələ İranla bağlıdır. Donald Tramp Si Cinpinin İran hakimiyyətinə təsir etməsini istəyir. Çünki Vaşinqtonda hesab edirlər ki, Pekinin dəstəyi olmadan İrandakı rejim ayaqda qala bilməz”. E.Şahinoğlu Hörmüz gərginliyini bu məsələdə əsas problem olaraq görür: “Əlbəttə, Hörmüz boğazındakı mövcud vəziyyət Çini narahat edir. Çin İran və Körfəz ölkələrindən neft ala bilmir. Ancaq Pekin Tehrana birtərəfli şəkildə təzyiq etmək istəmir. Çünki, bu halda bölgədə ABŞ-ın mövqeləri güclənəcək. Bu isə Çinin maraqlarına ziddir. Bu səbəbdən Si Cinpinin Donald Trampın İrana təzyiqlə bağlı təklifinə razılaşacağı problematikdir”.
Politoloq hesab edir ki, bu müzakirələrdə üçüncü mövzu Tayvan olacaq: “ABŞ Tayvanı Çinin ərazisi saysa da, adanın güc yoluyla Çinə birləşdirilməsinin əleyhinədir. Bu mövzuda danışıqların gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Çin ABŞ-nin əsas rəqibidir. Tayvan Çinə birləşərsə, Pekinin gücü daha da artacaq. Bu, ABŞ-nin maraqlarına ziddir. Çin son illərdə Asiya və Sakit Okena hərbi gücünü artırıb.
Pekinin əsas məqsədi Tayvan adasını nəzarətə götürməkdir. Vaşinqton buna mane olacaq. Amerika Tayvana dəstəkdən imtina etməyəcək. ABŞ Tayvanla iqtisadi və hərbi sahədə əməkdaşlığını davam etdirəcək. Ona görə də Pekində liderlər arasında Tayvan məsələsində razılığın əldə olunacağı mümkün görünmür”.
E.Paşasoy,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ