Onlayn ictimai-siyasi qəzet
Malayziyanın Kuala Sanqlanq şəhərində Doqquz İmperator Tanrısı festivalı zamanı faciə baş verib. Bədənini və ruhunu təmizləmək məqsədilə özünü nəhəng metal qazanın içində buxara verən 68 yaşlı taoist ekstrasens Lim Ba mərasim iştirakçılarının və ailə üzvlərinin gözü qarşısında həyatını itirib.
Musavat.com xəbər verir ki, Malayziyada “Qara it” ləqəbi ilə tanınan Lim Ba təxminən 10 il ərzində bu cür təhlükəli rituallar həyata keçirib. Lakin bu dəfə onun nümayişi faciə ilə nəticələnib.
Hadisə zamanı ekstrasens böyük metal qazanın üzərində quraşdırılmış taxta platformada oturub. Daha sonra onun üzəri polad qapaqla örtülərək buxarın təsirinə məruz qalıb. Ritualın təsirini artırmaq məqsədilə qazanın içərisinə qarğıdalı, çörək və düyü kimi ərzaqların da qoyulduğu bildirilir.
Bir neçə dəqiqə sonra qazanın içindən nəzarətsiz zərbələr eşidilməyə başlayıb.
Atasının qazanın divarlarına vurduğu zərbələrin ritmini yaxşı tanıyan oğlu bu dəfə nəyinsə qaydasında olmadığını anlayıb. Ətrafdakılar da qapağın silkələndiyini gördükdən sonra onu tələsik açmağa çalışıblar.
Lim Ba qazanın içərisində huşsuz vəziyyətdə və qıcolmalar keçirərkən aşkarlanıb. Hadisə yerinə çağırılan tibbi heyətin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məqalədə bildirilir ki, yüksək temperaturun təsiri nəticəsində ekstrasensin infarkt keçirdiyi və bədənində ikinci dərəcəli yanıqlar yarandığı müəyyən edilib.
Ailəsinin verdiyi məlumata görə, Lim Ba bir il əvvəl ağır ürək əməliyyatı keçirib və yüksək qan təzyiqinə görə müalicə alıb. Buna baxmayaraq, yaxınlarının xəbərdarlıqlarına və israrlarına rəğmən təhlükəli ritualı həyata keçirməkdən imtina etməyib.
Mütəxəssislər bildirirlər ki, əsas taoist ənənələrində meditasiya və nəfəs məşqləri mühüm yer tutur. Bununla yanaşı, Cənub-Şərqi Asiyanın bəzi Çin xalq inanclarında köz üzərində gəzmək və özünü yüksək temperaturda buxara məruz qoymaq kimi təhlükəli mərasimlərə də rast gəlinir.
Baş verən faciə bu cür ekstremal dini nümayişlərin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ