Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Ermənistan mallarının Avropa İttifaqı bazarına çıxışını genişləndirmək üçün təcili tədbirlər paketi hazırlayır.
“Financial Times” qəzetinin Brüsseldəki mənbələrə istinadən yaydığı məlumata görə, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı ixracına tarifləri azaldacaq muxtar ticarət tədbirləri təşkil etməyi nəzərdən keçirir.
Komissiyanın sözçüsü Olof Gill qəzetə bildirib ki, yeni tədbirlər daha çox Ermənistan şirkətinin Avropa bazarına daxil olmasına kömək etməli və məhdudiyyətlərdən ən çox zərər çəkən iqtisadiyyat sektorlarını dəstəkləməlidir.
Qəzetin mənbələrindən biri qeyd edib ki, Avropa İttifaqı "Ermənistan üçün etibarlı iqtisadi tərəfdaş olmağa hazır olduğunu nümayiş etdirmək niyyətindədir". Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edəcək təşəbbüs, ildə təxminən 420 milyon avro dəyərində təxminən 20 məhsul kateqoriyasının əksəriyyətinə təsir göstərə bilər. Eyni zamanda, bir sıra Ermənistan ixrac malları Aİ daxilində suallar doğurur. Bu, xüsusilə Ermənistanın əsas ixrac məhsullarından biri olan konyak üçün keçərlidir, çünki bu seqmentin Fransa üçün həssaslığı nəzərə alınır.
Digər bir problem dənizə çıxışı olmayan ölkədən Türkiyə və ya Gürcüstan vasitəsilə tez xarab olan məhsulların daşınması məsələsidir. Qeyd edək ki, may ayından bəri “Rosselxoznadzor” Ermənistandan məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, Avropa İttifaqının Ermənistan mallarına tarif güzəştləri hazırlaması ilk baxışda iqtisadi dəstək kimi görünür: "Amma məsələnin mahiyyəti təkcə ticarət deyil, Cənubi Qafqaz uğrunda gedən böyük geosiyasi rəqabətdir. Rusiya Ermənistanın Qərbə yaxınlaşmasını sakit izləmək niyyətində deyil. Ona görə də Moskvanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər sadəcə “fitosanitar problem” kimi izah oluna bilməz. Burada açıq siyasi mesaj görünür: Ermənistan Rusiyanın orbitindən uzaqlaşdıqca, iqtisadi təzyiq alətləri işə salınır. Avropa İttifaqı isə indi Paşinyan hökumətinə göstərməyə çalışır ki, “biz də etibarlı tərəfdaşıq”. Lakin, sual yaranır: Aİ Ermənistan üçün nə qədər real iqtisadi alternativ ola bilər? Çünki Ermənistanın problemi təkcə tarif deyil. Ermənistanın problemi coğrafiyadır. Dənizə çıxışı olmayan, əsas ixrac bazarı illərlə Rusiya olmuş bir ölkənin məhsullarını birdən-birə Avropa bazarına çıxarmaq asan məsələ deyil. Xüsusilə də söhbət tez xarab olan kənd təsərrüfatı məhsullarından gedirsə, burada logistika, yol, sərhəd, tranzit və siyasi razılaşmalar həlledici faktora çevrilir. Elə bu məqamda Türkiyənin rolu ön plana çıxır. Avropa Ermənistanı iqtisadi baxımdan ayaqda saxlamaq istəyirsə, Türkiyə və Gürcüstan üzərindən keçən marşrutların əhəmiyyətini görməyə məcburdur. Yəni Aİ Ermənistanla bağlı plan qurur, amma bu planın real işləməsi üçün regionun açar ölkələrindən biri Türkiyədir. Bu isə bir daha göstərir ki, Cənubi Qafqazda böyük siyasi layihələri Azərbaycan və Türkiyənin mövqeyini nəzərə almadan həyata keçirmək mümkün deyil. Avropa Brüsseldə qərar qəbul edə bilər, amma həmin qərarın yerdə işləməsi üçün regionun real güc balansı ilə hesablaşmalıdır".
Ekspert dedi ki, Ermənistanın əsas ixrac məhsullarından biri olan konyak Avropa bazarında ayrıca problem yaradır: "Çünki bu seqment Fransa üçün həssasdır. Avropa Ermənistanı dəstəkləmək istəyir, amma eyni zamanda öz daxili bazarını, öz fermerini, öz istehsalçısını və Fransa kimi üzv ölkələrin maraqlarını da nəzərə almalıdır. Deməli, bu dəstək nə qədər siyasi olsa da, iqtisadi baxımdan çox rahat proses olmayacaq. Əslində bu hadisə Ermənistan üçün də ciddi dərsdir. İllərlə iqtisadiyyatını bir bazardan, təhlükəsizliyini bir gücdən, siyasi manevr imkanlarını isə xarici himayədarlardan asılı quran dövlətlər gec-tez bu asılılığın ağır nəticələri ilə üzləşirlər.Bu gün Ermənistan Rusiyanın iqtisadi təzyiqindən çıxmaq üçün Avropaya üz tutur. Avropa isə Ermənistanı dəstəkləmək üçün Türkiyə və regional logistika reallığı ilə hesablaşmağa məcbur qalır. Çünki, Cənubi Qafqazda yol, sərhəd, bazar və güc balansında Azərbaycan və Türkiyə həlledici mövqedədir".
Cavanşir Abbaslı,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ