İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan yüksək göstərici - maaş və pensiya isə…

Azərbaycan dövlət maliyyəsinin idarə olunması üzrə 133 ölkə arasında 3-cü yerdə qərarlaşıb.

İlk baxışda kifayət qədər yüksək göstərici olan bu nəticə ölkənin büdcə və dövlət maliyyəsinin idarə olunmasında müəyyən uğurların olduğunu göstərir. Lakin bu halda beynəlxalq reytinqdə yüksək mövqe tutmaq birbaşa olaraq əhalinin gəlirlərinin artması və ya sosial rifahın yüksəlməsi deməkdirmi? Dövlət maliyyəsinin səmərəli idarə olunmasının nəticəsini vətəndaş gündəlik həyatında, maaşında, pensiyasında və dövlət xidmətlərində hiss edə bilirmi?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Musavat.com-a deyib ki, Azərbaycan hökuməti bu istiqamətdə risklərdən qorunmaq üçün ehtiyatla yanaşır. Onun dediyinə görə, maliyyənin idarə olunması istiqamətində kifayət qədər düşünülmüş addımlar atılır: “Azərbaycanın dövlət maliyyəsinin idarə olunması üzrə beynəlxalq reytinqdə yüksək mövqedə qərarlaşması da müsbət göstəricidir. Lakin bunu iqtisadi inkişafın əsas göstəricisi kimi təqdim etmək olmaz və məsələyə bu cür yanaşmaq düzgün deyil”.

Neft hasilatı artırıldı: Asif İbrahimovdan diqqətçəkən geosiyasi analiz

Ekspertin fikrincə, dövlət maliyyəsinin idarə olunması texniki və institusional göstəricidir: “İqtisadiyyatın real vəziyyətini isə daha geniş indikatorlar müəyyən edir. İqtisadiyyatı güclü və inkişaf edən dövlətlərin əksəriyyətinin xarici borcu var və bu borcun ümumi daxili məhsula nisbəti Azərbaycandakından 5–10 dəfə çoxdur. Borcun mövcudluğu həmin ölkənin iqtisadiyyatının zəif olması demək deyil. Əksinə, dövlət borcu düzgün idarə olunduqda iqtisadi artımın, infrastrukturun, investisiyaların və uzunmüddətli inkişaf layihələrinin maliyyələşdirilməsi üçün mühüm alətə çevrilə bilər”.

Ekspert qeyd edib ki, eyni yanaşma dövlət büdcəsinə də aiddir: "Büdcənin balanslı olması və dövlət maliyyəsinin intizamlı idarə olunması olduqca vacibdir. Amma bu göstəricilər iqtisadiyyatın özünün inkişaf etdiyini avtomatik olaraq sübut etmir. Dövlət maliyyəsi qaydasında idarə oluna, büdcə göstəriciləri yüksək ola bilər. Bununla belə, real sektorda məhsuldarlıq, investisiyalar, özəl sektorun inkişafı, ixracın şaxələndirilməsi və əhalinin real gəlirləri kifayət qədər artmaya bilər. Biz bu nümunəni öz təcrübəmizdə də görə bilirik”.

Asif İbrahimov hesab edir ki, əgər yüksək maliyyə idarəçiliyi göstəriciləri iqtisadiyyatda yüksək əlavə dəyərin yaranmasına, məhsuldarlığın artmasına və yeni istehsal sahələrinin formalaşmasına gətirib çıxarmırsa, rəqabətqabiliyyətli ixracın əhalinin gəlirlərinin yüksəlməsi müşahidə olunmursa, bu zaman iqtisadi siyasətin nəticələrinə daha ciddi yanaşmaq lazımdır.

Müsahibimizə görə, vətəndaş üçün dövlət maliyyəsinin idarə olunmasının nəticəsi reytinq cədvəllərində deyil, gündəlik həyatında görünməlidir: “Əhalinin gəlirlərinin artması, alıcılıq qabiliyyətinin yüksəlməsi, keyfiyyətli iş yerlərinin yaradılması, sahibkarların daha çox investisiya qoyması, iqtisadiyyatın daha çox məhsul və xidmət istehsal etməsi real nəticəni əks etdirir. Ona görə də hesab edirəm ki, dövlət maliyyəsinin idarə olunmasında yüksək mövqe ilə kifayətlənmək olmaz. Əgər maliyyə idarəçiliyi güclüdürsə, bu güc real iqtisadi artımda da özünü göstərməlidir.".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR