İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktyor olmaq istəyirdi, manyak çıxdı

Rusiyada 20 ildən artıq müddət əvvəl Moskva və Moskva vilayətində silsilə qətllər törətmiş keçmiş aktyorluq tələbəsi Aleksey Qaskov ömürlük azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, Moskva Vilayət Məhkəməsi 51 yaşlı Aleksey Qaskovu 9 qadın və bir kişinin qətlində təqsirli bilib.

İstintaqın müəyyən etdiyinə görə, cinayətlərin hamısı 2002-ci ildə törədilib.

İstintaq materiallarına əsasən, Qaskov qurbanlarını əsasən axşam və gecə saatlarında park və digər kimsəsiz ərazilərdə seçib. O, tənha qadınlarla tanış olaraq onları insanların olmadığı yerlərə aparıb, döyüb, zorlayıb və öldürüb. Qurbanları arasında 17 yaşlı iki qız da olub.

Berdsk şəhərində anadan olan Qaskov 2000-ci illərin əvvəllərində aktyor olmaq istəyib. O, 2002-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alsa da, qısa müddət sonra institutdan xaric edilib. Elə həmin il Moskvada və ətraf ərazilərdə silsilə qətllər törədib.

İstintaqın məlumatına görə, Qaskov Moskvanın Babuşkinski rayonunda üç qızı öldürüb. Daha sonra Podolsk şəhərində meşə-park ərazisində kollecə qəbul olmaq istəyən bir qıza hücum edib. Puşkinoda isə eyni gündə parkda iki qızı qətlə yetirib. Bir müddət sonra həmin ərazidə bir kişini bıçaqlayaraq öldürüb. Daha iki qadın Moskvanın şimal-şərqində onun qurbanına çevrilib.

İstintaqın müəyyən etdiyi sonuncu qətl 2002-ci ilin noyabrında Ximki şəhərindəki yataqxananın yaxınlığında baş verib. Qaskov Perudan olan 23 yaşlı tələbə Aqnes Karolina Santistebanı öldürüb. Qətlə yetirilən gənc qadın Peru prezidentinin müşavirinin qardaşı qızı olub.

Maraqlıdır ki, Qaskov hələ 2002-ci ildə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. O, sonradan "Berdsk manyakı" və "cins şalvarlı manyak" kimi tanınan Mixail Yudinlə birlikdə olduğu bir qızın qətlində şübhəli bilinib. Həmin vaxt Qaskov bir neçə qətli etiraf etsə də, ifadələrində ziddiyyətlər yaranıb. Ekspertizanın nəticələri isə Yudinin cinayətlə əlaqəsini göstərib.

2006-cı ildə Qaskov 11 yaşlı qıza qarşı cinsi zorakılıq ittihamı ilə saxlanılıb və 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra istintaq onun əvvəllər açılmamış qətllərlə mümkün əlaqəsini yenidən araşdırmağa başlayıb.

2024–2025-ci illərdə aparılan araşdırmalar zamanı DNT ekspertizasının nəticələrindən də istifadə olunub. Beləliklə, Qaskovun 2002-ci ildə törədilmiş silsilə cinayətlərlə əlaqəsi 20 ildən artıq müddət sonra müəyyənləşdirilib.

Qaskov həm istintaq, həm də məhkəmə prosesində günahını etiraf edərək qətllərin təfərrüatları barədə ifadə verib. Məhkəmə onu ömürlük azadlıqdan məhrum etməklə yanaşı, zərərçəkənlərdən birinin xeyrinə 3 milyon rubl təzminat ödənilməsinə də qərar verib.

Məhkəmədə onun ögey qızına qarşı törətdiyi cinsi xarakterli cinayətlər də ayrıca araşdırılıb. Məhkəmə və istintaq materiallarına əsasən, Qaskov 2020-ci ildə həbsdən azad edildikdən sonra da ögey qızına qarşı cinsi zorakılıq törədib və onu spirtli içki qəbul etməyə məcbur etməyə çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR