Onlayn ictimai-siyasi qəzet
Yüksək qürur hissi ilə qardaş Türkiyədəki 36-cı NATO Zirvəsini izləyirik. Tarixi toplantıda Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri iştirak edir. Dövlət və hökumət başçılarının şərəfinə düzülmüş hərbi qarovul, milli geyimli orkestrin ifa etdiyi “Mehtər marşı”nın sədaları belə altında addımlayan qonaqlar bu mənzərəni ömür boyu unutmayacaqlar heç şübhəsiz. Ağ Evin sahibi Donald Trampın Türk əsgərinə “Merhaba, asker!” xitabına prezident Rəcəb Tayyib Ərdoğanın alqış reaksiyasından tutmuş, ali qonaqlarla səmimi görüşmələr də tarixin pozitivləri sırasına həkk olundu.

Düzdür, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüş anında da “Mehtər marşı”nın səslənməsi bəzi türk düşmənlərini qorxudub, yenə də deyinməyə başlaşıblar, amma mənasız yerə…Türkiyə ilə dost olan qazanacaq, düşmənçiliyi davam etdirən yox, bunu gərək unutmasınlar, xüsusən də qonşuluqdakılar!
Ankaradan görüntüləri izlədikcə, Türkiyə və Rəcəb Tayyib Ərdoğan haqqında açıqlamaları dinlədikcə Türkiyə Liderinin illər öncə “Dünya 5-dən böyükdür” ifadəsini səsləndirərkən nə qədər haqlı olduğuna bir daha əminlik yaranır adamda. Bu tarixi ifadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu və BMT Təhlükəsizlik Şurasının strukturuna qarşı irəli sürdüyü məşhur siyasi doktrinadır. Cənab Ərdoğan bu qısa və tarixi fikri ilə BMT-nin qərarlarında həlledici səs hüququ olan 5 daimi üzvə - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransaya ünvanlı sözünü demişdi. Ərdoğan Türkiyəsinin üstünə ən müxtəlif istiqamətlərdən gəldilər, xain hücumlar etdilər, proksi qüvvələrini hərəkətə gətirdilər, qardaş ölkəni terrorla ürəyindən vurmağa, diz çökdürməyə çalışdılar, Avropa İttifaqının kandarında saxlamağa cəhd etdilər, hətta NATO təhdidi də oldu…Lakin nə iqtisadi, nə siyasi, nə hərbi, nə də digər istiqamətlərdən təzyiqlər, basqılar effekt verdi, Türkiyə dimdik ayaqda qaldı, yoluna davam etdi. Türkiyəni F-35 qınağına çəkdilər, məqsədlərinə nail ola bilmədilər. Bu ölkənin iqtisadiyyatını çökdürməkdən ötrü ən müxtəlif planlar işə salındı, müəyyən problemlər yaşansa da, nə vətəndaşı dövlətdən küsdürə bildilər, nə də dövləti sarsıda. Əksinə, Türkiyə bu xain hücumlardan toparlanmaq üçün dərs götürdü, hərbi sənaye kompleksini üst səviyyəyə qaldırdı, dünyanın çoxsaylı ölkələrinə ixrac edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə, 5-ci nəsil qırıcı təyyarəsi olan KAAN-la, “Altay” tankları ilə, digər çoxsaylı, dünyanı heyrətə gətirən yerli istehsalla böyüklüyünü, gücünü bir daha təsdiqlədi.

Budur, NATO-da ikinci ən güclü orduya sahib olan qardaş ölkədə 3 mindən çox müdafiə sənayesi şirkəti fəaliyyət göstərir. Ankarada düzənlənən Zirvə Görüşünün əsas gündəliyində NATO-nun gələcəyi, Avropanın artan müdafiə yükü, müdafiə sənayesi istehsalı və Ukrayna müharibəsi olsa belə, Türkiyə dövləti bu Zirvədə bir daha regional böhranlarda əvəzsiz rola malik olduğunu bütün dünyaya nümayiş etdirir. Eyni zamanda Ankara özünə qarşı illər uzunu sərgilənən ədalətsizliklərin ortadan qaldırılmasını vacib hesab edir. Türkiyə NATO-suz keçinə bilər, amma Alyans üçün Qara dəniz, Yaxın Şərq və Qafqazda QALA statusunda nəhəng gücdür. Odur ki, belə bir gücə qarşı F-35 ədalətsizliyi, KAAN mühərrikləri ilə bağlı sanksiyalar yolverilməzdir.
ABŞ prezidentinin Türkiyəyə və Rəcəb Tayyib Ərdoğan personasına diqqətə və qiymətə baxın: “NATO məni çox böyük məyusluğa uğratdı. Əgər sammit Türkiyədə keçirilməsəydi, bəlkə də gəlməzdim. Güclü dostluq olmasaydı, bəlkə də bu Zirvəyə qatılmazdım”. Bu, faktiki olaraq Türkiyə elə NATO-dur, anlamını verir. Ağ Evin sahibinin ardınca dedikləri də çox maraqlıdır:
“Türkiyəyə gəlmək bizim üçün çox yaxşı bir şeydir. Amma NATO tərəfdən bizə yaxşı davranılmadı. İranda əməliyyat etdik, amma yanımızda olmadıqlarını bəyan etdilər. Avropa ölkələrini qorumaq üçün trilyonlarla dollar maliyyə xərclədik. Biz hər zaman dəstək oluruq, amma bizə lazım olanda bunu görmürük”.

Bəli, NATO ölkəsi olan Türkiyə də bu müharibəyə qarşı olub və doğru edib. Amma ABŞ rəhbəri NATO-ya ünvanladığı iradı Türkiyəyə də aid edə bilmir, çünki Türkiyə çox məsələlərdə elə tək qalıb, hətta Alyans ölkələri PKK, PEJAK, PYD və digər terror təşkilatlarını maliyyələşdirib, onları silah-sursatla təchiz edib…Çeşidli terror təşkilatlarını təsis etdilər, on minlərlə türkün qətlinə fərman verdilər bu illərdə…Amma Türkün böyüklüyü budur ki, təkbaşına terrorun kökünü nəinki Türkiyə daxilində, həmçinin sərhədlərindən kənarda da kəsmək istiqamətində qətiyyətli addımlar atdı. O zaman Türkiyəyə “abi, gözlə, mən də köməyə gəlirəm”, deyən olmadı ki, bu gün də umu-küsü etsinlər. Əksinə, Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən Türkiyəyə sanksiyaların tətbiqinə start verildi, şərtlər irəli sürüldü ki, mənəvi dəstəyi belə əsirgəsin qardaş qardaşdan…Həmçinin Mustafa Kamal Atatürkdən bəri Türkiyənin bütün dünyaya ünvanladığı sülh çağırışının yaşı əsri ötüb: “Yurdda sülh, cahanda sülh!” Dost-müttəfiq-rəqib-qənimlər bunu nəzərə almaya bilməzlər…Ankarada düzənlənən möhtəşəm Zirvəyə gələnlərin bir çoxunun ölkəsində Türkiyəyə qarşı saxta “erməni soyqırımı” tanınıb, hətta tanımayanların cəzalandırılmasına sanksiya verilib, bu gün əl öpməklə o günahları yumaq zatən, mümkünsüz…
Türkiyə bir-birinə qənim kəsilənləri, üzdə dost, arxada düşmən olanları, küsülüləri də bir araya gətirib, dünyanın çarxının hər an yerindən çıxa biləcəyi, tufan qopa biləcəyi bir dönəmdə birləşdirici, barışdırıcı, həll yolunun tapılması üçün ünvan rolunda çıxış edir. Sammit Türkiyədə olmasa, Tramp kimi neçə lider tədbirə qatılmayacaqdı, kim bilir…Diqqət edin, Fransada keçirilən G7 zirvəzində “Meloni şəkil çəkdirmək üçün mənə yalvarırdı”, - dediyinə görə İtaliyanın gülərüz baş nazirini qəzəbləndirən hadisədən sonra xanım Meloni ABŞ liderinin olduğu təqdirə gəlib və evsahibliyi edən Prezident Ərdoğanla şəxsən danışaraq ondan “Protokollarda nəzərə alın, məni Trampdan uzaq tutun. Onunla hər hansı bir formada yan-yana gəlmək istəmirəm”, - deyə xahiş edib.
Prezident Ərdoğan ötən il Haaqa sammitində qəbul edilmiş hərbi xərclərin ÜDM-in 5%-nə çatdırılması hədəfinə Türkiyənin nəzərdə tutulandan 5 il daha tez – yəni 2035-ci ilə qədər nail olmağı planlaşdırdığını açıqlamaqla iştirakçı liderləri bir daha heyrətləndirib. Avropanın ən güclü ordusuna sahib ölkə yerli və milli “Polad Qübbə” layihəsinə daha 24 milyard dollar həcmində büdcə ayıracaq. Bu gün Rusiya təhdidləri qarşısında sığınacaqlar hazırlayan Avropa Türkiyəni Avropa İttifaqının kandarından geri qaytarmaqla necə böyük səhvə yol verdiyini yaxşı anlayır. Təsadüfi deyil ki, artıq Avropa liderləri Ankaranın qəlbinə yol tapmağa çalışırlar.

NATO-nun baş katibi Mark Rüttenin Türkiyə prezidenti ilə görüşdə səsləndirdiyi fikirlər, həmçinin Türkiyənin hərbi-sənaye imkanları, potensialı ilə bağlı heyrətini ifadə etməsi çox şeyi deyir…
ABŞ prezidenti Donald Trump da Türkiyənin Rusiyadan S-400 Triumf zenit-raket kompleksləri almasına görə tətbiq edilən sanksiyaların aradan qaldırılacağını elan edib. Gec də olsa, Azərbaycana qarşı tətbiq edilən “907-ci düzəliş”ə bənzər sanksiya qərarının ortadan qaldırılması çox mühüm addım olardı, sonradan ABŞ-nin silah şirkətlərinin təzyiqləri üstün gəlməsə...
Tramp Ərdoğanın ona iki münaqişəni – İran və Ukrayna məsələlərini həll etməkdə dəstək verdiyini bildirməklə Ankaranın və konkret olaraq Türkiyə liderinin böyük gücünü etiraf edib. Türkiyənin Suriya və Şimali İraqda, Qafqazlardakı rolu da danılmazdır. Ümid edirik ki, Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı da liderlər arasında effektli müzakirələr aparılacaq.
2015-ci ildə Antalyada keçirilən, Azərbaycan dövlətinin də fəxri qonaq olaraq iştirak etdiyi G-20 Zirvəsini xatırlatdı izlədiyimiz mənzərələr…O Zirvədən sonra Rusiya qırıcısının vurulması ilə Türkiyəni böyük bir müharibəyə cəlb etməyə çalışdılar, qardaş ölkənin təmkinli, ağıllı siyasəti sayəsində savaşdan qaçmaq mümkün oldu. Budəfəki Zirvədən sonra bədxahlar nələr düşünəcəklər görəsən?..Trampın Türkiyədə olduğu zaman, NATO Zirvəsi davam edərkən Hörmüz gərginliyi və İrana zərbələr endirilməsi də təsadüfə oxşamadı…

Türkiyə bütün təxribatların qarşısını almağa qadirdir, güvənirik! Prezident Ərdoğanın Rusiya-Ukrayna davasına münasibətdə bir daha prinsipial və ədalətli baxışını ortaya qoyması da nümunə oldu. Savaşın ilk günlərində NATO və Avropa İttifaqı yuxuda ikən Ankara Kiyevin işğal altına düşməməsi üçün əlindən gələni etdi, daha sonra sülhün əldə olunması üçün çalışdı. Amma Qərbdən gələn sifariş İstanbul masasının uğur qazanmaması üçün idi deyə, sülh təşəbbüsləri fayda vermədi. Bu gün Zirvədə prezident Volodimir Zelenski də iştirak edir və Ankara Zirvəsinə ümid yeri kimi baxır...NATO sammiti çərçivəsində keçirilən müdafiə sənayesi forumunda ən azı 50 milyard dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr hava hücumundan müdafiə sistemlərinin, PUA-ların alınmasını, silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir. Gözləyək...
09 Iyul 2026
08 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ