İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada “Artsax” təxribatı – Bakıdan SƏRT tələb

Ermənistanda fəaliyyət göstərən “Artsax mədəniyyətinin qorunması mərkəzi” adlı qondarma ictimai təşkilat noyabrın 27-30-da Vyanada keçiriləcək “International Christmas Choir Festival – Vienna Christmas Voices” beynəlxalq festivalında iştirak etmək üçün rəsmi dəvət alıb.

Musavat.com xəbər verir ki, tədbirdə Ermənistanı və “Artsax mədəni irsi”ni həmin təşkilatın tərkibində fəaliyyət göstərən qondarma “Artsax Milli Musiqi Alətləri Dövlət Orkestri” və “Biz və bizim dağlarımız” dövlət mahnı və rəqs ansamblı təqdim edəcək.

Ermənistanın festivalda iştirakla bağlı yaydığı açıqlamaya diqqət yetirdikdə, məsələnin yalnız musiqi və rəqslə məhdudlaşmadığı görünür. Təşkilat bu səfəri açıq şəkildə “mədəni diplomatiyanın inkişafı” və beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində təqdim edir. Bu yanaşmanın əsas məqsədlərindən biri beynəlxalq ictimaiyyətdə qondarma “Artsax” anlayışının yaddaşdan silinməsinə imkan verməməkdir. Yəni heç vaxt olmayacaq "siyasi status" məsələsi arxa plana keçirilsə də, “Artsax mədəniyyəti”, “Artsax irsi”, “Artsax xalqının mədəni yaddaşı” kimi yalançı ifadələrlə həmin mövzunun beynəlxalq informasiya məkanında yaşadılması hədəflənir.

Beləliklə, Qarabağda separatçı rejimin mövcudluğunun aradan qaldırılmasından sonra Ermənistanın “Artsax” mövzusunu tamamilə gündəmdən çıxarmaq niyyətində olmadığı görünür.

Sadəcə, mövzunun təqdimat forması dəyişir. Əvvəllər əsasən “öz müqəddəratını təyinetmə”, “status”, “təhlükəsizlik” və siyasi hüquqlar kimi anlayışlar arxasında gizlənən İrəvan, indi “mədəni irsin qorunması”, “tarixi yaddaş”, “folklor”, “musiqi” və “mədəni kimlik” kimi ifadələr daha çox istifadə olunur.

Bakı məsələ ilə bağlı etirazını, narazılığını İrəvana çatdırmalıdırmı?

Xəyal Bəşirov: “Ermənistanın son qərarı Qərbə doğru atılan addımdır” |  KONKRET

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, 2023-cü ilin sentyabrında antiterror tədbirindən sonra Ermənistan qondarma “artsax” adını və bu adla bağlı hər şeyi buraxacaqlarını vəd verib: “Lakin hələ də atmalı olduğu bəzi addımları atmır. Biz Ermənistan dövlətinin rəhbərliyinin verdiyi vədlərə inandıq. Paşinyan və onun hökuməti hakimiyyətlərinə hansısa təhdidlər yarananda dərhal hərəkətə keçir, kimliyindən asılı olmayaraq istənilən şəxsə qarşı inzibati resurslardan istifadə edib təhlükəni neytrallaşdırır. Qarabağdan Ermənistana köçmüş separatçılar tərəfindən də Paşinyan hakimiyyətinə qarşı hərəkətlərə hökumət sərt münasibət sərgiləyir. Amma belə görünür ki, “artsax” adı altında qondarma “mədəni” tədbirlərin keçirilməsində sanki maraqlıdırlar. Bir tərəfdən sıxışdırıb, o biri tərəfdən “artsax” adının hansısa qondarma platformalarda gündəmdə saxlamağa hesablanan siyasətə rəvac vermələri İrəvanın qeyri-səmimi olduğundam xəbər verir. Halbuki Paşinyan istəsə o cür “mədəni” tədbirlərin, “artsax mədəniyyəti” adı altında qurulan qondarma təşkilatların qarşısını alar”.

X.Bəşirovun fikrincə, Azərbaycanın gözləntisi budur ki, İrəvan verdiyi vədləri tam olaraq yerinə yetirsin, “artsax” adı ilə manipulyasiyalara qon qoyulsun.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR