Onlayn ictimai-siyasi qəzet
İqlim dəyişikliyinin uzun illər alimlərin xəbərdarlıq etdiyi təhlükələri artıq nəzəri müzakirə mövzusu deyil, dövlətlərin enerji təhlükəsizliyini sarsıdan reallığa çevrilib.
Musavat.com xatırladır ki, bir neçə il əvvəl İranın ən böyük ekoloji faciələrindən biri olan Urmiya gölünün sürətlə quruması bütün region üçün ciddi xəbərdarlıq idi.

Vaxtilə Yaxın Şərqin ən iri duz göllərindən sayılan Urmiya su ehtiyatlarının tükənməsi, rekord istilər və yanlış su idarəçiliyi nəticəsində demək olar ki, yox olmaq həddinə çatdı. O zaman bu hadisə əsasən İranın daxili problemi kimi qiymətləndirilirdi. Lakin indi oxşar mənzərə Avropanın mərkəzində yaşanır. Rekord istilər və çaylarda suyun səviyyəsinin kəskin azalması qitənin enerji sisteminin əsas dayaqlarından olan atom elektrik stansiyalarını bir-birinin ardınca fəaliyyətini məhdudlaşdırmağa və ya tam dayandırmağa məcbur edir. Əgər Urmiya gölünün quruması iqlim böhranının ilk böyük siqnallarından biri idisə, bu gün Dunay çayının dayazlaşması Avropanın enerji təhlükəsizliyi üçün eyni dərəcədə ciddi xəbərdarlıq hesab olunur.
Son günlər Macarıstan, Rumıniya və Fransa ardıcıl şəkildə nüvə energetikası sahəsində fövqəladə vəziyyətlə üzləşib. Reaktorların soyudulması üçün kifayət qədər suyun olmaması elektrik istehsalının azalmasına, enerji qiymətlərinin rekord həddə yüksəlməsinə və hökumətlərin istehlakın məhdudlaşdırılması ilə bağlı çağırışlar etməsinə səbəb olub. Avropada yaranan vəziyyət göstərir ki, iqlim dəyişikliyi artıq təkcə kənd təsərrüfatına və su ehtiyatlarına deyil, ən etibarlı hesab olunan enerji mənbələrinə də ciddi zərbə vurur.
Macarıstanın baş naziri Peter Macarın sözlərinə görə, ölkənin enerji sektoru son onilliklərin ən ağır sınağını yaşayır.

Rekord istilər və Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi səbəbindən ölkənin elektrik enerjisinin təxminən yarısını təmin edən "Pakş" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması gündəmə gəlib. Baş nazir bildirib ki, stansiyanın tam dayandırılması ilə bağlı qərar təhlükəsizlik protokollarına uyğun veriləcək və bu, 40 ildən artıq fəaliyyət tarixində ilk belə hadisə ola bilər.

Oxşar problemlə Rumıniya da üzləşib. Dunaydan kifayət qədər su əldə etmək məqsədilə hərbçilər Çernavodă Atom Elektrik Stansiyasına daha çox suyun yönləndirilməsi üçün idarə olunan partlayışla qayalıq maneəni dağıdıblar. Hökumət ölkə üzrə fövqəladə vəziyyət elan edib və iri sənaye müəssisələrini axşam saatlarında elektrik istehlakını könüllü azaltmağa çağırıb.
Fransada isə rekord temperatur dövlətə məxsus EDF şirkətini bir neçə nüvə reaktorunu dayandırmağa və ya gücünü azaltmağa məcbur edib. Nəticədə Avropada elektrik enerjisinin topdansatış qiyməti yenidən kəskin yüksələrək enerji böhranı dövründən sonra ən yüksək səviyyələrdən birinə çatıb.

Problemin təsiri Ukraynaya da yayılır. Ölkə enerji sisteminin əsas yükünü daşıyan atom elektrik stansiyalarının təhlükəsiz işləməsini təmin etmək üçün hökumət təmir qrafiklərini dəyişdirir, əlavə qaz generasiyasını işə salır və elektrik enerjisi idxalını artırmağa çalışır. Bununla belə, Avropada enerji qıtlığının dərinləşməsi Ukraynanın idxal imkanlarını da məhdudlaşdıra bilər.

Avropada müşahidə olunan hadisələr iqlim dəyişikliyinin enerji sektoruna təsirinin yeni mərhələsidir. Əgər əvvəllər əsas risk külək və hidroenergetikanın istehsalının azalması hesab olunurdusa, indi rekord istilər nüvə energetikasının belə zəif nöqtəsini üzə çıxarıb. Reaktorların təhlükəsiz işləməsi üçün böyük həcmdə su tələb olunur və çayların dayazlaşması bu sistemi iflic edə bilir.
Beləliklə, vaxtilə Urmiya gölünün quruması ilə yadda qalan İran ssenarisi artıq Avropanın qapısını döyür. Fərq yalnız ondadır ki, Avropada yaşanan ekoloji fəlakət milyonlarla insanın enerji təminatını təhlükə altına alır. İqlim böhranı artıq sərhəd tanımır və onun ilk böyük qurbanlarından biri məhz nüvə energetikası ola bilər.
E.Məmmədəliyev,
Musavat.com
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ