Onlayn ictimai-siyasi qəzet
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanda rəsmi səfərdədir. Nazir “X” hesabında Bakıdan paylaşım edərək yazıb.
“İlk rəsmi səfərimi Azərbaycana etməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığına yüksək dəyər verir. Biz ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməyi, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri (OSCE CiO) qismində Cənubi Qafqazda dialoqu, sülhü, sabitliyi və rifahı təşviq etməyi hədəfləyirik. Bu səfər daha geniş regional təmasların başlanğıcını qoyur”, - diplomat qeyd edib.
Bu açıqlama təşkilatın Azərbaycana xüsusi önəm verdiyinin və əməkdaşlığı yeni müstəviyə daşımaq niyyətinin olduğunun anonsu sayıla bilərmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, İqnasio Kassisin Azərbaycana səfəri həm İsveçrə-Azərbaycan münasibətləri kontekstində yüksək qiymətləndirilməli hadisədir, həm də ATƏT-in sədri kimi ayrıca qiymətləndirilməli hadisədir:
“İsveçrəli diplomat da paylaşdığı statusda iki məsələyə toxunur. Birinci, İsveçrə-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və Azərbaycanı İsveçrənin vacib tərəfdaşı adlandırır.
Doğrudan da bu günə qədər İsveçrə ilə Azərbaycan arasında iqtisadi və maliyyə əməkdaşlığı ilə bağlı 30-dan çox sənəd imzalanıb. Eyni zamanda, İsveçrədə yerləşən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə fəaliyyətdə Azərbaycan İsveçrə hakimiyyəti ilə əlaqələrini koordinasiya edir. Bu gün İsveçrə ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən yarım milyarda çatır. Ona görə də iki tərəfli münasibətlər kontekstində bu səfər yeni imkanlar yarada bilər.
Nəzərə almaq lazımdır ki, İsveçrə Azərbaycana müxtəlif yeni texnologiyalar əsasında hazırlanmış avadanlıqlar təqdim edir, müxtəlif ərzaq məhsulları idxal edir. Amma mənə belə gəlir ki, cənab Kassisin ATƏT-in sədri kimi verdiyi açıqlama daha maraqlıdır və daha stratejidir. Çünki diplomat qeyd edir ki, ATƏT-in yeni bir mərhələsi başlayır Azərbaycana münasibətdə və Azərbaycanla münasibətlərdə. Düşünürəm ki, bu, artıq bizim tarixi zəfərimizdən sonra yeni reallıqda ATƏT-lə yeni səviyyədə münasibətlərimizin başlanğıcı hesab edilə bilər”.
Deputat qeyd edib ki, Azərbaycanın yeni reallıqlar kontekstində əgər bu gün ATƏT-in sədri Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifah məsələləri ilə bağlı danışırsa bu, ilk növbədə Azərbaycanın nailiyyətidir: “Çünki Azərbaycan problemləri həll edib. İkinci növbədə isə artıq ATƏT-in nailiyyəti hesab oluna bilər. Çünki doğrudan da ATƏT-lə məhz həqiqi mahiyyəti üzrə ilk dəfə olaraq biz tərəfdaşlıq imkanları əldə edilib. Bu da Azərbaycanın sayəsində baş tutub. Çünki Avropanın təhlükəsizliyi Cənubi Qafqazın, Azərbaycanın təhlükəsizliyindən keçən bir hadisədir.
Çox təəssüf ki, ATƏT qondarma problemin həll edilməsi üçün uzun illər heç bir addım atmadı. Azərbaycan isə bu vəziyyəti dəyişməyi bacardı. Ona görə də düşünürəm ki, Azərbaycan-ATƏT münasibətlərini yeni mərhələyə daşımaq deyərkən məhz Kassis də bunu nəzərdə tutur. Yeni münasibətlərin çox böyük perspektivləri var”.
Etibar Seyidağa,
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ