Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Baykar" şirkəti Azərbaycanla yeni MIZRAK uzaqmənzilli kamikadze dronlarının tədarükü üçün müqavilə imzalayıb. Müqavilə Bakıda keçirilən ADEX 2026 beynəlxalq müdafiə sərgisi çərçivəsində reallaşıb.

Bu, MIZRAK-ın ilk ixrac məhsuludur. Yeni dron, SİVRİSİNEK və K2 kamikaze dronları ilə yanaşı, Baykar ailəsinin uzaq mənzilli zərbə sistemlərinin bir hissəsidir. MIZRAK-ın fərqli xüsusiyyətlərindən biri onun modulyar dizaynıdır. Sistem iki 20 kiloqramlıq döyüş başlığı və ya passiv radiotezlikli hədəf başlığı ilə birləşdirilmiş 20 kiloqramlıq döyüş başlığı ilə təchiz oluna bilər. Sonuncu, radio şüalanmalarını aşkar etməyə və əməliyyat radar stansiyalarına daxil olmağa imkan verir. Həmçinin, MIZRAK-ın radar əleyhinə sursat kimi istifadəsinə imkan yaradır. Standart konfiqurasiyaya optik-elektron idarəetmə sistemi, eləcə də peyk və inertial naviqasiya GNSS/INS daxildir. Dron eniş qurğusu və ya RATO raket gücləndiricisi ilə havaya qalxa bilər. MIZRAK habelə Bayraktar TB2 və AKINCI pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqədə ola bilir. Yeni sistemin Azərbaycanın mövcud sursatlarını tamamlayacağı gözlənilir.
Hərbi şərhçi Ramil Məmmədli Musavat.com-a deyib ki, Azərbaycan həm özünün dron istehsalını inkişaf etdirir, həm tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirir. Onun sözlərinə görə, Türkiyə ilə PUA sahəsində əməkdaşlıq da xüsusi yer tutur və Ordumuzun hərbi arsenalının güclənməsinə töhfə verir.

Azərbaycanın müharibəyə hazırlaşmadığını deyən hərbi ekspert qeyd edib ki, Ordunun potensialı gücləndirilir və yeni nəsil silahların alınması dövrün tələbidir: "Nəzərə alaq ki, müasir texnologiya bütün sahələrə təsir etdiyi kimi, hərbi sənaye işində də mühüm əhəmiyyətə malikdir. Bu gün dronların müharibəsi gedir və biz bunu Rusiya-Ukrayna müharibəsində daha aydın şəkildə görməkdəyik. Yəni 20 il əvvəlki müharibə metodları işə yaramır. Halbuki Azərbaycanın hər hansı hərbi eskalasiya niyyəti yoxdur. Sadəcə, yerləşdiyimiz coğrafiya, xarici təhdidlərin hər zaman aktuallığı, Ermənistanla sülh sənədinin olmaması ordumuzun müasir silahlarla təchiz olunmasını zəruri edir. İstənilən ordu - döyüşən və ya döyüşməyən olsun - bu gün öz hərbi imkanlarını artırır, inkişaf etdirir, daha müasir texnikalara sahiblənir. Azərbaycan da bu prosesdən geri qalmır və Mızrak dronlarının ilk xarici alıcısı olmağımız da vacib nüansdır. Bu, həm də Türkiyə ilə müttəfiqliyin səviyyəsini nümayiş etdirir".

Hərbi analitik MIZRAK dronlarının keyfiyyətlərinə də toxunub: "Qeyd edim ki, eniş qurğusu və ya raket dəstəkli qalxma (RATO) sistemi vasitəsilə qısa məsafədən havaya qalxa bilir. Modul bölməsində hər biri 20 kq olmaqla iki döyüş başlığı (cəmi 40 kq) və ya passiv radiotezlikli (RF) özütuşlanan başlıqla birlikdə 20 kq kütləyə malik tək döyüş başlığı yerləşdirilə bilər. Bundan əlavə, 1000 kilometrdən çox operativ mənzilə, 7 saatdan artıq havada qalma müddətinə və 40 kiloqrama qədər döyüş başlığı daşıma gücünə malikdir. Eyni zamanda, orta hündürlükdə yüksək vuruş dəqiqliyi və strateji üstünlükləri ilə seçilən yüksək keyfiyyətli və yeni nəsil hərbi texnologiyadır. Standart uçuş-eniş zolağından qalxa bildiyi kimi, xüsusi raket mühərriki dəstəyi (RATO) vasitəsilə çətin relyeflərdən və hazırlıqsız sahələrdən də havaya buraxıla bilir. Bu, onu mürəkkəb buraxılış infrastrukturundan asılı olan köhnə sistemlərdən (məsələn, İsrail istehsalı "Harop") daha üstün edir".
Emil Salamoğlu
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ