İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dövlət idarəçiliyində İNQİLABİ TƏKLİF

​Azərbaycanda vətəndaşların dövlət qurumlarına müraciət etməsi mexanizmlərinin təkmilləşdirilməsi, bürokratik engəllərin aradan qaldırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində vacib addım atılıb. Bakıda “Konstitusiya” Araşdırmalar Fondunun təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş müraciətlərinə baxılması: Azərbaycan təcrübəsinin inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda geniş tərkibli konfrans keçirilib.

Musavat.com xəbər verir ki, ​“İBİS” mehmanxanasında baş tutan tədbir “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanan yekun Tədqiqat Hesabatının təqdimatına həsr olunub.

Konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Milli Məclisin, Ombudsman Aparatının, ​“ASAN xidmət”in, nazirliklərin, rayon icra hakimiyyətlərinin, eləcə də vətəndaş cəmiyyəti institutları və medianın məsul nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Konstitusiya” Araşdırmalar Fondunun və layihənin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, vətəndaş müraciətləri idarəçiliyin səmərəliliyi və ictimai etimadın gücləndirilməsində əsas göstəricilərdən biridir:

“Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Qanun bu hüquqların reallaşmasında təməl rol oynayır. Lakin sürətli rəqəmsallaşma və süni intellektin həyatımıza daxil olması idarəetmə sistemində yeni çağırışlar yaradır. Əsas məqsədimiz institusional sistemi beynəlxalq standartlara uyğunlaşdırmaqdır”.

​Ə. Nuriyev qeyd edib ki, monitorinq zamanı 49 dövlət qurumuna 19 spesifik sualdan ibarət sorğu göndərilib.

Rəsmi cavablara əsasən, 2025-ci il ərzində ümumilikdə 1,289,912 vətəndaş müraciəti qeydə alınıb. Tədqiqatın dərinləşdirilməsi üçün 18 dövlət təsisatını təmsil edən 33 məsul əməkdaş cəlb olunub, fokus-qrup müzakirələri və dərinləşdirilmiş müsahibələr keçirilib.

​Layihənin eksperti Zaur İbrahimli tədqiqat hesabatının əsas tapıntılarını və beynəlxalq təcrübədən gətirilən nümunələri təqdim edib.

Təhlillər zamanı Türkiyənin CİMER, Qazaxıstanın e-Otinish, Gürcüstan və Litva modelləri müqayisə olunub.

​Ekspertin təqdim etdiyi diqqətçəkən islahat təklifləri aşağıdakılardır:

- ​Vahid Rəqəmsal Hovuz: Müraciətlərin ilkin mərhələdə süni intellekt və semantik analiz vasitəsilə avtomatik düzgün adresə yönləndirilməsi.

- Məşhur Messencerlərin İnteqrasiyası: Gündəlik həyatda kütləvi istifadə olunan rəqəmsal tətbiqlərin (məsələn, “WhatsApp”) qanunvericilikdə rəsmi kargüzarlıq aləti kimi tanınması.

- ​Ştat Tənzimlənməsi: Regionlardakı yerli icra hakimiyyətlərində iş yükünə uyğun olaraq kadr potensialının yenidən bölüşdürülməsi.

- Sosial Yanaşma: Həssas əhali qrupları üçün fərqli və güzəştli qəbul saatlarının müəyyənləşdirilməsi.

- Aşkar Şəffaflıq: Təkrar müraciətlərin tənzimlənməsi, məsuliyyətsizliyə görə inzibati tənbehlərin gücləndirilməsi və illik hesabatların açıqlanmasının icbari edilməsi.

​Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndəsi Təbriz Abdulmənəfov çıxış edərək nazirlikdə tətbiq olunan avtomatlaşdırılmış dərkənar mexanizmləri, elektron xidmətlər və vətəndaş müraciətlərinin idarə olunmasında süni intellektin rolundan bəhs edib.

​Tədqiqatın nəticələrinə münasibət bildirən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev müraciətlərin sayının ildən-ilə artmasının idarəetmədə yeni yanaşma tələb etdiyini vurğulayıb:

​“Müraciətlərin artması göstərir ki, daha genişmiqyaslı islahatlara ehtiyac var. Səlahiyyət bölgüsünə yenidən baxılmalı, idarəetmə islahatları dərinləşdirilməlidir. Əsas prinsip reaktiv deyil, preventiv (qabaqlayıcı) yanaşma olmalıdır. Müraciətlər təhlil olunmalı və problemlər yaranmadan həll edilməlidir”.

​Çıxışlardan sonra dövlət qurumları və QHT nümayəndələri arasında açıq diskussiya keçirilib, müraciət portallarının inteqrasiyası və təkrar müraciətlərin azaldılması yolları müzakirə olunub.

Tədbirin sonunda Əliməmməd Nuriyev bildirib ki, konfransda səslənən bütün təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət orqanlarına təqdim ediləcək. Həmçinin, Tədqiqat Hesabatının ilkin variantı “Konstitusiya” Araşdırmalar Fondunun rəsmi saytında yerləşdirilib və ictimaiyyət üçün rəy və təkliflərə açıqdır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR