İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Kiyevlə bağlı qərarı nə olacaq?

 

Xarici İşlər Nazirliyi vəziyyəti şərh etmir, Ukrayna paytaxtındakı səfirliyimizin isə açıqlama vermək səlahiyyəti yoxdur

Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinə rəsmi xəbərdarlıq edərək diplomatik missiyaların işini davam etdirməsinin ciddi təhlükə daşıdığını bəyan ediblər.

Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlama verərək diplomatik nümayəndəliklərin Kiyevdə qalıb-qalmamaq barədə qərarı sərbəst şəkildə, öz məsuliyyətləri altında verməli olduqlarını bildirib. Kremlin sözçüsü vurğulayıb ki, xarici ölkələrin bu barədə qəbul edəcəyi hər hansı qərardan asılı olmayaraq, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində müəyyən olunmuş hərbi tapşırıqları və zərbələri icra etməkdə davam edəcək.

“The Guardian” xəbər verir  ki, bir sıra Qərb dövlətləri diplomatik nümayəndəliklərin  Polşanın şərq bölgələrinə köçürülməsini müzakirə edir. “The Guardian”ın məlumatına görə, Qərb diplomatları arasında vəziyyətin sürətlə pisləşdiyi barədə narahatlıq var. Bununla belə, səfirliklərin açıq şəkildə Kiyevdən çıxarılması siyasi baxımdan da həssas məsələ hesab olunur. Çünki belə addım Qərbin Ukraynaya dəstəyinin zəiflədiyi görüntüsünü yarada bilər. Məsələ təkcə diplomatik fəaliyyətin davam etdirilməsi ilə bağlı deyil. Səfirliklərin yerləşdiyi ərazilər təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyi də müharibənin başladığı ilk gündən etibarən mürəkkəb təhlükəsizlik şəraitində fəaliyyət göstərir. Xatırladaq  ki, Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə 1992-ci ildən fəaliyyət göstərir. 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində döyüşlərin Kiyevə yaxınlaşması səbəbindən Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini müvəqqəti olaraq Lvova köçürmüşdü. Təhlükəsizlik vəziyyəti sabitləşdikdən sonra diplomatik nümayəndəlik yenidən Kiyevə qayıdıb.

Azərbaycanın Kiyevdəki səfirliyi müharibə dövründə daha bir ciddi təhlükə ilə üzləşib. 2022-ci ilin oktyabrında Kiyevə raket zərbələri endirilən zaman Azərbaycanın diplomatik nümayəndəliyinin yerləşdiyi ərazi də təhlükə zonasında olub. Həmin hücumlar zamanı bir sıra diplomatik missiyaların binalarının yaxınlığına zərbələr endirilib və diplomatik korpus üçün ciddi risk yaranıb.

Hazırda Azərbaycanın Kiyevdəki səfirliyinin Lvova və ya başqa əraziyə köçürülməsi barədə hər hansı rəsmi qərar yoxdur. Maraqlıdır, belə həssas dönəmdə səfirliyimiz Kiyevdə qalacaq, yoxsa daha təhlükəsiz ünvana köçürüləcək?

Azərbaycan Xarici İşlər Nazirliyinə bununla bağlı sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, məsələni şərh etmirlər. Kiyevdəki səfirliyimizin də bu barədə açıqlama vermək səlahiyyətinin olmadığı bildirildi.

Ukraynadakı diasporumuzun fəalı, iş adamı Yalçın Qəhrəmanoğlu “Yeni Müsavat”a bunları söylədi: “Bildiyiniz kimi, Rusiya son iki ildə dördüncü dəfədir Peskov vasitəsilə Kiyev şəhərində yerləşən xarici diplomatik korpuslara "xəbərdarlıq" mesajı verir ki, “Kiyevi tərk edin!” Bu, özlüyündə hamıya aydındır ki, qorxu və vahimə yaratmaq məqsədi güdməklə yanaşı, bir siyasi gediş etmək məqsədi güdür. Yəni Kiyevdən xarici səfirlik və beynəlxalq təşkilatları qorxudaraq çıxardıb, Ukrayna cəmiyyətinə, ən əsası Kiyev sakinlərinə göstərmək istəyir ki, “siz tək qaldınız, sizi qoyub qaçdılar”. Ancaq bu, ucuz və cılız təhdid-strategiya bu günə kimi işləməyib. Xatırladım ki, 3 dəfə belə çağırışa Kiyev şəhərində yerləşən heç bir diplomatik korpus reaksiya verməyərək, əksinə, “Kiyevdəyik, Ukrayna xalqının yanındayıq” mesajını vermişdi, növbəti belə çağırışa elə ABŞ dövlət katibi Marko Rubio çox tutarlı cavab verib. O, bu barədə suala cavabında deyib ki, bizim Kiyevdə səfirliyimizin qalması və ya çıxmasına Rusiya yox, özümüz qərar veririk".

Y.Qəhrəmanoğlu xatırlatdı ki, paytaxtda  müharibə dövründə ən çox zərərçəkən Azərbaycan səfirliyidir: “Düz 5 dəfə səfirliyin bilavasitə ətrafına, hətta  bir dəfə ərazisinə raket və dron atılıb. Nəticədə səfirlik ciddi zərər görüb. Ancaq səfirlik yenə Kiyev şəhərindən çıxmayıb və öz fəaliyyətini davam etdirir. Peskovun növbəti çağırışına da fərqli reaksiya veriləcəyini düşünmürəm, çünki Azərbaycan dövləti Ukrayna xalqının və dövlətinin yanındadır. Necə deyərlər "it hürər, karvan keçər!"

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Qərb ölkələrinin səfirlikləri təhlükə qarşısında diplomatik korpusunu  Polşa ilə sərhəd bölgəsindəki şəhərlərə köçürərsə, Azərbaycan da eyni addım atmalı olacaq: “Ancaq indidən bu addımın atılması Rusiyanın maraqlarına xidmət edər. Belə təsəvvür yaranar ki, Azərbaycan Rusiyanın hədələri qarşısında səfirliyi köçürmək qərarına gəlib. Onsuz da Rusiya dəfələrlə Azərbaycanın Kiyevdəki səfirliyi ətrafına raketlər atıb və bu zaman səfirliyimiz fəaliyyətini dayandırmadı. Digər tərəfdən, müxtəlif ölkələrin səfirlikləri Ukraynanın Qərbinə köçürülsə belə, Rusiya həmin məkanlara da zərbə endirməyə çalışa bilər. Ona görə də tələsik qərar verməyə ehtiyac yoxdur”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR