İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cəbrayıla yol çəkmək istəyən" Paşinyan, niyə susursan?!..

Cəbrayıl rayonunun Dağmaşanlı kəndi 2020-ci ilin 4 oktyabrında Ermənistan ordusunun işğalından azad edilib. Üstündən 6 il keçəndən sonra, cari ilin 8 oktyabrında bu kəndin ərazisində ardıcıl iki mina partlayışı baş verdi.

Oktyabrın 8-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində minaya düşən ata-oğul şəhid ailəsidir. 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov kənd ərazisində mal-qara otararkən piyada əleyhinə minaya düşüb və ağır xəsarətlər alıb. Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılan Orxan Qəhrəmanova sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.

xwtGviBucKcA4KYOvKRqM6eFNs63pUO5oOrlVt88_1200.jpg (110 KB)

Bir az sonra elə həmin ərazidə Orxanının atası, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov piyada əleyhinə mina partlayışının qurbanı olub. Partlayış zamanı ata bir ayağını itirib. Məlumata görə, Əşrəf Qəhrəmanov oğlunun partlayış ərazisinə qopub düşmüş sağ qolunu götürməyə gedərkən minaya düşüb.

Baş verən hadisələr dəhşət saçır: bir gündə eyni ailənin iki başıpapaqlısı, zəhmət-zillətlə ailəyə çörək gətirən kişiləri erməni terrorunun qurbanına çevrilir! Amma daha bir dəhşətli fakt var: Qəhrəmanovlar ailəsinin böyük oğlu - 1994-cü il təvəllüdlü Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətindəki Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə - Aprel döyüşlərində - qəhrəmancasına şəhid olub. Ölümündən sonra R.Qəhrəmanov “İgidliyə görə” medalı ilə təltif edilib. Mətbuatda yayılan məlumata görə, şəhid Ruhin Qəhrəmanov Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE), kiçik çavuşu olub.

ruhin.jpg (129 KB)

Ruhin Qəhrəmanovun ortancıl qardaşı - Qəhrəman Qəhrəmanov da Aprel döyüşləri zamanı onunla birgə iştirak edib. Başqa bir fakt: şəhidin atası - minaya düşərək ayağını itirən Əşrəf Qəhrəmanovun özü də Birinci Qarabağ müharibəsinin qazisidir.

Görün Ermənistan hələ “sülh şəraitində” Azərbaycana, onun vətəndaşlarına nə qədər ağır zərbələr vurur gizli mina terroru ilə. Faktiki olaraq müharibə davam edir, səsi minalar partlayanda eşidilir!

Nikol Paşinyan isə neçə ildir Azərbaycanla Ermənistan arasında müharibənin olmadığını, əsgərlərin ölmədiyini bildirir. Yalan deyir, gözlərinin içinədək! Ermənistan müharibəni davam etdirir - Azərbaycan ərazilərində! Baxmayaraq ki, qəhrəman ordumuz düşməni it kimi qovub suveren ərazilərimizdən, amma terrorçu ordunun basdırdığı minalar can almaqda davam edir. Bu terrorun müəllifi Ermənistan, onun indiki rəhbərliyidir! Bütün bunlara görə Paşinyan şəxsən məsuliyyət daşıyır!

Azərbaycan Ermənistana bu qədər yaxşılıqlar edir, yanacaq göndərir, taxıl yolunu açıq elan edib, hələ elektrik, qaz müzakirələri aparılır. Əvəzində Ermənistan nə edir? Minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlıq etmir, müharibəni davam etdirir, vətəndaşlarımız həlak olur, sağlamlıqlarını itirir! Bu, necə sülhdür, bəlkə “real Ermənistan” quran Paşinyan desin!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan ata-oğul Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hadisə barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

1791462909725-7idz1pgq5z.jpg (200 KB)

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bu barədə paylaşım edilib.

“Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb”, - açıqlamada deyilir.

XİN SON.jpg (111 KB)

“Bu dəhşətli hadisə minaların günahsız insanların həyatına son qoymaqda və ağır xəsarətlər yetirməkdə davam edən ölümcül və ayrı-seçkilik qoymayan təhlükəsini bir daha nümayiş etdirir. Azərbaycan minaların yaratdığı davamlı təhlükəni kəskin şəkildə pisləyir və beynəlxalq ictimaiyyəti Azərbaycandakı minadan təmizləmə fəaliyyətinə daha böyük diqqət ayırmağa çağırır”, - daha sonra XİN bəyan edib.

Rəsmi Bakının erməni faşizminin terroru barədə növbəti etirazı və çağırışı. Amma reaksiya varmı? Yoxdur! Əvəzində nə görürük? Nikol Paşinyan “qəhrəmanlığa” görə medalla təltif edilən erməni gözəlçənin “tor”una düşən Azərbaycan əsgəri Nəsimi Musayevin taleyi ilə oynamağa, onun saxlanmasından hansısa məqsədlər üçün istifadə etməyə çalışır, ABŞ konqresmenləri, Avropa Parlamenti Bakıda cəza çəkən erməni canilərini azad etmək üçün yenidən hərəkətə keçiblər, Ermənistandakı revanşistlər də həmişəki qiyafələrində…

Beynəlxalq aləmin Azərbaycanın 400-dən artıq mina qurbanına reaksiyasızlığı təəccüblü deyil. Bunların sifətini 30 ildən çox müddətdə gördük. Ermənistan saxta mina xəritələrini təqdim edəndə də bu ölkəyə təpinən olmadı. Budur, Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağa daşınan Ermənistan istehsalı olan minalar partlayır, yenə də kar və kor qalıblar bu cinayətlərə!

Nikol Paşinyan mina terroruna görə cavab verməli, həm də mina terrorunu təşkil edən canilərin Bakıya təhvil verilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq etməlidir! Kimsəni nağıllarla aldada bilməz, bu, sülh prosesi deyil, elan olunmayan müharibədir!

6f767c41adfeebead4eb86e3f6849ef7.jpg (114 KB)

Bıçaqlanmış əsgərimiz Nəsimi Musayev barədə hətta parlament müzakirələri təşkil edən Ermənistan rəsmiləri Cəbrayıldakı mina cinayətlərinə görə bir kəlmə belə demirlər. Deməli, mina terrorundan məmnundurlar… Bunların təkcə bir ailəyə - Qəhrəmanovlara vurduğu zərbələrin sayı dəhşət saçır…

Mahiyyət dəyişməyib: Nikol Paşinyan nə qədər sülhdən danışır-danışsın, unutmamışıq, “Cəbrayıla yol çəkmək istəyirdi”. Arzusu qursağında qaldı! Budur, Cəbrayılda partlayan minalara susur…Məmnundur ona görə…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR