Onlayn ictimai-siyasi qəzet
Yazını bir anekdotla başlayaq, sayın oxucularımızın günü şad-xürrəm keçsin, inşallah.
Bir nəfər günahkar zənən xeylağı – qədim peşə nümayəndəsi ölür, düşür cəhənnəmə, bunu təbii ki, basırlar qır qazanına, başlayır orda qaynamağa. Mələyin biri də lapatka ilə qazanı qarışdırırmış. Ki, altda-üstdə hamısı bərabər səviyyədə yansınlar. Nəsə, zənən baxır vəziyyət xarabdır, fikirləşir mələyin könlünü alım. Deyir: “Vallah, mən pis yola özbaşıma düşməmişdim. İqtisadi vəziyyət acınacaqlı idi, uşaqlarım ac idi” və sairə. Mələyin ürəyi yanır, bunu çıxarır qazandan, qoyur qırağa. Qazandakı digər günahkar zənənlər fürsətdən istifadə edirlər, hərəsi bir rəvayət uydurur, mələk də bunları bir-bir çıxarır qoyur qırağa. Əlbəttə, zənənləri dinləyərkən mələk qazanı qarışdırmağa bir-iki dəqiqə ara verməli olur. Nəhayət, qazanın aşağısından bir nəfər kişi dözmür, boğazını uzadıb qışqırır: “Ay qardaş, başın qarışıb fahişələrə, qazanın dibi yanır!”
Sözümün canı odur ki, gərək heç vaxt qazanın dibini yanmağa qoymayasan. Məsələn, bugünlərdə Ali Məhkəmə olduqca unikal bir proses barədə yekun qərar verdi, göyçaylı manısı 10 illiyinə damladılar, çıxdı getdi.
Həmin manıs qrup halında cinayətkar dəstənin üzvü idi və adına... 299 şirkət açılmışdı! Bu uydurma şirkətlər vasitəsiylə 5 milyon manatdan çox pulu Azərbaycandan xaricə çıxarmışdılar. Həmin çirkli pulların yuyulması əməliyyatından hörmətli musiqiçi yoldaşın qazancı nə qədər olub? Cüzi miqdarda. Tutalım, hər milyon köçəndə 200-300 manat da buna veriblər.
Oyuncaq fiqur imiş. Qalan vaxtlar toylarda çalıb-oxuyur, kasıbçılığını edirmiş. Elə bu cinayət fəaliyyətinə də onu toya çağıran pullu yoldaşlardan biri qoşubmuş: “Şirkətlərin üstündə yalnız imzan, adın olacaq, hərdən köçürmə faizini verəcəyik, qalanı sənlik deyil” tipli şirnikləndirmə yolu ilə. Vaxtaşırı bizdə belə “şirkət direktorları” tapılır. Məsələn, yadıma gəlir, bir dəfə Bakıdakı hansısa poladəritmə zavodunun yiyəsi lerikli çoban çıxmışdı.
Çirkli pulların qazanılma üsulu da ölkəmiz baxımından klassikadır. Dövlət şirkəti nəsə almaq üçün guya tender keçirir, manısın “şirkətləri” tenderdə qalib gəlirmiş. Pullar dövlət büdcəsindən ora axır, ordan da xaricə. Vəssalam, şüttəmam. Ye, iç, kef elə. Bir türk ata sözündə deyilən kimi, dövlətin malı dənizdir, onu yeməyən donuzdur.
Bəs işin, yenə türkün sözü, ilginc tərəfi nədir? Həmin fırıldağı düzüb-qoşanların azadlıqda qalmağı! Bəli. Təəccüblənməyin. Özü də heç bir qanunsuz hal yoxdur, onlar korrupsiya yolu ilə əldə edilən vəsaiti qaytarıblar, üstəlik, belə hallarda nəzərdə tutulan, dövlətə dəyən ziyanın 25-50 faizə qədərini də dövlət büdcəsinə köçürüblər, olublar pak, ağappaq, gül kimi. Yeganə quyruğu əldə qalan manısdır. Bizdə tarixən belə olub axı. Toyda dava düşəndə gitaristlə zurnaçalanı bıçaqlayırdılar adətən.
İşin rəngarəng və möhtəşəm detalını axıra saxlamışam, buyurun, oxuyun, bu çirkli pullar əməliyyatında iştirak edənlərin əhatə dairəsi heyrətamizdir əslində, orda kimlər yoxdur: “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru, “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru, Xızı rayon Şorabad bələdiyyəsinin sədri, “Dəmiryolservis” MMC-nin sabiq direktoru, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi və... Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi!
Çox korrupsiya görmüşdüm, belə koloritlisi yadıma gəlmir. Dəmiryolçudan gəmisürənə, doxturdan mantyora, bələdiyyədən balerinaya qədər. Yazıq manısa şirkət açanlar içində bircə köşə yazarı çatışmır, deyəsən...
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ