İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla İranın arasını kimlər vurur - Əliyevin o mesajı...

ABŞ vitse-prezidenti Ceyms Di Vens sentyabrın 3-də Ağ Evdəki brifinqdə deyib ki, Türkiyə, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtona İranın ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab vermək məsələsində qeyri-rəsmi dəstək göstərirlər.

Ceyms Devid Vens: ABŞ-ın müttəfiqləri təhlükəsizliklərini təmin etmək üçün  özləri məsuliyyət daşıyacaqlar

Vens bu dəstəyin konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Vens Azərbaycanın konkret olaraq nə etdiyini deməyib. O, Azərbaycanı Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə sadalayaraq, dünyanın müxtəlif ölkələrinin ABŞ-a “İranın kommersiya gəmiçiliyinə atəş açmasına görə cəza ödəməsini təmin etməkdə” özəl şəkildə kömək etdiyini söyləyib.

Qeyd edək ki, Bişkek sammitində Azərbaycan və İran prezidentlərinin səmimi söhbəti dünya gündəmində diqqətlə qarşılanmışdı. Son aylar Bakı ilə Tehran arasında münasibətlərdə normallaşma müşahidə olunur.
Baxmayaraq ki, SEPAH və ona bağlı media resursları böhtanlar atır, ittihamlar səsləndirir, hökumətlər arasında əlaqələr inkişafdadır. Belə vəziyyətdə Vensin əsası olmayan açıqlamasını əldə bayraq edərək Azərbaycana qarşı yeni hibrid həmlələr başlanıb. Xüsusən erməni teleqram kanalları canfəşanlıq edir.

Yada salaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də öz təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib. Bu barədə məlumatı öz etibarlı mənbələrinə istinadən “AnewZ” yaymışdı. ABŞ prezidentinin hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə, İranın təslim olmaq ehtimalına dair sualına cavabında prezident İlham Əliyev belə bir ssenarini mümkün hesab etmədiyini bildirib. İlham Əliyev vurğulayıb ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdır.

O zaman, Bakı ilə Tehranın arasını vurmaq hansı güc mərkəzlərinin marağındadır? Vens yaxşı bilir ki, Azərbaycan İrana qarşı addımlarda iştirak etmir, o zaman bu ittihamı niyə irəli sürüb?

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında söyləyib ki, ABŞ rəsmisinin CNN kanalının bir neçə ay öncə Azərbaycandan guya İrana qarşı istifadə olunduğu haqda yaydığı təxribat xarakterli informasiyasından mahiyyətcə elə də çox fərqlənməyən bu açıqlaması, iki reallığı özündə əks etdirir: “Birinci reallıq budur ki, görünür, Azərbaycanın elə məhz bunu etməsi arzulanır və nəinki arzulanır, həm də müxtəlif kanallarla təkidli şəkildə istənilib də. İkinci reallıq isə odur ki, o istəklər qətiyyətlə rədd olunub. Rədd olunduğu üçün də öncə Azərbaycanın artıq məhkəməyə verdiyi CNN-i oyuna qoşublar. Bununla da, ola bilsin ki, “bir güllə ilə iki dovşan vurmağa” çalışıblar. Yəni prezident Trampın nifrətlə yanaşdığını gizlətmədiyi və saxtakarlıqda ittiham etdiyi bu kanalın doğrudan da elə deyildiyi kimi, olduğunu göstərmək istəyiblər ki, bu da təsdiqləndi. Amma əsas məqsəd İranda, yumşaq desək, Azərbaycanı gözü götürməyən çevrələrin bu informasiya təxribatına ağılsızcasına reaksiya verəcəkləri, beləliklə də daha bir ölkənin savaşa cəlb ediləcəyi idisə, burada məqsədlərinə çatmadılar. Həm də ona görə ki, sözügedən çevrələr yalan olduğunu çox yaxşı bildikləri bu informasiyaya arzulanan reaksiya vermələrinin özləri üçün də fəlakətlə nəticələnəcəyini anlamamış deyildilər”.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Aliyevin fikrincə, görünür CNN-nin təxribat arzulanan nəticəni vermədiyindən indi də belə bir addım atılıb: “Amma bütün dünya bilir ki, ABŞ-də hətta ən yüksək səviyyədə belə reallıqdan uzaq, ziddiyyətli bəyanatların səsləndirilməsi adi hal alıb. Ona görə də Azərbaycanla İranı üz-üzə gətirmək üçün edilən növbəti cəhd də uğursuzluğa düçar oldu”.

Milli Məclisin üzvü digər vacib məqamlara da diqqət çəkib: “Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında dünənki telefon danışığı elə məhz bunun təsdiqi idi. Həmin telefon danışığında diqqət mərkəzində dayanan əsas məsələnin məhz Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək “Araz dəhlizi” layihəsi çərçivəsində dəmir yolu tikintisinin olmasının nə anlam daşıdığının isə Vaşinqtonda da, Pekində də çox yaxşı fərqindədirlər. Azərbaycan bununla növbəti dəfə xatırladır ki, o, ancaq öz milli maraqlarından çıxış edir. Milyardlarla vəsait nəqliyyat infrastrukturuna ona görə yönəldilməyib ki, kimlərsə burada monopoliya yaratsınlar. Əgər Çin bəlli səbəbdən öz mallarını Zəngəzur dəhlizi üzərindən dünya bazarına çıxarmaq istəməsə, Gürcüstan marşrutu ilə yanaşı, İrandan keçəcək Araz dəhlizi də var”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR