Onlayn ictimai-siyasi qəzet
Bu həftə Azərbaycan diplomatik korpusunda rotasiya və yeni təyinatlarla yadda qaldı. Belə ki, bir neçə ölkədə səfirlərimizin yerdəyişməsi edildi. Xüsusən də diqqət çəkən nüans türk dövlətlərində elçilərin təyin olunması idi.
Qeyd edək ki, Türkiyə, Özbəkistan, Qazaxıstan səfirləri rotasiya qaydası ilə dəyişdi. Həmçinin, Tacikistana da yeni səfir təyin olundu.
Bakının diplomatik korpusu yeniləməsi nə ilə bağlı ola bilər? Bunu Türk Dövlətlər Təşkilatının fəaliyyəti ilə əlaqələndirmək mümkündürmü?
Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a dedi ki, son vaxtlar diplomatik korpusda həyata keçirilən kadr yerdəyişmələri Bakının xarici siyasətdə tamamilə yeni taktikalara keçdiyini göstərir: "Azərbaycan diplomatların bir ölkədə uzun illər qalması praktikasından imtina edərək "çevik rotasiya" modelini tətbiq edir. Bu yanaşmanın ana xətti təcrübəli kadrları dövlət üçün strateji əhəmiyyət kəsb edən nöqtələrə səfərbər etməkdir. Türkiyədəki səfirin Özbəkistana, Tacikistandakı səfirin isə Qazaxıstana təyin olunması bu strategiyanın bariz göstəricisidir. Görünən odur ki, Bakı Mərkəzi Asiya və Türk dünyası istiqamətindəki münasibətləri daha dərin institusional bazaya oturtmaq niyyətindədir. Diqqətəlayiq məqam odur ki, bu yenilənmə yalnız paytaxtlarla məhdudlaşmır. İstanbul və Qars kimi strateji şəhərlərdəki baş konsulluqlarda aparılan kadr dəyişiklikləri Türkiyə ilə əlaqələrin regional müstəvidə də şaxələndirildiyini nümayiş etdirir. Bu addım birbaşa ticarət, nəqliyyat və humanitar əməkdaşlığın dinamikasına təsir göstərir. Türkiyə kimi vacib bir ölkədə diplomatik məktəb keçmiş şəxsin Özbəkistana göndərilməsi isə xüsusilə "Orta Dəhliz" layihəsi çərçivəsində Türk dövlətlərinin vahid güc kimi çıxış etməsinə hesablanıb.
Beləliklə, Azərbaycan "Türk Dünyası" ideyasını sadəcə xoş məramlı bəyanat kimi deyil, real diplomatik və praktiki mexanizmlərlə işləyən infrastruktura çevirir. Dövlət başçısının son çıxışlarında xüsusi qabartdığı mövzulara, yəni investisiya, iqtisadi tərəfdaşlıq və turizmə nəzər salsaq, diplomatik korpusun qarşısında qoyulan əsas tələbin iqtisadi diplomatiyanı canlandırmaq olduğu aydın görünür. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə Azərbaycan çoxvektorlu xarici siyasətini qorumaq, enerji və loqistika layihələri üzrə müttəfiq şəbəkəsini genişləndirmək məcburiyyətindədir. Bir sözlə, şahidi olduğumuz bu kadr rotasiyaları təsadüfi addımlar deyil, ölkənin regional və qlobal mövqelərini möhkəmləndirməyə hesablanmış dəqiq, sistemli və uzunmüddətli strategiyanın tərkib hissəsidir".
Cavanşir Abbaslı
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ